Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlıq daha da genişlənir
Regionda sabitlik və inkişafın əsas qarantına çevrilən Azərbaycan-Türkiyə tərəfdaşlığı Avropanın enerji təhlükəsizliyində fəal iştirak edir. Ölkələr arasında uzunmüddətli siyasi və iqtisadi maraqların təmin olunması, bölgə, dünya üçün yeni enerji mənbəyi rolunu oynamaqdadır. Tarixi "İpək Yolu"nun bərpası, Azərbaycanın Türkiyə ilə, Türkiyənin Orta Asiya ilə, Orta Asiyanın Avropa ilə birləşməsi həm iqtisadi, həm də siyasi layihələr sırasındadır. Eyni zamanda, bu layihələr türkdilli dövlətlər arasında olan əməkdaşlığı daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və Türkiyə iqtisadiyyatın bütün sahələrində inkişafa nail olublar və əməkdaşlığın dərinləşdirilməsi üçün yeni istiqamətlər müəyyən edilib. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədə "Petkim" neft-kimya kompleksinin ərazisində neft emalı zavodunun tikintisinə investisiya qoyması ilə Türkiyə və Azərbaycan arasında investisiyaların ümumi həcmi 15 milyard dollar təşkil edəcək. Türkiyə və Azərbaycan dövlətləri arasında iqtisadi əlaqələrinin daha da güclənməsi istiqamətində investisiyaların ümumi həcminin 15 milyard dollar səviyyəsinə çatdırılması bu sahədə münasibətlərin genişləndirilməsinə xidmət edir.
Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində çoxlu sayda iş adamlarının da Azərbaycana səfəri etməsi baxımından iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmlidir. Hazırda ölkələr arasında investisiyaların ümumi həcmi 10 milyard dollar təşkil edir. Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunun gedişində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev isə bildirib ki, Azərbaycanda geniş imkanlar var və biz ölkənin aqrar sənaye kompleksində - kənd təsərrüfatı məhsullarının istehsalından başlamış ta daşınmaya, emal və saxlanmaya qədər, informasiya texnologiyaları, tranzit daşımaları, turizm sahəsində türk iş adamlarının iştirakını dəstəkləməyə hazırıq.
Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsini 2,2 milyarddan 5 milyard dollaradək çatdırmaq üçün səylərin artırılmasını qeyd edən Türkiyənin dövlət naziri Zəfər Çağlayan isə maraqların müəyyənləşdirilməsi və ölkələr arasında mal dövriyyəsinin artmasına və iqtisadi əlaqələrin genişlənməsinə mane olan mövcud problemlərin həll edilməsi məqsədilə cari ilin noyabr-dekabr aylarında yaradılmış işçi qrupunun ilk iclasının keçirilməsinin planlaşdırıldığını bildirib: "İclas Türkiyədə keçiriləcək."Noyabrda Naxçıvan Muxtar Respublikasında (NMR) Türkiyə ilə münasibətlərin genişləndirilməsi məqsədilə biznes forumunun keçirilməsi də planlaşdırılıb". Türkiyənin dövlət naziri qeyd edib ki, hazırda gündəlikdə duran Türkiyə və Azərbaycanın başlıca layihələrindən biri İqdırdan Naxçıvana uzunluğu 200 km olan yeni qaz kəmərinin çəkilişinin nəzərdə tutulmasıdır. NMR-i Türkiyə ilə birləşdirəcək dəmir yolunun tikintisi məsələsi də aktualdır: "Türkiyə və NMR arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində daha bir addım tərəflər arasında aviareyslərin sayının artırılmasıdır".
Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə daxil olan türkiyəli sahibkarlar Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları və turizm sahələrində, bank sektorunda iştiraka böyük maraq göstərirlər. Xüsusilə, Türkiyə bankı "İş bankası" Azərbaycanın bank bazarında iştiraka böyük maraq göstərir. Bu məqsədlə bank əvvəllər Azərbaycanın Mərkəzi Bankına müraciət edib. Nazir yaxın vaxtlarda Azərbaycanda Türkiyə bankının nümayəndəliyinin açılacağına əmin olduğunu ifadə edib.