Kənd təsərrüfatı mallarının satış yarmarkalarında əhaliyə yüksək səviyyədə xidmət göstərilir
"Artıq 6-cı ilə keçir ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Bakı şəhər İcra Hakimiyyətinin birgə fəaliyyəti nəticəsində, kənd təsərrüfatı mallarının satış yarmarkaları yüksək səviyyədə fəaliyyət göstərir. Bakı şəhərində 7 rayonun ərazisində, 15 yerdə, şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir. Bu zaman müddətində, vətəndaşların da qeyd etdiyi kimi, bu, yarmarkalar öz səmərəsini və bəhrəsini verib".
Bu barədə "Səs" qəzetinə açıqlamısında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, bu zaman müddətində vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan bu yarmarkaların gələcəkdə daha da inkişaf etdirilməsi nəzərdə tutulur. O cümlədən, o bildirib ki, bu yarmarkaların şənbə və bazar günləri mütəmadi şəkildə keçirilməsi nəzərdə tutulur. Bu yarmarkalarda satılan kənd təsərrüfatı mallarının qiyməti bazar qiymətlərindən orta hesabla 20-30% bəzi mallarda isə 50%-ə qədər fərqlənir. M.Hacıyevin sözlərinə görə, bu sahədə mütəxəssislərin apardığı monitorinqlər, o cümlədən, bu 5 il müddətinə bu kimi yarmarkaların təşkilatçılığı bilavasitə bazar qiymətlərinin qalxmasının qarşısını alıb. Yarmarkada qiymətlər istehsalçı ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri arasında qarşılıqlı razılaşma əsasında müəyyənləşirdirildiyini, digər tərəfdən Bakı şəhərini əhalisi, xüsusilə, aztəminatlı ailələr bu yarmarkalardan lazımi qədər bəhrələnə bilirlər. Yarmarkalar keçirilməmişdən əvvəl Bakı şəhərinin bir neçə bazarında monitorinqlər keçirilir. Nəticə etibarılə qiymətlər müəyyənləşir. Fermerlər, kənd təsərrüfatı mallarının istehsalçıları heç bir çətinlik çəkmədən istehsal etdikləri məhsulları yarmarkalarda satmaq imkanı əldə ediblər. Bu günə qədər 100 min tona yaxın məhsul satıldığını vurğulayan M.Hacıyev qeyd edib ki, respublikanın 45 kənd rayonlarında hər həftənin şənbə və bazar günlərində 500 tondan artıq kənd təsərrüfatı məhsulları yarmarkalara gətirilib. Kənd təsərrüfatı məhsullarının yarmarkalara gətirilmə proseslərini isə məhsulu gətirən fermerin adı və soyadından tutmuş, məhsulun çeşidinə, gətirildiyi avtomobilə kimi qeyd edildiyini vurğulayan M.Hacıyev tənzimlənmə mexanizminin bu cür həyata keçirildiyini qeyd edib.
O cümlədən, yarmarkaların keçirildiyi ərazilərdə ət və süd məhsullarına baytarlıq mütəxəssisləri tərəfindən tam nəzarət olunur. Bitkiçilik məhsullarına isə fitasanitar nəzarət mütəxəssislər tərəfindən həyata keçirilir. M.Hacıyev satışdan əvvəl əhalinin keyfiyyətli məhsul almağı üçün bütün şəraitin yaradıldığını bildirib. Bazar qiymətlərindən ucuz və bütün keyfiyyətlərə cavab verən məhsullar Bakı şəhər vətəndaşlarının tam ürəyincədir.
M.Hacıyev hesab edir ki, gələcəkdə bu kimi xidmətlər daha da artacaq və göstərilən xidmət daha da yüksək səviyyədə olacaq.