PDF Oxu

Sosial

  • 21

Azərbaycanın müdafiə sənayesi güclənir

Azərbaycanın müdafiə sənayesi güclənir

Bildiyimiz kimi, son illər Azərbaycanda müdafiə sənayesi sürətlə inkişaf edən strateji sahələr sırasındadır. Ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan çoxşaxəli siyasət həyatın bütün sahələrində özünü göstərməkdədir. Yeni mərhələdə isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət ölkəmizdə müdafiə sənayesinin də inkişafına gətirib çıxarıb. 2010-cu ilin son 6 ayının yekunları ilə bağlı Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında Azərbaycan Müdafiə Sənayesinin inkişafı və digər məsələlərlə bağlı çıxışı bizə, Azərbacanın regionda güclü dövlət olduğunu deməyə əsas verir. Müdafiə sənayesinin inkişafı hazırda nə yerdədir və bu sahədə görülən işləri necə qiymətləndirirsiniz? Bu barədə müsahiblərimizin fikirlərini öyrəndik.

- Millət vəkili Nazim Məmmədov:

- Müdafiə sənayesinin gücləndirilməsi, əlbəttə, tarixi bir hadisədir. Sovet imperiyasının təsirindən çıxan bir ölkə olaraq müdafiəmizin gücləndirilməsi yönümdə bir çox işlər görməli idik. Təbii ki, inkişafın bu dərəcə yüksək səviyyədə olması sevindirici haldır. Vaxtilə cənab Prezidentimizin təşəbbüsü ilə yaradılan Müdafiə Sənayesi Nazirliyi son illər böyük uğurlara nail olub. Ölkə başçısının da, qeyd etdiyi kimi, bir çox növ silahların emalı artıq öz sənayemizdən asılıdır. Təbii ki, bu da müdafiə qabiliyyətimizin gücləndirilməsi deməkdir. Heç bir şübhə yoxdur ki, bu da hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinə hesablanıb. Onu da qeyd edim ki, hazırda türkiyəli mütəxəssislərin köməyi ilə ordumuzda Avroatlantik məkana inteqrasiya olunmaq və NATO standartlarını qəbul etmək istiqamətində əhəmiyyətli işlər davam etdirilir.
Eyni zamanda, 2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilən zaman 400 milyon manatın müdafiə qabiliyyətimizin artırılması ilə bağlı hərbi xarclərə ayırılması cənab Prezidentin müdafiə sahəsinə xüsusi diqqət və qayğısından irəli gəlir. Fikrimcə, bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də çox böyük rol oynayan amillər sırasındadır. Müdafiə sənayesinin inkişafı bir daha Ermənistana göstərir ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq. O cümlədən, müdafiə sənayesinin inkişafı bütövlükdə Azərbaycanın müdafiə və hərbi-siyasi qüdrətinin gələcək istiqamətləri ilə şərtlənir.

YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov:

- Müdafiə sənayesi Azərbaycanın dövlət quruculuğunun təqribən 7 sütunundan biridir. 7 sütun dedikdə, dövlətin başlıca idarə və dövlət kimi özünü tanıda bilmə keyfiyyətləri nəzərdə tutulur. Bu sütunlar ayrı-ayrılıqda dövlətin inkişafında və formalaşmasında müəyyən rola malikdir. Cənab Prezidentin son 6 ayın yekunlarına dair çıxışında da qeyd etdiyi kimi, müdafiə sənayesi sayəsində ordumuz ən son silah və hərbi təchizata malikdir. Bütün bundar bir daha göstərir ki, dövlət başçısı tərəfindən aparılan siyasət çox uğurlu və yüksək siyasi iradəyə malikdir. Onu da qeyd edim ki, ordu quruculuğu, texniki təminat, hərbi silah-sursatların hazırlanması Azərbaycanın müdafiəsini qüvvətləndirməklə yanaşı, həmçinin, ölkəmizin hərbi potensialının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

Azərbaycanın ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, sabiq müdafiə naziri Dadaş Rzayev:

- Hazırda müdafiə sənayesini böyük addımlarla irəliləməsini müşahidə edirik. Əlbəttə, bu, olduqca sevindirici haldır. Hər bir müstəqil ölkənin özünü xarici təsirlərdən qorunması və müdafiəsi yüksək səviyyədə olmalıdır. Bu səbəbdən də, bir çox ölkələr müdafiə sahəsinə xüsusi diqqət yetirirlər. Əlbəttə, ölkə başçısı cənab İlham Əliyevin bu yöndə gördüyü bütün işlər təqdirəlayiqdir. Cənab Prezidentin uzaqgörənliyi sayəsində hazırda Azərbaycan Respublikasının müdafiəsi yüksək səviyyədədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin Sərəncamı ilə yaranan Müdafiə Sənayesi Nazirliyi artıq 400-dən artıq hərbi təyinatlı avadanlıq istehsalını təşkil edib. O cümlədən, bir çox istehsal sahələri yaradılmışdır. Yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiyalar və avadanlıqların hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların göstəricilərindəki dəyişiklik göz önündədir. Onu da qeyd etmək lazımdır ki, müdafiə sənayesi Azərbaycan Ordusunun bütun tələbatını ödəməyə tam hazırdır. Əlbəttə, gələcəkdə də, bir çox yeni addımların atılacağına heç şübhə yoxdur.

Digər xəbərlər