Xəbər verildiyi kimi, iki gün əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı yeni müsabiqə elan edib. 19 Yanvar 2010-cu ildə KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunan müsabiqədən fərqli olaraq indiki müsabiqədə istiqamətlərin artması diqqət çəkir.
SİA-ya açıqlamasında KİVDF-nin icraçı direktoru Vüqar Səfərli də yeni müsabiqəyə dəyişikliklərin olduğunu bildirib. Bu ilin yanvar ayında elan olunan müsabiqədə layihələrin 6 istiqamət üzrə qəbul olunduğunu deyən icraçı direktor yeni müsabiqədə qaliblərin 15 istiqamət üzrə məyyənləşəcəyini bildirib. V.Səfərli qeyd edib ki, istiqamətlərin artırılması öz növbəsində hər istiqamət üzrə qaliblərin sayının azalmasına səbəb olub. Belə ki, icraçı direktor hər istiqamət üzrə 5 deyil, 3 qalibin olmasının yeni müsabiqədəki əsas dəyişikliklərdən biri olduğunu deyib. O, istiqamətlərin artırılması ilə daha çox mövzunun əhatə olunmasına şərait yaradıldığını ifadə edib.
Fondun icraçı direktoru hər bir layihə üçün verilən maksimum məbləğin 15 min manatdan 25 min manata qədər artırılmasının da mühüm əhəmiyyət daşıdığını və bu məqamın müsabiqədə iştirak edən KİV-lərin və jurnalist təşkilatlarının məsuliyyətini artırdığını dilə gətirib. Müqayisə olaraq hər iki müsabiqənin istiqamətlərini təqdim edirik.
19 Yanvar 2010-cu ildə elan edilən müsabiqənin istiqamətləri:
- fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
- informasiya və kommunikasiya texnologiyalarının, müasir texniki nailiyyətlərin KİV-lərin fəaliyyətinə tətbiqi;
- KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması, dövlət orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi;
- ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji maarifçilik;
- Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Yeni müsabiqənin istiqamətləri:
-Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi,
-Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi,
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi,
-Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi,
-Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması,
-Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği,
-Azərbaycançılıq ideyasının təbliği,
-Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi,
-Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi,
-İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi,
-Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi,
-Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi,
-Ekologiya və ətraf mühitin mühafizəsi,
-Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması və əməkdaşların peşəkarlığının artırılması.
Qeyd edək ki, keçən müsabiqədə qaliblərin sayı 30 olduğu halda yeni müsabiqədə onların sayı 45 olacaq. Bu isə müsabiqənin daha çox KİV və jurnalist təşkilatını əhatə etməsi deməkdir.