Abdullah Gül Qaxda Yunus Əmrə və Hacı Tapdığın məzarlarını ziyarət edib
Dünən Türkiyə Prezidenti Abdullah Gül Zaqataladan Şəkiyə gələrkən yolüstü Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət etmişdir. Prezident Abdullah Gül hər iki məzarın üzərinə gül dəstəsi qoydu. Sonra qəbiristanlığı gəzən ali qonağa məlumat verildi ki, sufi şeirinin görkəmli nümayəndəsi olan Yunus Əmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalardan biridir. XIII-XIV əsrlərdə yaşayan Yunus Əmrənin yaradıcılığı türk şeirinin inkişafına çox böyük təsir göstərmişdir. Mənbələrdə göstərilir ki, övliyalıq məqamına yüksələrək həyatı əfsanələşən Yunus Əmrənin təkcə Anadoluda 10 müxtəlif ərazidə məzarı vardır. Belə ziyarət yerlərindən biri də Azərbaycanın Qax rayonu ərazisində, Oncallı kəndindəki oğuz qəbiristanlığıdır. Ömrünün böyük hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədi ilə dünyanı gəzmiş, mənəvi rahatlığını Oncallı kəndində dövrünün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan Hacı Tapdığa müridlik etməklə tapmışdır. Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məhz bu qəbiristanlıqda dəfn olunduğu ehtimal edilir. Onların məzarları sonradan müridləri tərəfindən abadlaşdırılmışdır. Yerdən bir metr hündürlüyündə çay daşından tikilmiş, hörgü ilə əhatələnmiş hər iki məzar müqəddəs sayılır və ziyarət edilir.
Anadolu türkcəsində yazan Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonu əhalisinin dil xüsusiyyətləri ilə eynilik təşkil edir. Şairin ədəbi və ictimai fəaliyyəti ilə əlaqədar mərkəzlərdən birinin XIII-XIV əsrlərdə Oncallı kəndində meydana gəlməsi, müqəddəs məkan kimi bu gün də yad edilməsi bir daha Azərbaycan türkləri ilə Anadolu türklərinin eyni mədəniyyətli qardaş xalq olduğunu sübut edir. Yunus Əmrənin və Hacı Tapdığın məzarları bu gün də yerli əhali tərəfindən müqəddəs bir məkan kimi qorunur və ziyarət edilir. Sonra Türkiyə Prezidenti Abdullah Gül və onu müşayiət edən şəxslər Şəki şəhərinə gəlmişlər.
"Azər-Türk Bank"ın Bakıda yeni baş inzibati binası açılıb
Türkiyə Prezidenti Abdullah Gül avqustun 17-də "Azər-Türk Bank"ın Bakıda yeni baş inzibati binasının açılışında iştirak etmişdir. "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Mehmet Sami Acarözmen, bankın müşahidə şurasının sədri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Türkiyənin Ziraat Bankının müşahidə şurasının sədri Müharrem Karslı ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1995-ci ildə açılmış "Azər-Türk Bank"ın ölkələrimiz arasında iqtisadi münasibətlərin genişləndirilməsində mühüm rol oynadığını bildirmişlər.
"Azər-Türk Bank"ın respublikamızda dörd filialının fəaliyyət göstərməsi və yeni baş inzibati binasının açılışı Prezident İlham Əliyevin Azərbaycanda sahibkarlığın inkişafına hərtərəfli qayğısının əyani təzahürü kimi yüksək qiymətləndirilmişdir.
Prezident Abdullah Gül Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və səmərəli əməkdaşlığın yüksək səviyyədə olduğunu, "Azər-Türk Bank" və digər iqtisadi qurumların timsalında iqtisadi əlaqələrin durmadan genişləndiyini vurğulamışdır.
Bankın fəaliyyətini xüsusi qeyd edən Abdullah Gül demişdir: "Bu bank balığı tutub vermir, hər kəsə balıq tutmağı öyrədir. Yəni iş adamı, təşəbbüsçü, sahibkar formalaşdırır, onların sayını artırır".
Sonra rəmzi açılışı bildirən lent kəsilmişdir.
Türkiyə dövlətinin başçısı yeni inzibati binada yaradılmış iş şəraiti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı - Azərbaycan Respublikasının keçmiş Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı və Türkiyənin Ziraat Bankı Anonim Şirkəti tərəfindən 1995-ci ildə təsis edilmiş və həmin il iyulun 11-dən fəaliyyətə başlamışdır. Hazırda bankın nizamnamə kapitalı 10 milyon manatdır. Bankın dörd filialı vardır. Onlardan ikisi Bakıda, digərləri isə Gəncə və Naxçıvanda fəaliyyət göstərir.
Bildirilmişdir ki, ötən 15 ildə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın bank sektorunda fəal mövqeyi ilə seçilmiş, ildən-ilə aktivlərini, kredit qoyuluşunu, mənfəətini və kapital ehtiyatlarını artıraraq müsbət inkişaf dinamikası nümayiş etdirmişdir. Türkiyə dövlətinin başçısı "Azər-Türk Bank"ın əməkdaşlarına yeni uğurlar arzulamışdır. Sonda mərasim iştirakçıları Prezident Abdullah Gül ilə xatirə şəkli çəkdirmişlər.
Türkiyə Prezidenti Təzəpir məscid kompleksi ilə tanış olub
Dünən Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscid kompleksində olmuşdur.
Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşıladı.
Prezident Abdullah Gül Təzəpir məscid kompleksi ilə tanış oldu. Məlumat verildi ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanmış, burada onun ilkin görkəminə qaytarılması məqsədi ilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapmışdı. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunmuşdur. Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Yuxarı hissədə "La İlahə-İlləllah" kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin tən ortasında Qurani-Kərimdən "Nas", dairələrdə "Ayətül-kürsü", kiçik gümbəzlərdə isə "Həmd" surələri həkk edilmişdir. Türkiyə dövlətinin başçısına 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-daşnak işğalından azad edilməsi, həmin Ordunun komandanı general Nuru paşanın sentyabrın 16-da - Qurban bayramı günü bu məscidə gələrək minbərdən yerli əhalini salamlaması haqqında da ətraflı məlumat verildi. Bildirildi ki, həmin çıxışında Bakının xilası münasibətilə yerli əhalini təbrik edən Nuru paşa həlak olmuş türk əsgərlərinin qanının azərbaycanlıların qanı ilə qarışmasının tarixi əhəmiyyətini vurğulamışdır.
Sonra Prezident Abdullah Gülə kompleksə daxil olan Bakı İslam Universitetinin tədris korpusu haqqında məlumat verildi. Bildirildi ki, korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılmışdır.
Türkiyə Prezidenti kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış oldu. Kitabxanadakı 6 min nüsxə nadir əlyazma haqqında ali qonağa ətraflı məlumat verildi. Qeyd olundu ki, kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün mini studiya yerləşir.
Prezident Abdullah Gül burada nümayiş olunan qədim kitablara, Təzəpir məscidi haqqında CD-lərə baxdı, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Ali qonağa xatirə hədiyyələri təqdim olundu.