PDF Oxu

Sosial

  • 11

İnsan ölümü neçəyədir?

İnsan ölümü neçəyədir?

Son vaxtlar ailə - məişət müstəvisində baş verən kriminal hadisələr, qadın və uşaqlar arasında intihar hallarının artması müşahidə edilir. Məişət problemləri müstəvisində baş verən ailə dramlarının səbəbləri bir çox hallarda sosial-iqtisadi problemlər, insanlar arasında yaranmış fikir ayrılıqlarının emosional həddə çatması, ailədə qarşılıqlı anlaşmanın olmaması və digər bu kimi fikirlərlə izah olunur. Ailə-məişət müstəvisində baş verən hadisələrdən fərqli olaraq intihar halları daha çox insanların keçirdiyi psixoloji gərginliklər və depressiya ilə bağlıdı. Amma tək bu səbəblər üzündən deyil, müxtəlif səbəblər üzündən insanların həyatlarını itirməsi bir çox hallarda özü ilə insanlara ciddi problemlər də gətirir.
"Allahın ucuz ölümü" yoxmuş?

Elə problemlər də yalnız hansısa ailə-məişət müstəvisində baş verən hadisə və ya intihar faktları ilə tamamlanmır. Əksinə, insanların bu və ya digər səbəbdən həyatlarını itirməsi hələ prosesin başlanğıcıdır. Çünki əsas problemlər sonra ortaya çıxır. Xüsusilə də, paytaxtda yaşayanlar üçün. Çünki bir insanın yaxınlarına dəyən mənəvi zərbə onların krminal hadisə və ya intihar faktı nəticəsində həyatlarını itirməsi ilə bitmir. Bunun ekspert rəyinin alınması, molla pulu, ekspertizada müəyyən araşdırmaların aparılmasından yayındırılması pulu var. Yəni üçün ölü sahibi itirdiyi əzizini torpağa tapşırmaq üçün əvvəlcədən xeyli pul xərcləməli olur. Amma bu, da son deyil. Paytaxt insanı üçün ən böyük və vacib məsələ əzizini Bakıdakı qəbiristanlıqlardan birində basdırmaq üçün qəbir yerinin tapılmasıdır ki, bu da həyatını itirən insanların yaxınları və doğmaları üçün heç də asan başa gəlmir. Əgər mərhum və ya onun yaxınları vaxtında əlli tərpənib hansısa qəbirstanlıqda özlərinə yer ala bilməyibsə, bu halda, bir el məsələsində deyildiyi kimi, "ölü qalır bir tərəfdə dirinin vəziyyəti ağlanmalı olur". Çünki hazırda paytaxtdakı qəbiristanlıqların özlərinin də yerləşdiyi yerinə və əhali arasındakı "statusu"na görə öz məzənnələri var. Ona görə də son vaxtlar vəfat edən bir insanın son mənzilə yola salınmasına qədər çəkən proses o qədər gərginliklərlə və problemlərlə müşayiət olunur ki, müqayisə edəndə, belə nəticəyə gəlmək olur ki, "Allahın bir ucuz ölümü" deyimi də, artıq mahiyyətini itirib. Amma problemlər bununla da bitmir.

Öləndə də kişi-qadın söhbəti

Qeyd edək ki, adi şəraitdə həyatını itirən insanlardan fərqli olaraq kriminal hadisələr və ya intihar faktları baş verərkən qanunvericliklə həmin insanların ölümünün səbəbini tam aydınlaşdırmaq üçün onların ekspertizadan keçirilməsi məsələsi ortaya çıxır. Bu məsələnin ölkə qanunvericiliyində hələ sovetlər dönəmindən əksini tapmasına baxmayaraq Azərbaycan cəmiyyətində bu gün də hansısa rəhmətə gedən insanın ekspertizadan keçirilməsinə müqavimət göstərilir. Ən acınacaqlı mənzərə isə onda yaranır ki, rəhmətə gedən şəxs qadın olsun. Bu halda həmin insanın yaxınları və ailə üzvüləri, nəinki ekspertizaya razılıq vermək istəyirlər, əksinə, buna kəskin tərzdə müqavimət göstərərək qəti şəkildə ekspertizaya etiraz edirlər ki, bu narazılıqlar bir çox hallarda vəziyyəti daha da mürəkkəbləşdirir. Amma bu etirazlar bəzən heç də meyitin yarılması və ekspertizadan keçirilməsi ilə bağlı olmur. Ortaya dini və mental nöqteyi-nəzərdən olan problemlər çıxır ki, bu da kişi-qadın söhbətinin yaranmasına gətirib çıxarır. Ona görə də bir çox hallarda belə məsələlərə hüquq-mühafizə orqanları da qarışmalı olurlar. Təbii ki, belə proseslər heç də sakit və hay-küysüz keçmir. Lakin cəmiyyətdə bu məsələlərə qarşı etirazlar çox olduğundan, hər dəfə belə hadisələr baş verəndə ənənəvi problemlər də ortaya çıxarır.
İslam dinində bu məsələlərə baxış necədir? Problem təkcə dini səbəblərlə bağlıdır, yoxsa belə məsələlərdə psixoloji amillər daha çox rol oynayır? Araşdırmalarımız zamanı maraqlı nəticələr əldə etdik.

Din həkimə məhdudiyyət qoyurmu?

İçərişəhər Cümə Məscidinin axundu və icma rəbəri Hacı Surxay Məmmədli deyir ki, insanların intihara əl atması dini nöqteyi-nəzərdən də qəbul edilmir. İntiharın günah olduğunu bildirən axund kriminal müstəvidə baş verən hadisələr zamanı həlak olan qadınların ekspertizadan keçirilməsi ilə bağlı etirazların islam dinindən gələn yasaqlarla bağlı olması barədə deyilənlərə də aydınlıq gətirib. Qeyd edək ki, bir çox hallarda bu narazılıqlar dinin də qadınlara məhrəm olmayan insanların onları ekspertizadan keçirilməsinə yol vermədiyi söylənsə də Hacı Surxay bu fikirlərlə razılaşmayıb.
"İslam Hüququ"nda xüsusi olaraq belə bir məsələ qoyulub ki, görəsən xanımlarımıza xəstələnəndə kişi həkimlər baxa bilərlərmi? Yaxud da onlar rəhmətə gedəndən sonra kişi ekspertlər onların meyitini yarıb orada müayinə apara bilərlərmi? Hamını düşündürən bu suala "İslam Hüququ" konkret cavab verir. Orada yazılıb ki, qadını kişi həkimi müayinə edə bilər. Tibbdə həkimlər "Hippokrat andı" içirlər. Dində isə bu "Hippokrat andı" deyil, Peyğəmbərin andıdı. Peyğəmbərimiz buyurub ki, həkim insanlara məhrəmdi. Ona görə də əgər bu gün həkim və ya ekspert kişi cinsinə mənsubdursa, o, qadını müalicə edərkən və ya ekspertizadan keçirərkən onların bədənlərinə əl toxundurmadan, xüsusi tibbi əlcəklərdən, xüsusi alətlərdən istifadə etməklə qadının müəyyən bədən nahiyəsini yoxlaya bilər" - deyən Hacı Surxay hazırda iyirmi birinci əsrdə yaşadığımızı və müasir dünyanın öz inkişaf qanunayğunluqlarının olduğunu bildirib. Azərbaycanlı qızların Avropanın nüfuzlu təhsil ocaqlarında oxumalarını təqdir edən axund deyir ki, xaricdə təhsil alan qızlarımız arasında bu sahə üzrə biliklər alan kadrların olması da məqsədəuyğun olardı: "Xanımın həkimi xanım olsa, daha yaxşı olar. İstər sağ ikən onu müayinə edən həkim olsun. İstərsə də ekspert həkim olsun. Əgər qadın həkim və ekspert yoxdursa, ekstremal şəraitdə və ya ölüm halları olduqda müəyyən çərçivələri gözləməklə, təbii ki, meyitin yarılması və baxış kişi ekspert tərəfindən də aparıla bilər. Din buna müəyyən şərtləri gözləməklə icazə verir".

(ardı var)

Digər xəbərlər