Son vaxtlar ailə - məişət müstəvisində baş verən kriminal hadisələr, qadın və uşaqlar arasında intihar hallarının artması müşahidə edilir. Məişət problemləri müstəvisində baş verən ailə dramlarının səbəbləri bir çox hallarda sosial-iqtisadi problemlər, insanlar arasında yaranmış fikir ayrılıqlarının emosional həddə çatması, ailədə qarşılıqlı anlaşmanın olmaması və digər bu kimi fikirlərlə izah olunur. Ailə-məişət müstəvisində baş verən hadisələrdən fərqli olaraq intihar halları daha çox insanların keçirdiyi psixoloji gərginliklər və depressiya ilə bağlıdır. Amma tək bu səbəblər üzündən deyil, müxtəlif səbəblər üzündən insanların həyatlarını itirməsi bir çox hallarda özü ilə insanlara ciddi problemlər də gətirir.
(Əvvəli ötən saylarımızda)
Azərbaycanda niyə qadın ekspertlər yoxdu?
Apardığımız araşdırmalar zamanı bu sahə ilə bağlı ortaya maraqlı nüanslar çıxdı. Məlum oldu ki, əslində, bu gün Məhkəmə-Tibbi Ekspertiza və Potoloji Anatomiya İnstitutunda çalışanların əksəriyyəti elə qadınlardı. Amma burada da etiraf edirlər ki, Tibb Universititetinə daxil olan heç bir xanım gələcək həkim karyerasını tibbi ekspert, bir qədər kobud formada desək, "işinin meyit yarmaqdan ibarət olması" kimi təsəvvür etmir. Hətta bunu heç arzulamır da. Təbii ki, bu da ortaya maraqlı suallar çıxarır. Çünki bəşər övladı sivilizasiyaya sahib olduqdan sonra qadınlar, demək olar ki, bütün sahələrdə kişilərlə rəqabətə girməyi bacarıblar. Hətta Azərbaycanda peşə baxımından ən çətin sayılan sahələrdə də qadınlar olub. Bu gün də təyyarəni idarə edə bilən pilotlar, ağır cərrahiyyə əməliyyatı aparan, eləcə də, başqa "kişi sənətlərini" kişilərdən heç də az bilməyən xanımlarımız var. Bu baxımdan da qadınların tibb eksperti olmaqdan niyə boyun qaçırmaları maraq doğurmaya bilməz. Ona görə də ortaya çıxan suallara cavabı da məhz Məhkəmə -Tibbi Ekspertiza və Potoloji Anatomiya İnstitutunda çalışan ekspertlərdən almağa çalışdıq. Maraqlandıq ki, görək onların işi doğurdanmı bu qədər çətin və psixoloji baxımdan təsiredicidir ki, qadınlar bu sahəyə getmək istəmirlər? Maraqlı vəziyyətlə rastlaşdıq. Çünki elə həmsöhbətimiz qadın məhkəmə-tibb eksperti oldu. Məhkəmə-Tibbi Ekspertiza və Potoloji Anatomiya İnstitutunun məhkəmə-tibb eksperti Elşadə Fərəcova "Səs"ə açıqlmasında bildirdi ki, əslində, çalışdığı qurumun bioloji şöbəsində çalışan qadınların sayı kişilərdən xeyli çoxdur. Lakin xanım ekspert özü də etiraf edir ki, qadın ekspertlər meyit yarmaqda maraqlı deyillər. Məhkəmə - tibbi ekspertiza sahəsində çalışan xanımların əsas işinin laboratoriyalarda analiz aparmaq olduğunu deyən Elşadə xanım bildirib ki, ümumiyyətlə, bu sahədə meyit yaran qadın tibb eksperti yoxdu. Bunun qadınların psixoloji və əsəb baxımdan kişilərlə müqayisədə zəif olması kimi fikirlərlə əlaqələndirilməsi kimi izah olunması ilə razılaşmayan ekspert "deməzdim ki, bu, sırf siz deyən səbəblərlə bağlıdır. Sadəcə, qadınlar bu sahəyə maraqlı olmurlar"- söyləyib.
Cəmiyyət qadınları tibb eksperti kimi görməyə hazır deyil
Həkim - psixoloq Azad İsazadə isə hesab edir ki, qadınların məhkəmə - tibb ekspertləri kimi yalnız laboratoriyalarda çalışması səbəbsiz deyil. "Mən belə hesab edirəm ki, burada təkcə psixoloji deyil, həm də sosioloji məqamlar var. Çünki heç bir qadın istəməz ki, gələcəkdə həkim kimi işləyəndə, onun əsas işi meyit yarmaq olsun. Eyni zamanda, buna cəmiyyətin münasbəti də birmənalı deyil. Bu da sırf sosial məsələlərdən qaynaqlanır. Təsəvvür edin, hansısa tibb ekspert xanım ailə qurarkən, ona elçi gələndə qızın sənətinin nə olduğunu soruşanda, deyirlər ki, gəlinin işi meyit yarmaq olacaq. Təbii ki, bunu Azərbaycan cəmiyyəti birmənalı qarşılaya bilməz. Ona görə də ola bilsin ki, qadınlar bu sahəyə həm də bu kimi səbəblər üzündən maraqlı olmurlar. Həm də burada ola bilsin, kişilərin qadınlara nisbətən əsəblərinin və psixoloji durumlarının daha möhkəm olması rol oynayır. Nə qədər olmasa, qadın incə məxluqdur". Bununla belə psixoloq bu sahə üzrə qadın mütəxəssislərin hazırlanmasını vacib sayır. "Bu gün Azərbaycanda kişi ginekoloqlara münasibət birmənalı deyil. Baxmayaraq ki, xarici ölkələrdə qadınlar kişi ginekoloqlara daha çox müraciət edirlər və burada qeyri - adi heç nə görmürlər. Düzü, bizdə də yaxşı kişi ginekoloqlar var və hətta onların pasiyentləri də həmişə olur. Amma bizim cəmiyyətdə kişi ginekoloqa münasibət necədirsə, meyit yaran qadın ekspertlərə də münasibət elə ola bilər". Bu baxımdan da A.İsazadə hesab edir ki, yaxın perspektivdə bu sahədə dəyişikliklər real görünmür. "Çünki bizdə mentalitet də buna yol vermir. Ona görə də, inanmıram ki, Tibb Universititetinə daxil olan hansısa xanım gələcəkdə özünü meyit yaran həkim kimi görmək istəsin".
