PDF Oxu

Sosial

  • 13

H1N1 qripinin inkişaf mərhələsində postpandemik dövr başlanıb

H1N1 qripinin inkişaf mərhələsində postpandemik dövr başlanıb
Dünyanın bir sıra inkişaf edən ölkələrində, o cümlədən, Azərbaycanda təsadüf olunan H1N1 virusuna qarşı bir sıra ciddi tədbirlərin həyata keçirilməsi bunun kütləvi hal olaraq qarşının alınması ilə nəticələndi. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən A(H1N1) qripinə qarşı vaksinlərin hazırlanması və müxtəlif ölkələrə paylanılması bu xəstəliklə mübarizədə əsaslı bir addıma çevrildi.
Azərbaycanda immunlaşdırma tədbirlərinin həyata keçirilməsində Səhiyyə Nazirliyinə bir sıra beynəlxalq təşkilatlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Rostropoviç-Vişnevskaya Fondu, Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Ümumdünya Səhiyyə Təşkilatı dəstək verdi. Ölkədə pandemik A(H1N1) qripinə qarşı vaksinasiya tədbirlərinin aparılması üçün peyvənd materialları (172000 doza vaksin, müvafiq sayda şprislər və digər ləvazimatlar) gətirildi. Peyvənd materialları respublikanın şəhər və rayonlarına paylanılaraq yerlərə çatdırıldı. Qrip epidemiyaları və pandemiyaları zamanı insanların yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir.
Bu xəstəliklə bağlı yayılan xəbərlərə ara verilsə də, bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının elanı yenidən bu virusun baş qaldırma ehtimalın əks etdirir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çen H1N1 qripinin inkişaf mərhələsində postpandemik dövrün başlanması haqqında elan vermişdir. Elanda qeyd olunur ki, postpandemik dövrün başlanması heç də H1N1 virusunun yox olması demək deyildir. Ötən pandemiyalar zamanı qazanılan təcrübələr H1N1 virusunun özünü mövsümi qrip kimi aparmasına və yaxın illərdə də dövr etməsinə əsas verir. Postpandemik dövrdə müxtəlif miqyaslı lokalizə olunmuş alovlanmalar zamanı bir qədər H1N1 virusunun ötürülmə səviyyəsi müşahidə oluna bilər. Hazırda belə bir vəziyyət Yeni Zelandiyada baş verir. Hazırda H1N1 virusu tərəfindən baş verən alovlanmaların intensivliyi mövsümi qrip alovlanmaları ilə eynidir.
Bu virus hələ də risk qrupuna daxil olan vətəndaşlar üçün təhlükəlidir. Xəstəliyə yoluxma halının azalması hələ bu virusa yoluxma halının azalması deyil. ÜST pandemiya dövrünün ləğvi haqda rəsmi olaraq bəyan etməyənə kimi yoluxma riski davam edir və bunun da qarşısını yalnız vaksinasiya ala bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, pandemik H1N1 qripi ilə xəstələnmə dünyanın 208 ölkə və ərazisində qeydə alınmış, 12 220 ölüm halı baş vermişdir. Belə ki, ölüm hallarına dair məlumata əsasən, Afrika üzrə 130, Amerika qitəsi üzrə 6 670, Şərqi Aralıq dənizi Regionu üzrə 693, Avropa üzrə 2 422, Cənubi-Şərqi Asiya üzrə 1 056 nəfər dünyasını dəyişmişdir. Azərbaycan Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasında cəmi 14 pandemik H1N1 2009 qripi ilə xəstələnmə hadisəsi qeydə alınmışdır. Bu xəstəlikdən ölən olmamışdır.

Digər xəbərlər