Mübariz Əhmədoğlu: "Ermənistanla sərhədlərin açılması Türkiyənin özünün maraqlarına və Türkiyə-Azərbaycan münasibətlərinə ziddir"
Dünən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu həyata keçirdiyi "Qarabağ saatı" layihəsi çərçivəsində növbəti dəyirmi masa keçirdi. M.Əhmədoğlu ilk öncə gündəmdə olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən son proseslərə və Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfərinin nəticələrinə toxundu.
M.Əhmədoğlu Ermənistanın konfliktlər yaratmağa meyilli və bundan pul qazanmağa çalışan bir ölkə olduğunu vurğulayaraq bildirdi ki, bu ölkə yeni dövlətlərlə də konfliktin yaranmasında maraqlıdır və buna görə də öz təhlükəsizliyini təmin etmək üçün Rusiya prezidentini Ermənistana dəvət edib. Rusiyanın Gümrüdəki hərbi bazanın Ermənistanda qalma müddətinin artırılması ilə işğalçı ölkənin müstəqilliyini tamamilə itirdiyini qeyd edən siyasi ekspert Ermənistanın siyasi, hüquqi və iqtisadi baxımdan Rusiyanın mülkiyyəti olduğunu söylədi: "Ermənistan üçün sərbəst qalan yalnız mədəniyyətdir. Eyni zamanda, ölkədə ikihakimiyyətliyin bünövrəsi qoyuldu. Ermənistanda kimin nə deməsindən asılı olmayaraq, hamı çalışacaq ki, Müdafiə Nazirliyinin sözünü də eşitsinlər. Rusiya həmişə çalışacaq ki, müdafiə naziri onun sözünü eşidən şəxs olsun. Cənubi Qafqaz faktiki olaraq iki respublikalı regiona çevrilmək ərəfəsindədir. Ermənistan isə Kalininqrad statusunu daşımağa başlayır. Böyük ehtimalla, demək olar ki, Rusiya özəlləşdirdiyi Ermənistanı nə vaxtsa Azərbaycana təklif edəcək. Rusiya da çalışacaq ki, mümkün qədər çox qazansın. Faciə burasındadır ki, bütün erməni ekspertləri də Rusiyanı söyür".
M.Əhmədoğlu Ermənistanın ABŞ-ın layihəsi üzrə qatı anti-İran dövlətə çevrildiyini vurğuladı. Ekspertin sözlərinə görə, ABŞ-ın ən müasir seysmik, radioaktiv ölçmə cihazlarını Ermənistanda yerləşdirdiyini diqqətə çatdırıb: "NATO-nun ən müasir kimyəvi laboratoriyasının da Ermənistanda yerləşdirilməsi üçün işlərin aparılır. Məqsəd İranın ərazisinə nəzarət etməkdir. Ermənistanda da, İranda da bilirlər ki, Ermənistan İrana hansı yüklərin keçdiyini ABŞ-a 4 aydır ki, xəbər verir. Bu günə qədər İranın hesabına yaşayan Ermənistan birdən-birə anti-İran mərkəzi oldu. İran bunu biləndə isə Ermənistanın təhlükəsizliyinin qorunması məsələsi ortaya çıxacaq. Bu təhlükəsizliyi isə Rusiya qoruyacaq. ABŞ-ın da, bu ölkədəki ermənilərin də məsələyə reaksiya verməməsi də bununla bağlıdır. Deməli, İrana qarşı yönələn ümumi bir siyasət aparılır".
M.Əhmədolunun sözlərinə görə, Rusiyanın Ermənistandakı hərbi bazanın müddətinin artırılmasının Dağlıq Qarabağla deyil, İranla bağlı olduğunun göstərən daha bir məqam D.Medvedevin səfəri zamanı Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Livana getməsidir: "Medvedevin Ermənistana ayağı dəyən kimi Saakyan Dağlıq Qarabağdan çıxdı. Onun hətta Ermənistanda da qalmasına icazə vermədilər. Nəzərə alaq ki, Livan ermənilərin ikinci mərkəzidir və rəsmi Yerevana müxalifdir, həm dini, həm də siyasi baxımdan. Saakyan Ermənistanın Dağlıq Qarabağ siyasətinə etirazını bildirmək üçün Livana getdi. Medvedevin səfərindən öncə Rusiyanın rəsmiləri Azərbaycanın könlünü almağa çalışdı".
SİTM rəhbəri D.Medvedev və Serj Sarkisyan arasında imzalanan bəyanatın da ermənilərin söykəndiyi Sankt-Peterburq təkliflərini heçə endirdiyini bildirdi: "Prezidentlərin imzaladığı bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllində effektdən, ədalətdən və yenilənmiş Madrid sənədində olan prinsiplərdən söhbət gedir. Orada Rusiyanın əlahiddə roluna işarə yoxdur".
Baş verən proseslərin də Türkiyənin Ermənistanı müdafiə etdiyi qənaəti yaratdığını deyən mərkəzin rəhbəri söhbətin yalnız NATO təlimləri zamanı sərhədlərin açılmasından getmədiyini vurğuladı: "Amerikanın sözü ilə Türkiyə də Ermənistanı müdafiə edir. Türkiyənin atacağı bu addım Türkiyənin özünün maraqlarına, Türkiyə-Azərbaycan münasibətlərinə daban-dabana ziddir. Bu, Türkiyə-Azərbaycan münasibətlərinə ciddi zərbə vuracaq. Qarabağ münaqişəsinin tənzimlənməsini xeyli yubadacaq".
M.Əhmədoğlu onu da bildirdi ki, sərhəd məsələsində Türkiyə və Azərbaycanın ortaq mövqeyi olmalıdır. Türkiyə bəyan etməlidir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın əlindədir. Yalnız bu bəyanat veriləndən sonra ortalıqda inam yarana bilər ki, Türkiyə heç bir şərt daxilində sərhədləri açmayacaq.