Türkiyənin Rusiyadakı səfiri türklərin
Türkiyənin Rusiyadakı səfiri Xəlil Akıncı İTAR-TASS agentliyinə müsahibəsində bildirmişdir ki, Azərbaycan və Türkiyə "bir millət, iki dövlətdir" və bu səbəbdən türklər Dağlıq Qarabağın işğalını öz torpaqlarının zəbt olunması kimi qəbul edirlər.
Səfir bildirmişdir ki, Rusiya və ABŞ Dağlıq Qarabağ probleminin həlli ilə bağlı daha ciddi təsir mexanizmlərinə sahibdirlər. Rusiya münaqişə tərəfləri ilə yaxşı münasibətlərə malikdir və problemin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində səylər göstərir. Lakin, bu səylər daha da sürətləndirilməlidir. Minsk qrupunun həmsədrləri Ermənistana qarşı daha qətiyyətli olmalı və bitərəf qalmamalıdırlar. Çünki, bu problemin mənbəyi məhz Ermənistandır. Bu yerdə Çörçilin bir sözünü xatırlatmaq istəyirəm: "Yanğınsöndürənlərlə alov arasında bitərəf olmaq mümkün deyildir. Yanğın zamanı yanğınsöndürənlərin yanında olmaq lazımdır".
Xəlil Akıncı Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə də toxunmuşdur. Səfir demişdir ki, keçmiş SSRİ dağıldıqdan sonra Ankara Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən oldu və hətta orada diplomatik nümayəndəliyin açılmasını planlaşdırırdı. O zaman mən Moskvada müstəşar vəzifəsində işləyirdim və Yerevana getmək təklifi aldım. Lakin, Ermənistan tarixi Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və ətraf rayonları işğal etdikdən sonra, 1993-cü ilin mayında sərhədləri bağladıq. Bu gün sərhədin bağlanma səbəbi aydın olunca, açılmamasının səbəbi də anlaşılır. Sərhədlər yalnız Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarını azad etməsindən sonra açıla bilər. Türkiyəli diplomat qondarma "erməni soyqırımı"ndan bəhs edərkən bildirmişdir ki, bu iddialar tamamilə yalandır. Erməni daşnak quldurları XX əsrin əvvəllində böyük qətliamlar törətmişlər. Onlar təkcə Türkiyədə deyil, Azərbaycanda da çoxlu insanı qətlə yetirmişlər. Dünya ictimaiyyəti milyonlarla türkün vəhşicəsinə öldürülməsi faktına göz yumaraq, erməni yalanları ilə məşğuldur.