Təcavüzkar Ermənistanın silahlandırılması beynəlxalq ictimaiyyətin qınağı ilə qarşılanmalıdır
Regionda baş verən siyasi proseslər fonunda Rusiyanın təcavüzkar ölkə olan Ermənistanda silahlı birləşmələrinin sayını artırması bölgə üçün təhlükə mənbəyi kimi qiymətləndirilir. Bundan əlavə, Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri, təhlükəsizlik şurasına üzv olan dövlət və hökumət nümayəndələrinin burada görüşələr keçirilməsi son günlər geniş müzakirə mövzusuna çevrilib. Bizimlə həmsöhbət olan politoloq Qabil Hüseynli də, bölgədə cərəyan edən münasibətlər fonunda yaranmış situasiyanı dəyərləndirdi.
- Qabil bəy, Rusiyanın təcavüzkar Ermənistanla 49 illik müddətinə imzalanan hərbi əməkdaşlıqla bağlı müqavilə region üçün nə vəd edir?
- Güman olunur ki, Rusiyanın bu addımından sonra regionda münasibətlər emosional bir hədd səviyyəsinə yüksələcək. Onu da əlavə edim ki, ATƏT-in xətti ilə Avropada adi silahlar və silahlı qüvvələrin saxlanılmasına dair Cənubi Qafqaza aid olan cinah sazişi mövcuddur. Məhz bu sazişlə üç respublikanın - Gürcüstan, Azərbaycan və Ermənistanın silah kvotaları müəyyənləşdirilir. Amma bu sazişin prinsiplərinə əməl etməyən Ermənistan məlum silah kvotasını çoxdan pozub. Digər tərəfdən isə, əgər Rusiya tərəfi Ermənistanda olan hərbi bazaları genişləndirmək fikrindədirsə, eyni zamanda, hər baza yeni silahlarla təmin ediləcəksə, bu silah kvotasına dair cinah sazişi bir neçə dəfə pozulmuş olacaq. Bütün bunlar isə məsələnin hüquqi-siyasi tərəfidir. Amma burada digər başlıca məqam ondan ibarətdir ki, Rusiya bu cür addımları ilə bölgəni hədsiz dərəcədə millitaristləşdirir və beləliklə də, xalqları bir-biri ilə üz-üzə qoymuş olur. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Rusiya tərəfi Abxaziyada özünün S-300 raket komplekslərini yerləşdirib. Bundan əlavə, Dağlıq Qarabağda da S-300 raket komplekslərinin olması barəsində məlumatlar dolaşmaqdadır.
Qeyd edək ki, Rusiya tərəfindən Ermənistan ərazisində olan iki hərbi bazadan sonra daha bir hərbi bazanın İcevan ətrafında açılması da nəzərdə tutulur. Beləliklə, bu, onu göstərir ki, Rusiya bölgədə bir vasitəçi dövlət kimi təcavüzkar tərəf olan Ermənistanı silahlandırır. Təcavüzə məruz qalan olan ölkəni isə bu cür imkanlardan faktiki olaraq məhrum edir. Belə olan tərzdə, Rusiya Minsk Qrupunun həmsədlərindən biri kimi bu postda olmağa mənəvi haqqını itirir. Çünki o, əgər bölgəni sürətlə silahlandırırsa, bölgədə işğalçı tərəfin üstün imtiyazlarını təmin edirsə, bu, faktiki olaraq, regionda qüvvələr balansını pozmaq və təcavüzkarı üstün vəziyyətə gətirmək deməkdir. Bu səbəbdən də, Ermənistan tərəfi danışıqlar stolu ətrafında qətiyyən konkstruktivlik nümayiş etdirmir.
- Ümumiyyətlə, Rusiyanın Ermənistana dəstəyi İrana, Gürcüstana, Türkiyəyə və Azərbaycana təsir etmək siyasətinin tərkib hissəsi kimi xarakterizə edilir?
