Dövlət siyasəti Azərbaycan xalqının sosial müdafiəsinə hesablanıb
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın sürətli inkişafına və bir sıra nəticələrin əldə olunmasına gətirib çıxarmışdır. Dövlət başçısının 2003-cü ildən iqtisadi siyasətin ana xəttinə çevirdiyi regional inkişaf konsepsiyasına əsaslanan dövlət siyasəti Azərbaycan xalqının sosial təhlükəsizliyinin daha da güclənməsi üzərində köklənərək, inamla davam etdirilib.
Bütün sahələrdə yeniləşən Azərbaycan da hazırkı yüksək inkişaf mərhələsində infrastrukturun müasir tələblərə uyğun qurulması, insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı ilə şərtlənir. Bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard vəsait ayrılmışdır.
Sözügedən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətini nəzərə alan dövlət başçısı regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə edilməsi ilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, qeyri-neft sənaye sahələrinin inkişafını prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. Azərbaycanın neftdən asılılığının aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafının təmin olunması, məşğulluğun səviyyəsinin yüksəlməsinə zəmin yaradan sosial-iqtisadi siyasətə önəm verməsi ölkədə sosial təhlükəsiziliyin qarantına çevrilib. Azərbaycanda son altı ayda 36 min yeni iş yerləri açılması bütün bunları deməyə əsas verir. Dövlət proqramalarının icrası nəticəsində 900 min yeni iş yeri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir.
2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiyanın templərini qabaqlayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, inzibati və yardımçı xidmətlərin göstərilməsi, peşə, elmi və texniki fəaliyyət sahələrində, tikintidə orta aylıq əməkhaqqı daha yüksəkdir. Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur və regionlarda gedən quruculuq- abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur.
Ölkəmizdə həyat səviyyəsinin yaxşılaşmasına təsir edən daha bir amil dövlət büdcəsinin sosialtutumlu olmasıdır. Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycanda aparılan islahatları, xüsusilə, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların bugünkü reallıqları təmin etdiyini qeyd edib: "Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq".
Azərbaycanda böyük maliyyə resurslarının yaradılması nəticəsində cari ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artaraq - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır.