Ölkədə işsizliyin səviyyəsi 6 % düşüb
Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Baş Məşğulluq İdarəsinin 2010-cu ilin 6 ayına dair fəaliyyəti haqqında mətbuat konfransı keçirilib. Konfransda Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli mətbuat orqanlarına 2010-cu ilin 6 aylıq yekunları barədə geniş məlumat verib. O bildirib ki, məşğulluq xidməti orqanları tərəfindən işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlərlə təminatı istiqamətində tədbirlər cari ilin 6 ayında da uğurlu davam etdirilib.
A.Bədəlbəyli bildirib ki, 2009-cu ildə ölkədə işsizliyin səviyyəsi 6,1%-dən 6%-ə düşüb. Hazırda respublika üzrə işsizliyin səviyyəsi 6%-dir. Keçən müddət ərzində Məşğulluq Xidmətinə 21416 nəfər iş axtaran vətəndaş müraciət edib. Müraciət edən işsiz vətəndaşın 11159 nəfəri müxtəlif işlərlə təmin olunublar. 815 nəfər vətəndaş isə haqqı ödənilən ictimai işlərə cəlb olunublar. O cümlədən, 2310 nəfər isə müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb ediliblər. Kurslara cəlb olunanlardan 1227 nəfəri Bakı, Naxçıvan şəhərlərində eləcə də, Göyçay rayon Regional Peşə Tədrisi Mərkəzlərində Peşə hazırlığı kurslarına cəlb olunublar. Hətta məhkumluq müddətinin bitməsinə az qalmış 45 nəfər, elektrik-qaz qaynaqçısı və avtomobil təmiri üzrə çilingər peşələri üzrə peşə hazırlığına cəlb olunurlar. A.Bədəlbəyli onu da bildirib ki, respublikanın 10 şəhər və rayonunda əmək yarmarkaları keçirilib. Bu yarmarkalarda işsiz vətəndaşlar üçün 361 müəssisə tərəfindən 3063 boş iş yerləri təqdim olunub. 861 nəfər işsiz vətəndaşlar özlərinə münasib işlərlə təmin olunublar.
İşsizlik müavinətləri ilə bağlı A.Bədəlbəyli qeyd edib ki, ölkədə orta götəricisi 305 manatdır. Respublika üzrə orta aylıq əməkhaqqının 298 manat olduğunu və ondan çox olmayaraq işsizlik müavinətləri təyin edilib. Ölkədə minimum müavinət isə 55 manatdır. Bu yönümdə də müəyyən tədbirlər görülür. İşsizlik müavinətinin verilməsi qanun çərçivəsində həyata keçirilir.
Hazırda regionların əmək bazarında müəllimlər və tibb işçilərinə çox böyük tələbat olduğunu vurğulayan A.Bədəlbəyli qeyd edib ki, hazırda bu problemlərin aradan qaldırılması üçün müvafiq işlər həyata keçirilir. Bundan əlavə, Bakı şəhərində ən çox fəhlə peşələrinə ehtiyac var. Peşə hazırlığı kurslarının tədrisi zamanı bu sahə üzrə kurslara xüsusi önəm verilib. Nədənsə gənclərimiz fəhlə peşələrinə çox da can atmırlar. Bu da peşə yönümlü məsləhətlərin düzgün verilməməsindən irəli gəlir. Hazırda Bakının bütün məktəblərində peşəyönümlü kabinetlər yaratmışıq. 2010-cu ilin 6 ayı ərzində 61 nəfər ixtisas peşəsi əldə edib və əmək bazarına istiqamətləndirilib. Pilot layihə olaraq Nəsimi rayonu bu tədbiri 1 saylı orta məktəbdə Valideyn Şurası ilə birlikdə keçirdik. İlin sonuna kimi Bakı şəhərində məktəblərin 50-60%-ində bu tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən "əmək birjaları" tərəfindən 1888 nəfər işsiz vətəndaş, o cümlədən, 1020 nəfər qadın, 896 nəfər gənc, 82 nəfər qaçqın və məcburi köçkün, 12 nəfər əlil müvəqqəti xarakterli işlərlə təmin olunub. Gələcəkdə işsizlik problemlərinin də qarşısının alınması yönümündə planların hazırlandığını qeyd edən A.Bədəlbəyli gənclərin gələcəkdə işsizlik problemi ilə üzləşməmələri üçün onlara peşə seçiminə köməklik göstərilməsi məqsədilə, Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən cari ilin I yarımili ərzində respublika üzrə 62 100 nəfərə peşəyönümü məsləhətlər verildiyini vurğulayıb.