Rusiya Cənubi Qafqazda yenidən hegemonluq iddiasına düşüb
Dünyada baş verən qlobal maliyyə böhranı bütün ölkələr üçün ortaya çıxan iqtisadi problemlərin həllini zəruri etdiyindən, geosiyasi proseslərdə bir qədər dinamikanın azalması müşahidə olundu. Artıq dünyanın aparıcı dövlətləri qlobal böhranın gətirdiyi problemləri arxada qoyduqlarına görə, siyasi proseslərdə aktivlik artır. Qeyd edək ki, Cənubi Qafqaz bütün zamanlarda supergüclərin maraqlarının kəsişmə nöqtəsi olduğundan bu bölgə ilə bağlı proseslər də dinamikləşir. Belə ki, son dövrlər ABŞ-ın əsas diqqəti İraq və Əfqanıstanda üzləşdiyi problemlərin həllinə, eləcə də, İranla bağlı məsələlərə yönəldiyindən rəsmi Moskvanın MDB məkanında yenidən nəzarəti öz əlinə almaq iddiaları da artıb. Təbii ki, Rusiyanın hegemonluq siyasətinin əsas prioriteti Cənubi Qafqaza nəzarəti ələ keçirmək və ya yaranmış vəziyyətdən istifadə edərək bölgədə öz maraqlarını təmin etməkdir.
Rusiyanın digər MDB ölkələri ilə müqayisədə Cənubi Qafqaza daha böyük iddialarının olması səbəbsiz deyil. Öz yerinə və strategiyasına görə, nəinki Rusiya, eləcə də, Qərb aləmi üçün böyük önəm daşıyan Cənubi Qafqaz bölgəsi həm də öz zəngin yeraltı, yerüstü sərvətləri ilə böyük dövlətlərin diqqətini hər zaman cəlb edə bilir. Baxmayaraq ki, artıq keçmiş sovetlər dönəmindən fərqli olaraq Cənubi Qafqaz regionu ölkələrinin daxili və xarici siyasətləri fərqli istiqamətlərdə qurulub, ortada olan reallıq budur ki, Ermənistanın "forpost" rolunda çıxış etməsi Moskvanın bu regionla bağlı maraqlarını elə də təmin edə bilmir. Digər tərəfdən isə regionun əsas aparıcı dövləti olan Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələri qonşu Gürcüstana Rusiyanın asılılığından xilas olmaq üçün Bakı ilə əlaqələrini daha da yaxınlaşdırmaq zərurəti yaradır. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələrin əhatə dairəsinin getdikcə artması isə, təbii ki, Kremldə soyuqqanlılıqla qarşılana bilməz. Bu baxımdan da artıq Rusiya Cənubi Qafqazla bağlı iddialarını daha qabarıq şəkildə nümayiş etdirməyə başlayıb.
Rusiyanın Cənubi Qafqazla bağlı hegemonluq iddiası Rusiya - Gürcüstan münasibətlərində də müşahidə edilməkdədir. İki il öncə Gürcüstan ərazisində Moskvanın əli ilə yaradılmış Cənubi Osetiya və Abxaziyadakı münaqişələri müxtəlif təxribatlar vasitəsi ilə daha da mürəkkəbləşdirməyə nail olmaqla, faktiki olaraq, Gürcüstan ərazisini işğal edən rəsmi Moskva Qərbin və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq Gürcüstanla bağlı aqressiv siyasətini davam etdirməkdə israrlı görünür. Rusiya prezidenti Dmitri Medvedevin avqustun 8-də Abxaziyaya səfər etməsi və bunun üstündən bir o qədər ötməmiş Abxaziyada Rusiyaya məxsus S-300 raketlərinin yerləşdirildiyinə dair məlumatların gündəmə gətirilməsi də Kremlin regionda hərbi baxımdan möhkəmlənmək niyyətində olduğundan xəbər verir.
Bununla belə Azərbaycan və Gürcüstanın siyasi vəziyyətlərində müəyyən fərqliliklər olduğundan Moskvadan gələn əsas təzyiqlərin Gürcüstana yönələcəyi ehtimalı daha böyükdü. Çünki gələn ilin sonlarında Qəbələ RLS-i ilə bağlı Rusiya və Azərbaycan arasında imzalanmış icarə müqaviləsinin vaxtı bitir. Nəzərə alınsa ki, ABŞ-ın da Qəbələ RLS ilə bağlı öz maraqları var və bir qədər əvvəl Rusiyanın radiolokasiya stansiyasından birlikdə istifadə ilə bağlı təklifinə Vaşinqtondan "yox" cavabı gəlsə də, İranla bağlı məsələlərin gündəmdə olduğu ABŞ-ın da bu stansiyadan yararlanmaq istəyi olmamış deyil. Elə son vaxtlar ABŞ tərəfindən Azərbaycana yüksək rütbəli dövlət rəsmilərinin səfərlərinin artması və ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfəri də, ABŞ-ın Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə daha çox ehtiyacı olduğunu göstərdi.