Məlum olduğu kimi, Ermənistanda NATO təlimlərinin keçirilməsi ilə əlaqədar olaraq, Yerevan Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı məlumatlar yayır. Bu məlumat nə dərəcədə reallığı əks etdirir? Türkiyə-Ermənistan sərhədlərinin qısa müddətdə "NATO təlimləri çərçivəsində" açılması Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ciddi zərbə vurmayacaq ki? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Mais Səfərli,
"Yurddaş" partiyasının sədri:
- Bunu Ermənistan tərəfindən yayılan növbəti dezinformasiya kimi qiymətləndirirəm. Çünki Ermənistan-Türkiyə sərhədlərinin açılması mümkün deyil. Ona görə ki, Türkiyə bir dövlət olaraq, birmənalı şəkildə bəyan edib ki, Dağlıq Qarabağ məsələsi həll edilməyənə qədər Ermənistan-Türkiyə sərhədləri açılmayacaqdır. Bildiyiniz kimi, Dağlıq Qarabağın işğalı ilə əlaqədar olaraq, Türkiyə 1993-cü ildə bu sərhədləri bağlamışdır. Ona görə də, bu sərhədlərin açılması yalnız bir şərt daxilində mümkündür. Həmin o şərtə isə ermənilər əməl etmirlər. Deməli, sərhədin açılması Ermənistan tərəfindən bir dezinformasiyadır. Sadəcə olaraq, onlar Türkiyə və Azərbaycan ictimaiyyətini narahat etmək və bir-birinə qarşı şübhələr yaratmaq üçün vaxtaşırı belə dezinformasiyaları dövriyəyə buraxırlar.
Fikrimcə, Türkiyə tərəfinin bu informasiyaya hələ heç bir reaksiyası yoxdur. Çünki sözügedən bu məsələ ilə bağlı hadisələri diqqətlə izləyirəm. Əgər belə olacaqsa, yəni Türkiyə tərəfi təminatlı olaraq bildirəcəksə ki, bir neçə günlük sərhədlər yalnız bu təlimlərlə əlaqədar açılacaq. Hesab edirəm ki, Azərbaycan tərəfi bunu anlaşıqlı şəkildə qəbul edəcəkdir. Bir sözlə, bu, bizim üçün başa düşülən bir məsələdir. Çünki Türkiyə NATO-nun üzvlərindən biridir. Yəni, NATO-nun ən güclü qollarından biridir. Ona görə də, NATO-nun genişlənməsi və Qafqaza doğru irəliləməsi, əslində, bizim maraqlarımıza da uyğundur. Düşünürəm ki, əgər bu təlimlərlə bağlı və yalnız bu təlimlər müddətində, yəni ticari məqsədlə deyil, bu məqsədlə açılacaqsa ki, ordan - Türkiyənin ərazisindən NATO-nun hərbi texnikası keçsin, bu, tərəfimizdən başa düşüləndir. Əks təqdirdə isə, yəni uzun müddətə bu sərhədlər açıla bilməz və bu, qeyri-mümkündür.
Kamil Seyidov,
"Azad Respublikaçılar" partiyasının sədri:
- Fikrimcə, sərhədlərin açılması ilə bağlı olan məlumat dezinformasiya xarakterli fikir ola bilər. Bildiyiniz kimi, Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, əgər Dağlıq Qarabağ problemi həll olunmadan heç bir vaxt hər hansı bir formada Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz. Bu məlumat gedəndən sonra Türkiyə dövlətinin rəsmiləri də buna öz münasibətlərini bildirərək, qeyd etdilər ki, sözügedən sərhədlərin açılması heç də NATO təlimləri ilə əlaqədar olmayacaq. Bu sərhədlərin açılması o vaxt mümkün olacaq ki, Dağlıq Qarabağdan erməni işğalçıları çıxarılmalıdır və bundan sonra isə, ancaq sözügedən sərhədlərin açılmasından söhbət gedə bilər. Əslində, bu erməni mətbuatının və onları himayə edən digər kütləvi informasiya vasitələrinin təəssübkeşliyindən doğan bir məlumatdır. Bir sözlə, inanmıram ki, Türkiyə rəsmiləri də sözügedən bu məsələyə müəyyən mənada razılıq versinlər.
Sərhədlərin bu və ya digər formada açılması məsələsinin bir zaman gündəmə gətirilməsi, təbii ki, Azərbaycan-Türkiyə münasibətlərinə müəyyən dərəcədə xələl gətirən amil oldu. Amma son proseslər, yəni istər Türkiyə ictimaiyyətinin, istərsə də, Azərbaycan ictimaiyyətinin bu hadisələrə münasibəti onu göstərdi ki, Türkiyə rəsmiləri, hətta NATO təlimlərinə də NATO rəsmilərinin təzyiqi altında getmirlər. Təbii ki, bu addım atılacaqsa, Türkiyə-Azərbaycan münasibətlərinə müəyyən qədər zərər gətirə bilər. Bizim siyasi proqnozumuz belədir ki, hətta Türkiyənin qonşuluq siyasəti çərçivəsində bu addım hadisələrin yumşaldılmasına xidmət etsə də Azərbaycan-Türkiyə münasibətlərinə zaman-zaman zidd olan münasibət olar. Təbii ki, biz Türkiyə rəsmiləri tərəfindən gözləmirik və inanırıq ki, Türkiyə, hansı formada olur-olsun, beynəlxalq təşkilatların sərhədlərin açılması ilə bağlı təzyiqlərinə cavab verəcək.