Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin olunur
Ölkəmizin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutur.
İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsidir. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Fəaliyyət Planının ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2006-cı il dekabrın 28-də təsdiq edildiyini bildirdi:
- İnsan haqları üzrə Milli Fəaliyyət Planının qəbulu böyük bir fəaliyyəti əhatələyən dövrün yekunu və yenisinin inkişaf perspektivlərini müəyyən etdi. 1995-ci ildə Konstitusiyanın qəbul edildiyi gündən başlayaraq Azərbaycan milli qanunvericiliyinin inkişafında, insan hüquqlarının qorunması sahəsində mühüm işlər görülüb. Bütün bu illər ərzində qəbul edilən qanunlar nəticəsində ayrı-ayrı demokratik təsisatların, institutların yaranması Azərbaycanın insan hüquqları üzrə çox mühüm addımlar oldu. 1998-ci ildə insan hüquqlarının qorunması ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin imzaladığı fərman bu məsələdə yeni mərhələnin başlanmasından xəbər verirdi. 1998-2006-cı illər arasında Azərbaycanda çox mühüm qərarlar qəbul olunub. 2001-ci ildə Ombudsman Aparatının yaranması, məhkəmə-hüquq islahatlarının gerçəkləşməsi, cəmiyyətdə demokratik prinsiplərin formalaşması insan hüquqları sahəsində qlobal işlər idi. Azərbaycan üçün bu illərdə dünyada əldə olunmuş bütün uğurlardan bəhrələnmək əsas olub.
Bu gün insanlarımızın düşüncəsi 16-17 il düşüncəsi deyil. Ölkədə baş verən dəyişikliklər insanların düşüncəsinə, formalaşmasına, ümumiyyətlə, vətəndaşlarımızın özünün dəyişməsinə təsir edir. Elə bunun nəticəsidir ki, Azərbaycan vətəndaşı Milli Məclisdə qəbul edilən qanunların mahiyyətini çox gözəl bilir. Bu isə ölkəmizdə aparılan maarifləndirmə işinin yüksək olmasından irəli gəlir. Nəticədə Azərbaycan vətəndaşı tək ölkəsinin qanununu bilməklə yanaşı, həm də onu digər dövlətlərin müvafiq qanunları ilə müqayisə etmək iqtidarına malikdir.
MFP-də digər bir məsələyə də toxunmaq istərdim. MFP-də qaçqın və məcburi köçkünlərimizin hüquqlarının müdafiəsi məsələsinə. Bu, olduqca çox vacib bir məsələdir. Çünki qaçqın və məcburi köçkün problemi əksər dövlətlərdə mövcuddur. Bu gün bu problem ölkə Prezidentinin apardığı balanslaşdırılmış və uğurlu siyasət nəticəsində bütün beynəlxalq təşklatların gündəmindədir. Ən əsası odur ki ölkə rəhbərinin xüsusi diqqət və qayğısı nəticəsində çadır şəhərcikləri ləğv olunub. Doğrudur, əsas məsələ onların öz doğma yurdlarına qayıtmaları və bu hüquqlarının bərpasıdır. Biz əminik ki, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində bu problem də tezliklə öz həllini tapacaq. Beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüz bərpa olunacaq.