PDF Oxu

Sosial

  • 12

Azərbaycanın maliyyə qüdrəti artır

Azərbaycanın maliyyə qüdrəti artır
Azərbaycanın 2010-cu il üçün təsdiqlənmiş dövlət büdcəsinin gəlirləri artırılır. Milli Məclisin iclasında 2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsinin müzakirəsi aparılıb və layihə qəbul olunub. Qeyd edək ki, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə göndərilib.
Dövlət büdcəsində dəyişikliyə səbəb olan iki amil var. 2010-cu ilin büdcəsində neftin baza qiyməti 45 ABŞ dolları götürülüb. 2010-cu ilin 5 ayı ərzində dünya bazarında bu qiymət 75 dollardan aşağı düşməyib. İkincisi, bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da təbii fəlakət baş verib. Təbii fəlakətdən zərər çəkən insanlara yardım göstərilməsi üçün əlavə vəsaitin ayrılmasına ehtiyac var.
Qeyd edək ki, dəyişiklikdən sonra dövlət büdcəsinin gəlirləri 1 milyard 490 milyon manat, xərcləri isə 1 milyard 11 milyon manat artırılacaq. Bununla da dövlət büdcəsinin gəlirləri 11 505 milyon manata, xərcləri isə 12 275,3 milyon manata çatdırılacaq. Gəlirlərin artımının 490 milyon manatı Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq.
Təklif olunan əlavə gəlir hesabına dövlət büdcəsinin kəsiri 770,3 milyon manatadək azaldılacaq. Nəticədə dövlət büdcəsinin kəsiri gözlənilən ümumi daxili məhsulun 2,5 faizin təşkil edəcək ki, bu da təsdiq olunmuş büdcə kəsirindən 1,6 faiz azdır. Büdcədə 1 barel neft 60 manat hesablanacaq.
Təhlillər nəticəsində müəyyən olunub ki, 2010-cu il dövlət və icmal büdcələri hesablanarkən neftin 1 barelinin 45 dollardan 60 dollara çatdırılması 2010-cu il dövlət büdcəsinin gəlirlərinin əlavə olaraq 490 milyon manat, Dövlət Neft Fondunun gəlirlərinin isə 2 milyard 700 milyon manat artmasına əsas verir. Buna görə də, büdcədə neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi təklif olunub.
Qeyd edək ki, hazırda dünya neft bazarlarında Azərbaycan üçün münbit şərait mövcuddur. Yəni neftin qiyməti təklif olunan qiymətdən xeyli yüksəkdir. Bu baxımdan neftin qiymətinin 60 dollara çatdırılması dövlət büdcəsinin əlavə gəlirlərinin yaradılması üçün məqbuldur.
Büdcədəki artımlardan təbii fəlakətin aradan qaldırılmasına 300 milyon manat ayrılması nəzərdə tutulur. Ölkədə təbii fəlakətin nəticələrinin aradılması üçün yaradılmış Dövlət Komissiyası fəaliyyətində ilk növbədə təxirəsalınmaz tədbirlər həyata keçirib.
Hazırda isə dövlət başçısının sərəncamına uyğun olaraq təbii fəlakətdən ziyan çəkmiş rayonların iqtisadiyyatına, nəqliyyat, enerji, rabitə, sosial və digər infrastrukturlarına dəymiş ziyanın qiymətləndirilməsi prosesi başlanıb. Həmin bölgələrdə əhaliyə maddi köməklik məsələləri də nəzərdən keçirilir. Bu prosesin həyata keçirilməsi üçün əlavə vəsaitə ehtiyac var idi ki, bu səbəbdən də, 2010-cu ilin dövlət büdcəsinin gəlir və xərc hissəsinə əlavələr edilir.
Dürüstləşmədən sonra sosial xərclər 99,3 milyon manat, elm, təhsil mədəniyyət, incəsənət, səhiyyə, informasiya və bədən tərbiyəsi xərcləri 14,5 milyon manat artırılacaq. 608,5 milyon manat əsaslı xərcin 65,7 faizinin, yəni 400 milyon manatın isə müdafiə və təhlükəsizlik məsələlərinə ayrılması planlaşdırılır. Çünki Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılması və təhlükəsizliyinin təmin edilməsi əsas prioritetlərdən olaraq qalır. Ölkəmizin yerləşdiyi bölgədə geosiyasi vəziyyəti nəzərə alsaq, bu, çox vacib istiqamətdir.
Millət vəkillərinin fikrincə, xarici və daxili borcların aşağı salınması hesabına büdcə kəsirinin 480 milyon manat aşağı salınması müsbət amil kimi dəyərləndirilməlidir. Dünya ölkələrinin böhrandan əziyyət çəkdiyi, xarici borclanmaya getdiyi bir zamanda bu faktor Azərbaycanın davamlı inkişaf tempini saxladığını göstərir. Onu da nəzərə almaq lazımdır ki, ölkənin gəlirləri təkcə dövlət büdcəsinə toplanmır. Dövlət Neft Fondunun da gəlirləri önəmli dərəcədə artır ki, bu da sosial proqramların uğurla davam etdirilməsinə şərait yaradır.
Büdcə dəyişikliklərində ölkənin müdafiə və təhlükəsizlik xərclərinin 300 mln. artırılması da təqdirəlayiq haldır. İndiki şəraitdə buna ehtiyac var idi və Azərbaycanın xarici təhlükələrdən qorunması, müharibə baş verəcəyi təqdirdə, yetərli maddi imkanların sağlanması bundan asılıdır.
Ümumiyyətlə, qeyd olunan göstəricilər və proqnozlar neftin 60 dol/barrel qiyməti ilə götürülüb. Lakin nəzərə alsaq ki, ilk yarım ildə neftin qiyməti 75-80 dol/barrel arasında dəyişib və ilin sonunadək bu qiymətin 70 dol-dan aşağı olmayacağı ehtimal olunur, o zaman inamla demək olar ki, ilin sonunda Azərbaycanın büdcə gəlirləri proqnozdan xeyli yüksək olacaq. Nəticədə büdcə kəsiri örtüləcək və əlavə vəsaitlətin sosial proqramlara yönəldilməsi nəticəsində əhalinin sosial müdafiəsi güclənəcək.
Üstəlik, qlobal böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu artır və bu da yaxın vaxtlarda ÜDM artımına və büdcə gəlirlərinin artımına müsbət təsir göstərəcək. Bundan başqa, yeni neft-qaz layihələrinin işə düşməsi və ixracın artması da gəlirlərin artmasına səbəb olacaq. Bu da, ölkə əhalisinin yaşam səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək.

Digər xəbərlər