PDF Oxu

Sosial

  • 16

Jurnalistlərin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq

Jurnalistlərin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq

Bildiyiniz kimi, milli mətbuatın 135 illiyi münasibətilə cənab Prezident İlham Əliyev tərəfindən qəzetlərə 20 min manat vəsait ayrılıb. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə Prezidenti tərəfindən 5 milyon manat pul ayrılıb. Redaksiya olaraq qəzetlərə ayrılan bu vəsaiti hansı istiqamətdə xərcləyəcəksiniz? Ayrılan bu vəsait jurnalistlərin sosial problemlərinin aradan qaldırılmasına nə dərəcədə öz təsirini göstərəcək? Azərbaycan mətbuatının hazırkı durumunu necə qiymətləndirirsiniz? Bu suallarla bağlı qəzet baş redaktorlarına müraciət etdik.

Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:

- Prezident tərəfindən milli mətbuatın 135 illiyi ilə bağlı qəzetlərə ayrılan maliyyə vəsaiti çox sevindirici bir haldır. Redaksiya olaraq, ayırılan bu vəsaitdən səmərəli surətdə istifadə etdik və redaksiya əməkdaşlarına mükafatlar verdik. Mətbuatımıza diqqət və qayğı göstərdiyinə görə cənab Prezident İlham Əliyevə təşəkkür edirik.
Jurnalistlərin sosial problemlərinin həll olunması istiqamətində Prezident tərəfindən ayrılan 5 milyon manat vəsait, təbii ki, öz təsirini göstərəcək. Yəqin ki, gələn il, həqiqətən də, mənzilə ehtiyacı olan jurnalistlərimiz mənzillə təmin olunacaq.
Azərbaycan mətbuatının hazırkı durumunu normal qiymətləndirirəm. Bir sözlə, mətbuatımız yaxşılığa doğru gedir. Hesab edirəm ki, ölkə mətbuatında durulma gedəcək, normal qəzetlər inkişaf edəcək və reket qəzetlərlə mübarizə də davam edəcəkdir.

Rəşad Məcid,
"525-ci" qəzetin baş redaktoru:

- Milli mətbuatın 135 illiyi ilə bağlı dövlət tərəfindən bizə ayrılan vəsaitin 8 min manatını "Azərbaycan" nəşriyyatına olan borclarımıza, 4 min manatını Vergi və Sosial Fonda olan borclarımıza, 3 min manatını digər informasiya xidmətlərinə olan borclarımıza, 5 min manatını isə redaksiyada işləyən işçilərimizin maaş və qonorarına ayırdıq.
Arzu edirik ki, jurnalistlərin sosial problemlərinin həll olunması istiqamətində atılan bu addım davamlı olsun. Vaxtaşırı jurnalistlərin sosial məsələlərinin həlli üçün dövlət tərəfindən bu cür addımlar atılsın. Bildiyiniz kimi, Azərbaycan jurnalistləri indi iqtisadi çətinliklə yaşayırlar və onların sosial-məişət vəziyyətləri ürəkaçan deyil. Biz cənab Prezident tərəfindən atılan ilk addımı yüksək səviyyədə dəyərləndiririk və arzu edirik ki, bundan bizim evsiz və çətin vəziyyətdə olan jurnalistlərimiz bəhrələnsinlər.
Azərbaycan mətbuatının hazırkı durumu ilə bağlı müxtəlif fikirlər səslənir. Amma biz hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan mətbuatının vəziyyəti, problemi ölkənin iqtisadi vəziyyətindən asılıdır. İqtisadi uğurlar mətbuatın inkişafına və problemlərin həllinə də yardım göstərir.
Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, həmçinin, mətbuat günündə Prezidentin imzaladığı Sərəncamlar bir daha sübut etdi ki, ölkə mətbuatının inkişafı daima dövlətin diqqət mərkəzindədir. Bir sözlə, ümid edirik ki, yaxın illərdə Azərbaycanın iqtisadi inkişafına adekvat olaraq, mətbuatımızın iqtisadi vəziyyətində də irəliləyişlər baş verəcək. Mətbuatımız iqtisadi cəhətdən güclü olduqca, artıq kənar və təsadüfi adamların bu sahədə fəaliyyətinə imkan verilməyəcək və mətbuatda, həqiqətən də, peşəkar jurnalistlər fəaliyyat göstərəcək.

Digər xəbərlər