Son günlər Eynulla Fətullayevin Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı əməlləri cəmiyyətdə kəskin etiraz doğurub. Fəaliyyəti boyunca Azərbaycan dövlətinin milli maraqlarına zərbə vuran Fətullayevin əməlləri artıq hər kəsə bəllidi. Ən maraqlısı odur ki, Eynullanın əməllərinin dövlətçilik və milli maraqlar əleyhinə olduğunu bilə-bilə bəzi insanlar ona hansısa yollarla bəraət qazandırmağa çalışırlar.
Bu canfəşanlıqlar xüsusi ilə ANS telekanalında E.Fətullayevin "fəaliyyətləri"indən bəhs edən, "Bədbəxt adam" filminin efirə getməsindən sonra daha da artıb. Baxmayaraq ki, bu əməllərə bəraət qazandırmaq üçün yer qalmayıb. Onda sual yarana bilər ki, bu adamlar Eynullanın hansı əməlini və ya fəaliyyətini Azərbaycan dövlətçiliyinin maraqlarına xidmət edən bir addım kimi görürlər.
E.Fətullayev həmin o adamdır ki, xaricdəki dostlarının görüm-baxımından sonra müntəzəm olaraq işğal altında olan ərazilərə və Dağlıq Qarabağa səfərlər edirdi. Hər səfərindən sonra yazdığı məqalələri isə torpaq və yurd itkisi ilə yanaşı, həm də ermənilərin min cür əzab və işgəncələrlə öldürdüyü doğmalarının itkisini yaşayan onlarla şuşalının, laçınlının, kəlbəcərlinin - bütövlükdə, Qarabağ dərdini içində daşıyan, dövlətinin və millətinin dəyərini hər şeydən üstün tutan insanların - əsl Azərbaycan vətəndaşlarının əsəblərini tarıma çəkməkdən, qaysaq tutmayan yaraları yenidən qanatmağa və bundan həzz almağa xidmət edirdi.
Eynulla həmin o şəxsdir ki, Qarabağ müharibəsinin nəticəsində onlarla Azərbaycanlı oğulun uyuduğu Şəhidlər Xiyabanını, sanki, görmürmüş kimi gedib erməni kilsəsində müharibədə ölən erməni əsgərlərinin xatirəsini yad edib, onlar üçün şam yandırmışdı. Bilmək olmaz bəlkə göz yaşı da tökübmüş...
Eynulla həm də o adamdır ki, erməni dostları ilə döyüşdə sıradan çıxmış Azərbaycan Ordusuna məxsus tankın qalıqları qarşısında erməni dostları ilə birgə müxtəlif pozalarda şəkillər çəkdirmişdi. Və ən nəhayət, Xocalı soyqırımı ilə bağlı yazdığı "Qarabağ gündəliyi"ndə bu faciəni erməni sayaq təsvir etmişdi. Bu gün jurnalist adı altında Eynullanı müdafiə edənlər, görəsən, heç olmasa bu vaxta qədər yadlarına salıblarmı ki, jurnalistlərin sırasında ermənilərin olmazın vəhşiliklər törədərək, qoca, qadın, uşaq demədən azərbaycanlı olduğuna görə hər kəsi qətlə yetirdikləri Xocalıdan olan insanlar da var. Jurnalist Səriyyə Müslümqızı kimi. Xocalı qırğınında bütün ailə üzvülərini itirən həmkarlarına heç olmasa mənəvi bir dəstək olsun deyə həmin bu "eynullaçılar" niyə bir beynəlxalq təşkilatın nümayəndəliyi qarşısında aksiya keçirib onları görüntü naminə olsa belə niyə birdəfə tənqid etmək istəmirlər ki, məhz bu təşkilatlardan gələn dəstək sayəsində ermənilər onlarla Xocalını qanına qəltan ediblər.
Amma bu gün erməni vəhşiliyinə bəraət qazandırmaq istəyən E.Fətullayevin qayğısına qalınır, ona dəstək verilir. Nəyə görə? Ona görə ki, yeri gəldi-gəlmədi, o, Azərbaycan maraqlarını yaxşı tapdayıb, ayaqaltına atıb və hətta bununla qürurlanmağa da çalışıb? Ona görə ki, Eynulla Qarabağdakı erməni dostları ilə ermənilərin şərəfinə yaxşı badələr qaldırıb?
