Münaqişənin həlli BMT-nin Baş Assambleyasına çıxarılacaq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda keçirilən üçtərəfli görüşündən sonra Ermənistan tərəfinin yenilənmiş Madrid təkliflərinin "Sankt-Peterburq təklifləri" ilə əvəz etmək cəhdləri problemin həllinə dair danışıqlar prosesində yenidən fasilənin yaranmasına səbəb oldu.
Artıq Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, danışıqlar pozularsa, Azərbaycanın problemin həllində hərb variantını seçməsi qaçılmaz olacaq. Onu da qeyd edək ki, münaqişənin nizamlanması ilə bağlı hərb variantı hər zaman alternativ vasitə kimi gündəlikdə dursa da, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. Hələlik, rəsmi Bakı danışıqların davam etdirilməsi üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti addımlarının nədən ibarət olacağını gözləsə də, öz tərəfindən diplomatik səylərini də gücləndirir. Artıq Azərbaycanın BMT Baş Assambleyasına təqdim etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" (39 saylı məsələ) qətnamə layihəsi qurumun 65-ci sessiyasının gündəliyinə salınıb. Eyni zamanda, BMT Baş Assambleyasının 65-ci sessiyasının gündəliyinə "GUAM məkanında həlli uzadılan münaqişələr, onların beynəlxalq şərhi, təhlükəsizlik və inkişafa təsiri" (34 saylı məsələ) Baş Assambleyasının 65-ci sessiyasının gündəliyinə salınıb ki, bu qətnamə layihəsinin müzakirələri zamanında DQ münaqişəsinin həlli ətrafındakı vəziyyətə toxunulması nəzərdə tutulur.
Qeyd edək ki, hər iki qətnamə layihəsi BMT Baş Assambleyasının 64-cü sessiyasının gündəliyinə də salınmışdı. Lakin ATƏT-in Minsk Qrupu həmsədrlərinin ötən il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətlərini bir qədər aktivləşdirməsi və tərəflərə yeni təklifləri təqdim etməsindən sonra müzakirələr Madrid təklifləri üzərində davam etdirildiyindən rəsmi Bakı Baş Assambleyanın 64-cü sessiyasının gündəliyinə saldırdığı "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamə layihəsinin müvəqqəti olaraq təxirə salınmasını xahiş etmişdi. Problemin həllinə dair danışıqlar prosesi ətrafında yaranmış hazırkı vəziyyət isə Baş Assambleyanın 65-ci sessiyasının gündəliyinə salınan "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamə layihəsi ilə bağlı müzakirələrin təxirə salınması ehtimalının olmadığını göstərir. Çünki bir tərəfdən buna Ermənistanın danışıqlar prosesini müxtəlif bəhanələrlə pozmaq cəhdləri, digər tərəfdən isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanın qeyri-konstruktiv davranışlarına seyiriçi mövqedən yanaşması əsas yaradır. Bu baxımdan da Azərbaycanın məsələni yenidən BMT Baş Assambleyasının gündəliyinə salınması və qətnamə layihəsinin qəbul edilməsinə nail olunması istiqamətdə səylərini gücləndirdiyi artıq Bakıda da təsdiqlənir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov "Səs"ə açıqlamasında BMT Baş Assambleyasının 65-ci sessiyasının gündəliyinə salınmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamə layihəsinin müzakirələrinin vaxtının dəqiqləşmədiyini bildirib. XİN-in nümayəndəsi deyib ki, müzakirələrin vaxtının sentyabrın əvvəllərində dəqiqləşdiriləcəyi gözlənilir. Eyni zamanda, mətbuat katibi hazırda Azərbaycanın gündəliyə salınan məsələ ilə bağlı qətnamə layihəsinin qəbul olunmasına nail olması üçün diplomatik səylərini gücləndirdiyini bildirib. E.Poluxov deyib ki, hazırda işğal olunmuş ərazilərdəki vəziyyətlə bağlı materiallar toplanılır və əldə edilən yeni məlumatlar da qətnamə layihəsinə salınacaq. Bununla belə mətbuat katibi BMT Baş Assambleyasının 64-cü sessiyasından fərqli olaraq 65-ci sessiyada "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamə layihəsinin müzakirələrinin müvəqqəti olaraq təxirə salınması ehtimalının olmadığını bildirib. Onun sözlərinə görə danışıqlar prosesi ətrafında yaranmış hazırkı vəziyyət də belə bir addım atılmasını mümkünsüz edir. "Təəssüflər olsun ki, Azərbaycanın münaqişəni dinc yolla, beynəlxalq hüququn norma və prisplərinə uyğun, ərazi bütövlüyü çərçivəsində həll etmək istəyinə baxmayaraq, Ermənistan yenə də danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş edirir. Ona görə də Azərbaycan öz tərəfindən müəyyən addımlar atmağa məcburdu. Hazırkı vəziyyətdə müzakirələrin təxirə salınması ehtimalı inandırıcı deyil".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında hazırda yaranmış vəziyyət ekspertlər tərəfindən də müxtəlif səpkili versiyaların irəli sürülməsinə səbəb olub.
BDU-nun beynəlxalq hüquq kafedrasının müdiri, politoloq Rüstəm Məmmədov "Səs"ə açıqlamasında münaqişənin nizamlanması ətrafında hazırda qeyri-müəyyən vəziyyətin yarandığını bildirib. Ermənistanın növbəti dəfə danışıqları pozmaq istiqamətdə atdığı addımların Rusiya tərəfindən idarə olunduğunu və Sankt-Peterburq görüşündən sonra bunun tam aydınlığı ilə ortaya çıxdığını bildirən politoloq prosesin irəli getməsinin daha çox Rusiya və ABŞ-dan asılı olduğu qənaətindədi. "Hələlik isə, görünən odur ki, nə Rusiya, nə də ABŞ münaqişənin həlli istiqamətində qəti addım atmaq istəmirlər. Çünki hər iki ölkə bu problemin həllində Azərbaycandan daha böyük güzəştlər qoparmağa çalışırlar"- deyən politoloq bildirib ki, hər iki həmsədr dövlətin iddia etdiyi əsas güzəşt Dağlıq Qarabağa status verilməsi ilə bağlıdır. "Azərbaycan isə heç vaxt bu məsələyə razılıq verməyib və verməyəcək də. Ona görə də mən hazırkı vəziyyətdə problemin həlli istiqamətdə ciddi dəyişiklik gözləmirəm. Çox güman ki, nə müharibə, nə də sülh vəziyyəti bir qədər də davam edəcək". Bununla belə politoloq rəsmi Bakının diplomatik səylərini daha da gücləndirməyə çalışdığını düşünür. "BMT Baş Assambleyasında münaqişənin həllinə dair müzakirələrin keçirilməsi və qətnamə layihəsinin qəbulu hüquqi baxımdan vacibdi. Lakin BMT bir təşkilat olaraq öz missiyasını yerinə yetirə bilmədiyindən qəbul edilən qətnamə layihələri də icra edilmir. Ona görə də, hesab edirəm ki, biz böyük dövlətlərin DQ münaqişəsinin həllinə baxışını dəyişdirməyə çalışmalıyıq. Çünki bütün dünya bu problemin Ermənistanın işğalçılıq siyasəti səbəbindən yarandığını bilsə də, fakt budur ki, bir çox hallarda baş verənlərə ya göz yumurlar, ya da ədalətli mövqe nümayiş etdirmirlər".