QİÇS üzrə 18-ci ümumdünya konfransı keçirilir
Bildiyimiz kimi, 1988-ci ildən başlayaraq, hər il bütün dünyada dekabr ayının ilk günü Ümumdünya QİÇS Günü kimi qeyd edilir. QİÇS yeni xəstəlik olmasına baxmayaraq, sürətlə yayılmaqdadır. İlk dəfə 1981-ci ildə ABŞ-da aşkarlanan bu xəstəliyin hal-hazırda bütün ölkələrdə daşıyıcıları vardır. Bu xəstəlik HİV (human immunodeficiency virus) virusuna yoluxma nəticəsində yaranır və insan orqanizmində immun sistemini zəiflədərək tədricən sıradan çıxarır.
Hələlik, QİÇS xəstəliyinin müalicəsi olmadığına görə, insan həyatı üçün təhlükəli hesab edilir. Vyanada belə bir yolxucu xəstəliyə həsr olunmuş QİÇS üzrə 18-ci ümumdünya konfransı öz işinə başlayıb. Azərbaycan nümayəndə heyəti də bu konfransın iştirakçısıdır. Hər iki ildə bir dəfə təşkil edilən beynəlxalq konfransda Azərbaycanı Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəblinin rəhbərliyi ilə Milli Məclis, daxili işlər və ədliyyə nazirlikləri, Respublika QİÇS Mərkəzi və bu sahədə fəaliyyət göstərən QHT-lərin təmsilçilərindən ibarət nümayəndə heyəti təmsil edir.
Dünyanın müxtəlif ölkələrindən 25 mindən çox iştirakçının qatıldığı konfransda ABŞ-ın keçmiş prezidenti Bill Klinton, "Microsoft" şirkətinin banisi Bill Qeyts kimi tanınmış şəxslər də iştirak edirlər. "Hüquqlar burada və indi" devizi altında keçirilən konfransda məqsəd pandemiya ilə mübarizənin təkcə elmi- tədqiqatlar və yeni dərmanlarla məhdudlaşmamasına diqqəti cəlb etməkdir. Uğur qazanmağın əsas şərtləri insan hüquqlarının, xüsusilə, QİÇS xəstələrinin və İÇV daşıyıcılarının hüquqlarının müdafiəsidir. Xəstəliyin sürətlə yayıldığı Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində vəziyyətə xüsusi diqqət yetiriləcəkdir.
QİÇS daşıyıcılarının 62%-i, eyni zamanda, narkotik istifadəçisidir. Bu xəstəlik artıq bütün cəmiyyəti narahat edən sosial problemdir. Artıq bu xəstəliyin coğrafiyası bütün ölkə ərazisini əhatə edir. Ən ciddi problem isə bu xəstəliyin azyaşlılar və qadınlar arasında yayılmasıdır. Qeydə alınan xəstələrin yarıdan çoxu, təqribən 62%-i iynə vasitəsilə narkotik maddə qəbul edərkən bu virusa yoluxub. HİV daşıyıcılarının 23%-i isə bu xəstəliyə cinsi əlaqə zamanı yoluxub ki, bunların da çoxu qeyri-qanuni əlaqələrin qurbanı olub. HİV infeksiyası, eyni zamanda, anadan öz övladına keçə bilər. Həmçinin, virus donor qanı vasitəsilə bir insandan digərinə keçmə ehtimalı var.
HİV virusuna yoluxan insanlarda xəstəliyin əlamətləri müəyyən dövrdən sonra ortaya çıxdığı üçün bəzən xəstələr bilmədən öz ətrafındakı insanları, o cümlədən də, öz həyat yoldaşlarını HİV virusuna yoluxdururlar. Son illərdə xəstəlikdən ölənlərin sayında azalma müşahidə olunur ki, bu da aparılan müalicə tədbirlərinin nəticəsində mümkün olub. HİV/QİÇS -in müayinə və müalicəsi pulsuzdur və anonim saxlanılır.
Konfransda dünyada İÇV/QİÇS virusuna qarşı önləyici tədbirlərin təşkili, bu virusa yoluxmuş şəxslər üçün daha səmərəli müalicə və himayə imkanları barədə fikir mübadiləsi aparmaq da qarşıya qoyulmuş məsələlərdəndir. Eyni zamanda, QİÇS-ə yoluxmuş şəxslərin cəmiyyətdə diskriminasiyaya məruz qalması problemi də müzakirə edilən məsələlər sırasındadır.
Qeyd edək ki, müasir dövrdə QİÇS-ə qarşı mübarizədə mühüm elmi nailiyyətlər əldə edilməsinə baxmayaraq, hər il dünya üzrə 2 milyon insan bu infeksiya nəticəsində dünyasını dəyişir, 2,7 milyon insan bu virusa yoluxur, 400 min körpə isə virusun daşıyıcısı kimi dünyaya göz açır. Hazırda dünya üzrə QİÇS virusu daşıyıcısının sayı 40 milyon nəfərə yaxındır. Forum iştirakçıları olan alimlər, həkimlər, siyasi və ictimai xadimlər, hüquq mühafizəçiləri əhalinin QİÇS-in profilaktikası və müalicəsi vasitələrindən sərbəst istifadə etməsi, QİÇS xəstələrinə qulluq və İÇV daşıyıcılarının müalicəsi məsələlərini müzakirə edəcəklər. QİÇS ilə bağlı layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi və sərmayə yatırılması məsələlərinə də toxunulacaqdır. Xüsusi sessiyalarda alimlər pandemiya ilə mübarizədə son nailiyyətlərə dair informasiya mübadiləsi aparacaq, qarşıda duran vəzifələri nəzərdən keçirəcəklər.
Beynəlxalq QİÇS Cəmiyyətinin prezidenti Xulio Montaner demişdir: "Biz 2010-cu ildə QİÇS-dən müalicə olunmaq istəyənlərin hamısı üçün şərait yaratmaq vəzifəsini qarşımıza məqsəd qoymuşuq. Bu ideyanı "böyük səkkizlik" ölkələri irəli sürmüşlər. Lakin vədə əməl olunmamışdır". O bildirmişdir ki, hazırda dünyada təxminən 10 milyon QİÇS xəstəsi tibbi yardım ala bilmir. Halbuki tibbin nailiyyətləri elə bir səviyyəyə çatmışdır ki, İÇV-nin cinsi yolla keçməsinin qarısını 90 faiz, anadan körpəyə keçməsinin qarşısını isə 100 faiz almaq mümkündür.
Konfrans ərəfəsində Vyanada həyat balı təşkil olunmuşdur. Bu, İÇV daşıyıcılarına dəstək məqsədi ilə Avstriya paytaxtında hər il təşkil olunan Avropada ən iri xeyriyyə tədbiridir. Balın sponsorlarından biri, ABŞ-ın keçmiş prezidenti Bill Klinton da qonaqlar arasında olmuşdur
İyulun 23-dək davam edəcək konfransın sonunda qlobal bəlaya qarşı mübarizədə yeni strategiyaları əks etdirən "Vyana Bəyannaməsi"nin qəbul ediləcəyi gözlənilir.