Mətbuat Şurasında ATƏT-in Bakı ofisi ilə birgə "dəyirmi masa" keçirilib
Dünən Azərbaycan Mətbuat Şurası (MŞ) ATƏT-in Bakı ofisi ilə birgə layihəsi çərçivəsində "dəyirmi masa" keçirib. SİA-nın məlumatına görə, tədbirdə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na təklif edilən əlavə və düzəlişlər müzakirə olunub.
Tədbiri açan MŞ-nin sədri Əflatun Amaşov əsas diqqətin 2009-cu ildə referendumla Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklərə yönəldiyini bildirib. "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na təklif edilən əlavə və düzəlişlərin Konstitusiyaya nə dərəcədə uyğun olub-olmamasının maraq doğurduğunu deyən Ə.Amaşov qeyd edib ki, Konstitusiyanın 32-ci maddəsində qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla heç kəsin onun icazəsi olmadan izlənilməsinə, video görüntüsünün, səs qeydiyyatının alınmasına icazə verilmir. MŞ sədri məhz bu məqamın son vaxtlar ictimaiyyət arasında mübahisələrin doğurduğunu bildirib: "Jurnalist hansı məqamda çəkiliş apara bilər, hansı məqamda yox? Adi bir vətəndaşın evinin video görüntülərini götürmək mümkündürmü? İctimai xadimləri adi insanlardan fərqləndirən əlamətlər nələrdir? Bundan başqa təqsirsizlik prezumpsiyasına da diqqət yetirəcəyik. Bir çox hallarda da insanlar məhkəmənin hökmü olmadan ittiham olunur. Həddi-büluğa çatmayan uşaqlar haqqında müəyyən materiallar gedir. Bunlar qanunvericilikdə öz əksini tapıb və istərdik ki, bu məqamlar "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nda da əksini tapsın".
Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisi Bilge Cankorel MŞ ilə keçirdiyi birgə layihə çərçivəsində bir sıra tədbirlərin keçirildiyini bildirib. O, qeyd edib ki, layihə çərçivəsində görülən işlərdən sonra MŞ-nin fəaliyyətinin dəstəklənməsi, MŞ-nin təmsilçilik funksiyasını daha da qüvvətləndirmək, Şuranın Azərbaycanda bütün mətbuatı qucaqlayan bir təşkilat halına gətirmək qərarına gəliblər. Ofis rəhbəri bunun uzun və addım-addım gedəcək bir yol olduğunu bildirib. Layihə çərçivəsində ayın sonunda daha bir dəyirmi masanın təşkil ediləcəyini deyən B.Cankorel son olaraq sentyabr ayında ATƏT-in media üzrə nümayəndəsi Dünya Miyatoviçin də qatılacağı böyük bir konfransın baş tutacağını qeyd edib.
Tədbir müzakirələrlə davam etdirilib. Çıxış edən MŞ-nin İdarə Heyətinin üzvləri, KİV rəhbərləri "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na təklif edilən əlavə və düzəlişlərlə bağlı irad və təkliflərini bildiriblər.