Ölüləri
qəbirstanlıqda
basdırın, əgər
yer tapılsa...
Qeyd edək ki, paytaxtda əsas problemlərdən biri də dünyasını dəyişən insanların harada torpağa tapşırılmasından doğan problemlərdir. Məsələ ondadır ki, paytaxtda keçmiş sovetlər vaxtından ayrılan qəbiristanlıqlarda, ya yer qalmayıb, ya da yerlər satılıb. Paytaxt əhalisinin sayının ötən əsrlə müqayisədə 2 - 3 milyon nəfərə çatmasına, Abşeron yarımadasında əhalinin məskunlaşmasının artmasına baxmayaraq, nədənsə bəzi məmurların yadına insanların son günü düşməyib. Azərbaycanda bələdiyyə qurumları formalaşdırıldıqdan sonra Abşeronda, eləcə də, Bakı ərazisində çoxsaylı torpaq ayrımaları və satışı olsa da, çox maraqlıdır ki, heç bir bələdiyyə ərazisində qəbiristanlıq üçün ərazi ayrılmayıb. Baxmayaraq ki, "Bələdiyyələr haqqında qanun"da da bu məsələ dəqiq şəkildə əksini tapıb. Eyni zamanda, xarici ölkələrin təcrübəsində də bu, belədir.
Çox uzağa getmək lazım deyil. Elə qardaş Türkiyədə əhalinin digər sosial problemləri kimi bu məsələni də bələdiyyələr tənzimləyirlər və əhalisi 70 milyon olan ölkədə, hələ ki, bizdən fərqli olaraq qəbiristanlıqda yer tutmaq söhbəti yoxdu. Bələdiyyələrin niyə qanunvericiliyin bu bəndinə əməl etmək istəmədiklərini də araşdırdıq. Eyni zamanda, paytaxtdakı qəbiristanlıqlarda yerlərin neçəyə satılması ilə maraqlandıq. Məlum oldu ki, hələ sağ ikən evi olmayan insanın paytaxtda özünə sığınacaq tapması ona nə qədər baha başa gəlirsə, öləndən sonra paytaxt qəbiristanlığında iki metr yerdə basdırılmaq ondan da baha başa gəlir.
Bələdiyyələr qəbir yerlərini satıb?
Son illər paytaxtətrafı ərazilərdə əhalinin sürətlə məskunlaşması getdiyindən əhali arasında belə fikir yaranıb ki, bələdiyyələr torpaqları satarkən məzarlıq üçün nəzərdə tutulan yerləri də satıblar. Amma bələdiyyə sədrləri bu deyilənləri qəbul etmirlər. Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin sədri Təhmuraz Tağıyev "Səs"ə bildirib ki, 2007-ci ildən paytaxtdakı bələdiyyələrin torpaq ayırmasına sərəncamla qadağa qoyulub. Paytaxdakı bələdiyyələrin torpaq fondunun olmadığını deyən bələdiyyə sədri "gərək torpaq fondu olsun ki, qəbiristanlıq üçün də yer ayırmaq mümkün olsun"- deyib. AVCİA-nın eksperti Vüqar Tofiqli isə deyir ki, doğurdan da, paytaxtdakı 52-yə yaxın bələdiyyə qurumunun heç birinin torpaq fondu yoxdur. "Əslində, bu problemi bələdiyyələrin torpaq ayırmasına qadağa qoyulana qədər işləyən bələdiyyələr həll etməliydilər. Əvvəlki bələdiyyələr də bütün torpaqları necə gəldi satıblar". Bununla belə, ekspert artıq Azərbaycanda bələdiyyə institutunun formalaşdığını və gələcəkdə çox böyük ehtimalla bu problemlərin də həllini tapacağına ümid etdiyini deyib. "Çünki artıq paytaxt qəbiristanlıqlarında yer məsələsi problemə çevrilib. Bu problem isə gec-tez həllini tapmaldır".
Beləliklə, apardığımız araşdırmaların məntiqi nəticəsi belə oldu ki, insanlarımız ölmək haqqında deyil, yaşamaq haqqında düşünsələr, daha yaxşı olar. Doğrudur, Tanrı yazısından qaçmaq çətindir. Amma insanlar özlərinə qəsd etmək istəyəndə, bir anlıq bir insan ölümünün yaxınları və doğmalarına mənəvi iztirabla yanaşı, gətirdiyi problemləri də düşünməlidirlər.
Odur ki, həyat gözəldir və yaşamağa dəyər. Tanrının verdiyi ömür payını yaşamağı bacarın.