- Rusiyanın bu addımı, sözsüz ki, Gürcüstanın, İranın, Türkiyənin və Azərbaycanın əleyhinə yönəlib. Amma Cənubi Qafqazda qüvvələr balansının Rusiyanın və onun faktik əlaltısı olan Ermənistanın xeyirinə dəyişdirilməsi, regionla yanaşı, NATO-nun da əleyhinədir. Yəni ABŞ başda olmaqla NATO, Avropa Birliyinə üzv olan ölkələr başa düşməlidirlər ki, Rusiya bu bölgəni silahlandırmaqla, öz əhatə dairəsinə keçirməyə çalışır. Ona görə də, həmin dövlətlər bölgənin taleyi ilə bağlı Rusiya tərəfinə müqavimət göstərməli və Rusiyanı beynəlxalq hüquq normalarına, ilk növbədə, bu bölgə üçün ayrılmış olan silah kvotasına riayət etməyə çağırmalıdırlar.
- Rusiya tərəfindən Abxaziyada S -300 raket komplekslərinin yerləşdirilməsi hansı məqsədlərə xidmət edir?
- Abxaziyada yerləşdirilmiş S-300 raket kompleksləri Gürcüstana, eləcə də, NATO-ya, Türkiyəyə qarşı yönəlib. Çünki Gürcüstan tərəfi dəfələrlə bəyan edib ki, o, gec-tez özünün ərazi bütövlüyünü təmin edəcək. Onu da əlavə edim ki, Rusiya orada təkcə S-300 raket komplekslərini yerləşdirməyib, həmçinin, quru qoşunlarının hərbi bazasını yaradıb. Gözlənilir ki, Rusiya Cənubi Osetiyada da, eyni hərbi birləşmələri yaratmış olsun. Beləliklə də, Rusiya bölgəni tamamilə silah anbarına çevirmiş olur. Bir faktı da qeyd edim ki, Rusiyanın bu hərəkəti təkcə bölgə dövlətlərinə qarşı yönəlməyib. Bu, həmçinin, Qərb Dünyasına, NATO-ya qarşı da, olan güc nümayişi kimi qiymətləndirilə bilər.
- Rusiyanın bu dərəcədə Ermənistanı silah-sursatla təmin etməsi beynəlxalq təşkilatlar tərəfindən necə qarşılanacaq?
- Rusiya prezidenti Dmitri Medvedev avqustun 20-də Ermənistanda səfərdə oldu və orada qeyd etdiyimiz müqavilələr imzalandı. Eyni zamanda, kollektiv təhlükəsizlik şurasının iclasında da, Rusiya Ermənistanın təhlükəsizliyini öz üzərinə götürmüş oldu. Amma düşünmək olmaz ki, beynəlxalq ictimaiyyət bu cür məsələlərə seyrçi mövqedən yanaşsın. Hər bir halda isə, Rusiyanın bu cür hərəkətləri regionda tarazlığını pozulmasına gətirib çıxaran amillər kimi dəyərləndirilməlidir.
- Buna cavab olaraq Azərbaycanın da öz ərazisində hər hansı bir xarici ordu birləşmələrinin yerləşdirilməsinə razılıq verməsi nə dərəcədə real görünür?
- Azərbaycan özünün Hərbi Doktrinasını qəbul edərkən, burada istisna hallarda xarici hərbi bazaların yerləşdirilməsinin mümkün olduğu öz əksini tapıb. Ona görə də, biz öz ərazilərimizdə, misal olaraq, Naxçıvan bölgəsində Türkiyə hərbi bazalarını yerləşdirmək imkanına malikik. Çünki Qars müqaviləsinə görə, Naxçıvan bilavasitə Türkiyə tərəfindən qorunmalıdır. Bu baxımdan da, Rusiyanın bölgədə atmış olduğu addımlara ən yaxşı cavab NATO hərbi bazalarının əraziyə gətirilməsi olardı.