Mirşahinin "Bədbəxt adam" filmindən qəzəblənənlər, görəsən, bütün bu həqiqətləri hamı kimi bildikdəri halda, niyə özlərini bilməzliyə qoyurlar? Beynəlxalq təşkilatların Eynulla ilə bağlı canfəşanlıqları, hətta onu az qala "qəhrəmana" çevirməyə çalışmaları hardasa başa düşüləndi. Çünki Azərbaycan dövləti müstəqil ölkə kimi var olandan bəri beynəlxalq təşkilatların da, bir çox xarici dövlətlərin də əsas məqsədi Azərbaycanda hər zaman qarışıqlıq yaratmaq və bu qarışıqlıqdan öz maraqlarına uyğun istifadə etmək olub. Ona görə də bu gün həmin təşkilatlarda olan narahatçılıq başa düşüləndi. Çünki illərdən bəri pul xərcləyib, yetişdirdikləri kadrı itirmək istəmirlər. Təbii ki, bu mənada beynəlxalq təşkilatları başa düşmək olar. Avropalılar heç nəyə və heç kimə boş yerdən pul xərcləmirlər ki.
Mirşahinin "Bədbəxt adam" filmi də Eynullanın kimliyini Azərbaycan tamaşaçısına vizual baxımdan bir daha çatdırdı. E.Fətullayevin ayrı-ayrı dövrlərdəki fəaliyyətindən bəhs edən sənədli film bir daha hər kəsə Fətullayevin mahiyyətini və iç üzünü açdı. Mirşahin bu filmi hazırlamaqla təkcə jurnalist borcunu deyil, həm də vətəndaşlıq borcunu nümayiş etdirdi. Dövlətin maraqları gələn yerdə dövlətinə bağlı olan hər bir insan üçün vətəndaşlıq mövqeyini ortaya qoymaq başlıca şərtdi. Ona görə də nə bu filmi, nə də onun müəllifini bəyənməyib onu top-tüfənglə qarşılayanlar hərdən bir öz vətəndaşlıq borcları barədə də düşünsələr, pis olmaz.
Sonda isə illər öncə vaxtilə erməni əsirliyində olmuş insanlardan biri ilə bağlı eşitdiyim bir hadisəni xatırlatmaq istəyirəm. Əsirlik dövründə yaddaşı ermənilər tərəfindən pozulan o insanın yaddaşından yalnız bir hadisə pozulmamışdı. O deyirmiş ki, əsirlik vaxtı ermənilər onları Xocalıda olan həbsxanaya apararkən həmin həbsxananın qarşısındakı ağacdan uzun hörüklər sallanırmış. Həmin hörüklər Xocalı qırğını zamanı ermənilər tərəfindən əsir götürülən və əsirlik dövründə olmazın vəhşiliklərə və işgəncələrə məruz qalan azərbaycanlı qadının saçları imiş. Son nəfəsinə qədər ona "Qarabağ ermənilərindi"- dedirdə bilməyən ermənilər həmin qadını saçlarından asaraq işgəncə ilə öldürüblər. Həmin qadının cəsədi yağışın, qarın, günün altında çürüyüb tökülsə də bir cüt hörük hələ də ağacdan asılı qalıbmış...
Azərbaycan xalqına vətənini sevən, yeri gələndə isə torpaq, vətən naminə canından keçməyi bacaran oğullar lazımdı. Necə ki, milli qəhrəman Mübariz İbrahimov öz qəhrəmanlıq salnaməsini yazmaqla elə oğulların olduğunu sübut etdi. Odur ki, həqiqətin gözünə dik baxmaq lazımdır. Eynulla kimi insanlar tək Azərbaycan cəmiyyəti üçün deyil, bütün cəmiyyətlər üçün əldə olan altıncı barmağa bənzəyir. Altıncı barmaq isə heç birnormal insana və normal cəmiyyətə gərək deyil. Odur ki, əməlləri ilə özünün kimliyini kiçildərək, heçə döndərən bir adamı şişirtməyə dəyməz.