PDF Oxu

Sosial

  • 19

GUAM ölkələrindəki münaqişələr BMT Baş Assambleyasının gündəliyində

GUAM ölkələrindəki münaqişələr BMT Baş Assambleyasının gündəliyində

GUAM ölkələrindəki münaqişələrlə bağlı məsələ BMT Baş Assambleyasının 65-ci sessiyasının gündəliyinə salınıb. (34 saylı məsələ).
Qeyd edək ki, GUAM ölkələri ərazisində olan həllini tapmayan münaqişələr bir çox hallarda beynəlxalq təşkilatların nümayəndələri tərəfindən "dondurulmuş münaqişələr" kimi təqdim edilsə də , 2008-ci ilin avqustunda Gürcüstanın Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimə qarşı keçirdiyi əməliyyatların sonradan həmin ərazilərin Rusiya qoşunları tərəfindən zəbt edilməsi ilə ilə müşayiət edilməsi GUAM ölkələri ərazisindəki münaqişələrin "dondurulmuş münaqişələr" olmadığını bir daha təsdiq etdi. Həmçinin, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sülh danışıqlarının davam etdirilməsinə baxmayaraq, müntəzəm olaraq, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması və bir çox hallarda bunun itkilərlə müşayiət olunması Dağlıq Qarabağ münaqişəsinin də "dondurulmuş münaqişə" olmadığını sübut edir. Bu baxımdan da artıq GUAM ölkələrindəki münaqişələrdən söhbət gedərkən, bu problemlər "dondurulmuş" deyil, həlli açıq qalan münaqişələr kimi dəyərləndirilir.

GUAM ölkələri BMT Baş Assambleyasındakı müzakirələrə hazırdırmı?

GUAM ölkələrindəki münaqişələrin həlli ilə bağlı məsələnin BMT Baş Assambleyasının sessiyasının gündəliyinə salınması o qədər də asan başa gəlməyib. Bir neçə il əvvəl GUAM ölkələri bu qətnamə layihəsini irəli sürərkən, bu ölkələrə müxtəlif istiqamətlərdən təzyiqlər də göstərilmişdi. Hətta Rusiyanın açıq şəkildə bu qətnamə layihəsinin gündəliyə salınmasına etiraz bildirməsi də o zaman GUAM ölkələrinin mövqeyinə təsir göstərə bilmədi. Xarici dövlətlərin tövsiyələr və təzyiqlərinə baxmayaraq, GUAM ölkələri məsələnin BMT Baş Asambleyasının sessiyasının gündəliyinə salınmasına nail ola bildilər. Baxmayaraq ki, hələlik, bu qətnamə layihəsi ilə bağlı müzakirələrin keçirilməsi qalır, 65 -ci sessiya ərəfəsində GUAM ölkələrinin bu istiqamətdə səylərini yenidən səfərbər etməyə çalışacağı istisna edilmir. Ən azından buna "Azərbaycanın işğal olunmuş ərazilərinin vəziyyətinə dair" qətnamə layihəsinin də müzakirəyə çıxarılması üzərində işləyən rəsmi Bakı tərəfindən təşəbbüs göstərilməsi istisna deyil. Bununla belə son vaxtlar GUAM ölkələri ilə bağlı siyasi mənzərədə xeyli dəyişikliklər olduğundan, Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ukrayna və Moldovanın hansı aspektdən yanaşacağı, təşəbbüslərə dəstək verib - verməyəcəkləri hələ ki, sual altında qalır.
GUAM-ın fəaliyyəti ilə bağlı son 2-3 ildə bir qədər passivlik yaransa da, qurumun bundan sonrakı taleyinin necə olacağı ilə bağlı əsas suallar Ukraynadakı siyasi hakimiyyətin dəyişməsindən sonra ortaya çıxdı. Eyni zamanda, Rusiya - Gürcüstan münasibətlərinin gərginləşməsi fonunda, Ukrayna - Rusiya münasibətlərinin xeyli irəli getməsi də də istər-istəməz siyasi şəraitə öz təsirini göstərir. Həmçinin, Moldovanın da, proseslərdə problemli ölkədən çox seyrçi mövqe nümayiş etdirməsi GUAM ölkələrinin BMT Baş Assambleyasında həlli açıq qalan regional münaqişələrin nizamlanması ilə bağlı birgə hərəkət etməsi ilə bağlı suallar yaradır.
Ən əsas məqam isə odur ki, uzun illərdən bəri DQ münaqişəsinin həlli ilə bağlı bütün diplomatik səylərini səfərbər edən Azərbaycan və separatizmdən əziyyət çəkən Gürcüstanın BMT Baş Assambleyasında müzakirələrin baş tutması üçün səylər göstərməsinə baxmayaraq, Rusiya GUAM ölkələrindəki problemlərin həllinin Baş Assambleyada müzakirə edilməsinin qəti əleyhinə çıxış edir. Bu baxımdan da BMT Baş Assambleyasının 65-ci sessiyasının gündəliyinə salınan 34 saylı qətnamə layihəsi ilə bağlı Ukraynanın hansı mövqedən çıxış edəcəyi bir qədər aydın deyil. Eyni zamanda, Dnestryanı bölgədə hələ də ciddi problemləri olan Moldovanın da mövqeyi tam aydın deyil.
Bununla belə, GUAM-ın əsas aparıcı dövlətləri olan Azərbaycanda və Gürcüstanda BMT Baş Assambleyasında gözlənilən müzakirələrə nikbin yanaşılır. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze son açıqlamasında GUAM-ın təşkilat kimi sıradan çıxması barədə fikirləri qəti şəkildə rədd edib. Gürcü nazir GUAM-la bağlı proseslərin bir qədər passivləşdiyini etiraf etsə də, təşkilatın fəaliyyətini davam etdirdiyini bildirib. BMT Baş Assambleyasında gözlənilən müzakirələrlə bağlı GUAM ölkələrinin öz əlaqələrini koordinasiya etdiklərini deyən nazir bu ilin sonunda GUAM ölkələri dövlət başçılarının Zirvə Sammitinin keçirilməsinin gözlənildiyini bildirib.

Digər xəbərlər