“Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin dəstəyinə güvənir"
"Azərbaycan kimi güclü, qüdrətli bir dövlətdən qat-qat zəif, gücsüz olan Ermənistan başqa dövlətlərin maliyyə yardımı hesabına Dağlıq Qarabağ üzərində öz işğalılıq siyasətini davam etdirir. Ermənilərin əlləri xocalıların, qarabağlıların qanına batıb.Ermənilər Dağlıq Qarabağ kartı üzərində hakimiyyət əldə etmək istəyən bir qrup cinayətkardır.Cinayətkar olduqlarını da özləri etiraf ediblər". Bu barədə "Səs" qəzetinə açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.
Onun sözlərinə görə, hətta Ermənistanın sabiq prezidenti Robert Köçəryan Avropa Şurasının iclasında tribunadan birbaşa bəyan etdi ki, Xocalıya hücum zamanı hərbi əməliyyatlarda komandir kimi iştirak etməsindən fəxr ediyini bildirib. Ermənistanın indiki Prezidenti Serj Sarkisyan da hərbi əməliyyatlarda, Dağlıq Qarabağ müharibəsində yaxından işirak etdiyini və komandirlərdən biri olduğuna diqqət çəkən millət vəkili qeyd edib ki, artıq neçə ildir davam edən danışıqlar zamanı ermənilər qeyri-konsruktiv mövqe tuturlar: "Məqsəd Qarabağı Azərbaycandan qoparmaqdır. Ermənilər müstəqil, "böyük Ermənistan" imperiyası yaramaq arzusundadır. Təbii ki, bunlar ermənilərin boş xülyalarıdır. Ermənistan etnik qurumu bir dəfə öz müqəddəratını həll edibdir və sovet imperiyasının köməkliyi ilə qədim Azərbaycan torpaqlarında erməni dövləti yaradıb. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcək və heç bir beynəlxalq təşkilat, böyük dövlətlər bunu tanımayacaq. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın bir qarış torpağının nəinki ermənilərə verilməsi, hətta müzakirə obyekti olması da mümkün deyil.
Ermənistana başqa dövlətlərin maliyyə yardımı göstərməsi sualını cavablandıran millət vəkili bildirib ki, Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin dəstəyinə güvənir: "Çünki illər ərzində bu üç dövlət Ermənistana müxtəlif yollarla öz dəstəyini verib. Ən əsas dəstək isə bütün danışıqlarda ermənilərin mövqeyinin müdafiə olunmasıdır, təcavüzə məruz qalmış Azərbaycanı layiqincə müdafiə etməməsidir".
Həmsədr dövlətlərin BMT-də bir il bundan öncə keçirilən dondurulmuş münaqişələrlə bağlı müzakirələrinə də toxunan millət vəkili əlavə edib ki, həmsədr dövlətlərə daxil olan - ABŞ, Rusiya və Fransa təmsilçiləri obyektiv olmadıqlarına görə haqq-ədalətdən danışa bilməz: "Rusiya işğalçılıq siyasəti aparan, qonşu dövlətin torpaqlarını mənimsəyən Ermənistana maliyyə dəstəyi ayırır. Rusiya uzun illər ərzində milyard dollarlıq silah-sursat ayırır, öz ordusunu Ermənistanda yerləşdirir, bu ölkəni maddi cəhətdən təmin edir və ona mənəvi dayaq göstərir".
Digər iki həmsədr dövlətlərin - ABŞ və Fransanın da Ermənistana öz məqsədləri üçün kömək etməsini vurğulayan millət vəkili bu dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək iddiasında olduqlarını və bu səbəbdən də ermənilərə bitib-tükənməyən maliyyə dəstəyi ayırdıqlarını diqqətə çatdırır. Dağlıq Qarabağ münaqişəsinin sülh, yaxud da müharibə yolu ilə həll olunacağına toxunan Elman Məmmədov güclü orduya malik olan Azərbaycanın Ermənistanla müharibə etmək fikrində olmadığını söylədi, amma Azərbaycanın başqa çıxış yolunun da qalmadığını bildirdi: "Azərbaycan öz ərazisində fəaliyyət göstərən terrorçunu, qeyri-qanuni silahlı birləşmələri, separatçı qüvvələri ləğv etmək üçün antiterror əməliyyatlarına başlamalıdır. Müharibə yolunu seçməklə, Azərbaycan heç bir beynəlxalq qanunları pozmur. Bu, BMT-nin nizamnaməsində də öz əksini tapır".
Millət vəkili hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevin seçəcəyi yol, istər sülh, istərsə də müharibə yolu olsun, Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə başa çatacaqdır.