Milli qəhrəman Mübariz İbrahimovun cəsədinin təhqir edilmiş formada erməni saytlarında yayılması ermənilərin vəhşi simasını ortaya qoydu
Bu gün hər bir azərbaycanlının qəlbində vətən sevgisi var. Azərbaycanın igid və mərd oğulları var ki, onlar vətən uğrunda mübarizədə canlarını, həyatlarını qurban verirlər. Belə oğullar hər zaman vətənin qürur yeridir. Qəlbi vətən sevgisi ilə dolu olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov öz əməli ilə əlçatmaz bir zirvəyə yüksəldi və öz canını vətən yolunda qurban verdi. Qəhrəmancasına erməni əsgərlərini məhv edən Mübariz şəhidlik zirvəsinə ucaldı. Bölgədəki avtomaşınların üzərində Mübarizin şəkli asılıb, hər kəs bu gün onun qəhrəmanlığından danışır. Amma Mübarizin cəsədi hələ də separatçı ermənilərin əlindədir. Azərbaycan xalqı Mübariz İbrahimovun cəsədinin öz doğma torpağına qaytarılmasını tələb edir.
Qəhrəmanın cəsədinin hələ də Ermənistan tərəfindən qaytarılmaması Azərbaycan ictimaiyyəti arasında ermənilərə qarşı növbəti nifrət və qəzəb doğurmaqdadır. İşğalçı ölkə rəsmiləri müxtəlif hiylə və bəhanələrlə cəsədin Azərbaycana verilməsinə əngəllər yaradır. Beynəlxalq təşkilatların müraciətlərinə Ermənistan cəsədin onlarda olmadığını qeyd edir. Ötən gün isə Ermənistan saytları Mübariz İbrahimovun şəkillərini təhqiramiz formada əl-qolu bağlı, sifəti əzilmiş halda yayımlayıblar. Söhbət etdiyimiz millət vəkilləri bu faktı erməni vəhşiliyinin əxlaq və hüquq normalarına sığmayan vandalizm aktı kimi dəyərləndirdilər.
Məlahət Həsənova,
millət vəkili:
- Bu gün internet saytlarında ermənilərin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəklinin insanlığa sığmayan formada yayması heç bir insanlığa sığmır. Onlar bununla təkcə Mübarizə qarşı deyil, bütün bəşəri dəyərlərə təcavüz etdiklərini nümayiş etdiriblər. Ermənilər nəinki Azərbaycana qarşı təcavüzkar hərəkət ediblər, nəinki Cenevrə Konvensiyasının şərtlərini pozublar, hətta beynəlxalq hüququn bütün normalarına qarşı olduqlarını nümayiş etdiriblər. Şəkillərin yayılması separatçı, işğalçı ermənilərin ən alçaq hərəkətlərindəndir. Bu alçaqlığı izah etməyə insan heç bir söz tapmır. Belə hərəkətləri ilə ermənilər əsil mahiyyətlərini oraya qoymuş olublar. Bununla dünyaya göstərmək istəyirlər ki, Serj Sarkisyan dövləti təcavüzkar dövlətdir. Çox təəssüf ki, artıq iki aya yaxındır ki, qəhrəman Mübariz İbrahimovun cəsədi ermənilərdədir. Amma heç bir beynəlxalq təşkilat onların antibəşəri, antihumanist əməllərinin qarşısını ala bilmir. Bu özü bir daha beynəlxalq təşkilatların ermənilər qarşısında aciz olduqlarını göstərir. Mübariz İbrahimov vətən uğrunda şəhid oldu və cənab Prezidentimiz ona dövlətimizin ən yüksək adı olan milli qəhrəman adı verdi. Qəhrəmanlar isə ölməzdir.
Aydın Hüseynov,
YAP Siyasi Şurasının üzvü:
- Erməni xisləti, erməni vandalizmi hər kəsə aydındır. Ermənilər bu hərəkətləri ilə bir daha göstərdilər ki, hansı etik normaların sahibidirlər. Vaxtilə Xocalıdakı soyqırım, Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilən cinayətlərin ermənilər tərəfindən törədilməsi bir daha təsdiq olundu. Əslində, beynəlxalq təşkilatlar və bütün dünya ölkələri bir daha görsünlər ki, Ermənistan hansı xislətin və mənəvi tərbiyənin sahibidir. Bu hərəkətlər Azərbaycan ictimaiyyətində artıq müzakirə obyektinə çevrilibdir. Hərbi əsirlərlə, vaxtilə girov götürülmüş insanlarla ermənilərin vəhşi davranışı beynəlxalq təşkilatlar tərəfindən cavabsız qaldığı üçün bu gün ermənilər eyni hərəkəti törədirlər. Hüquqdan, insan haqlarından danışan təşkilatlar bu hərəkətə öz mənfi reaksiyasını bildirməlidir. Dağlıq Qarabağ probleminin həll olunmasında böyük güc sərf etməlidirlər. Azərbaycan erməni vandalizmini pisləyir. Ermənilər əvvəlcə, milli qəhrəmanın meyidinin onlarda olmadığını söyləyirdilər, sonra isə şəklini yayımlamağa başladılar. Bu hərəkətlər ermənilərin bir daha riyakar olduqlarını sübut etdi. Biz dünya ictimaiyyətindən tələb edirik ki, vandalizmə son qoyulsun və milli qəhrəman Mübariz İbrahimovun cəsədinin öz torpağına tapşırılması üçün geri qaytarılsın.
Musa Quliyev,
millət vəkili:
- Ermənistandan hər cür cinayətkarlıq gözləmək olar. Ən ağrılı faciə olan Xocalı soyqırımını da ermənilər törədib.Onların milli qəhrəmana qarşı törətdikləri hərəkət öz gücsüzlüklərini başqa bir şəkildə etiraf etmələridir. Heç bir dövlət cəsədi bu şəkildə təhqir etməz. Bizim milli qəhrəmanımız öz sözünü sağ ikən silahı ilə dedi. Mübariz artıq şəhidlik zirvəsinə ucalıb. Bütün Azərbaycan əsgəri öz torpağını istənilən halda, azad etməyə hazırdır. Ermənilərin gücü cansız bir cəsədə çatır. Bu hərəkətləri ilə ermənilər Azərbaycanın beynəlxalq hüquq normalarına hörmət göstərmədiklərini bildirir. Ermənilər bir gün öz layiqli cavablarını alacaqlar.