“Azadlıq" radiosu: azad medianın qərəzli mövqeyi
Azərbaycan media qanunvericiliyə görə, ölkədə KİV-in xarici kapitallar və əcnəbi şəxs tərəfindən yaradılması qadağandır. Lakin ölkədə bir sıra xarici media quruluşlarının yerli şöbələri və büroları sərbəst fəaliyyət göstərir. Bunlardan biri də "Azadlıq" radiosudur. O radio ki, bütün dünyada ABŞ-ın siyasətini yeridir və fəaliyyət göstərdiyi ölkələrdə antimilli, antidövlət fəaliyyəti ortaya qoyur.
Bu radio ilə tanışlığım sovet hakimiyyətinin son illərindən başlayıb. Mirzə Xəzərin təqdimatında bütün verilişləri böyük maraqla dinləyirdik. O zaman "Amerikanın səsi", "Azadlıq" radioları xarici aləmdən təcrid olunmuş sovet vətəndaşları üçün əsas xəbər qaynağı idi. Bu radioların efirində xaricdə baş verənlərlə yanaşı, sovetlərdə yaşananlar da açıq şəkildə yayımlanırdı. Milli azadlıq mübarizəsin zamanı xalqın siyasi maariflənməsi və rejimə qarşı mücadiləsində bunların da önəmli rolu var idi.
Müstəqilliyimizi bərpa edəndən sonra ölkədə azad mətbuat ortaya çıxdı və bu radiolara tələbat azaldı. Lakin ədalət naminə qeyd edək ki, bu radiolar hələ də az izlənir. Düzdür, ötən il ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq, bu radioların yerli dalğada yayımı dayandırıldı, lakin bu media orqanları öz fəaliyyətlərini uzun dalğada və internet üzərindən davam etdirirlər.
Təəssüf ki, hazırda həmin radiolar, xüsusilə də, "Azadlıq" radiosu anti-Azərbaycan siyasəti yürüdürlər. Radionun verilişləri və internet sayıtında yaydığı məqalələri analiz etdikdə ortaya maraqlı mənzərə çıxır. "Azadlıq" radiosu bütün fəaliyyətini Azərbaycanda siyasi, dini, sosial gərginliyi artırmağa, cəmiyyətdə qarşıdurmalar yaratmağa istiqamətləndirib.
Misal üçün, baxın, ABŞ dövlətinə məxsus olduğu və Vaşinqtondan idarə olunduğu şübhə doğurmayan bu radio məscid adlandırılan qanunsuz bir tikilinin sökülməsini, radikal dindarların icazəsiz aksiyalarını necə dəstəkləyir, dövlət və cəmiyyətlə dindarlar arasında münasibətləri gərginləşdirmək üçün hansı texnologilayardan istifadə edir? Yaxud ölkədəki siyasi müxalifətlə iqtidar arasındakı narazılıqları necə gücləndirir, onların funksionerlərini bir-birilərinə qarşı ittihamlarını necə şişirdilmiş şəkildə cəmiyyətə çatdırır? Hansısa sosial problemləri qabardaraq insanlarda dövlətə qarşı inamsızlıq yaratmaq, hakimiyyət-cəmiyyət münasibətlərini gərginləşdirmək üçün hansı oyunlardan çıxır?
Bir şey maraqlıdır- həmişə islamafobiyadan danışan, dinin güclənməsini istəməyən ABŞ, əcəba, nədən hətta təhlükəli hesab etdiyi və terrorçuluqda ittiham etdiyi radikal dini qruplaşmalara yardım edir, onları müdafiə edir? Səbəb insan haqları və demokratik yanaşmadırmı? Təəssüf ki, yox! Əsil səbəb budur- Vaşinqton hər hansı bir ölkəni tam nəzarət altına almaq, orada vətəndaş müharibəsi yaratmaq, hakimiyyəti özünün təsiri altına keçirmək üçün bu texnologiyalardan həmişə istifadə edir.
Örnək olaraq, İranda islam inqilabından öncə, qatı dindarlara verilən dəstəyi, Türkiyədə dinçilərə göstərilən yardımları, Əfqanıstanda, Pakistanda və digər müsəlman ölkələrində təriqətlərə yardımlar edərək vətəndaş müharibəsi törətmək kimi əməlləri göstərmək olar. Halbuki bu, dəstək verilənləri yox, qarşı tərəfdəkilər Qərb dəyərlərini, demokratiyasını üstün tutur, Qərbə inteqrasiyanı vacib hesab edirdilər. Təəccüblüdür, deyilmi? Əslində, təəccüblü deyil. Bu, bir siyasətdir- strateji planları həyata keçirmək üçün paradoksal siyasət.
Bax, bu siyasəti də, Azərbaycanda medianın "Azadlıq" və "Amerikanın səsi" radioları, çoxsaylı qəzet, jurnal, internet saytları vasitəsilə həyata keçirmək istəyirlər. Amma keçməz! Azərbaycan xalqı tolerantlıq kimi dəyərin yaradıcısı və daşıyıcıdır. Bu ölkədə zorla yaradılmağa çalışılmasına rəğmən heç zaman dini zəmində münaqişələr baş verməyib. İslam dinin daha çox daşıyıcısının olduğu Azərbaycanda heç zaman sünni-şiə qarşıdurması olmayıb. Çünki Azərbaycan Pakistan deyil, Əfqanıstan deyil, heç Türkiyə də deyil!
Maraqlıdır ki, son zamanlar "Azadlıq" radiosu ermənipərəst mövqe ortaya qoymağa başlayıb. Bu radionun Azərbaycandakı bürosu bütün fəaliyyətini ölkədə çaxnaşma yaratmağa fokuslandırıb. Məntiqlə Ermənistanda da belə olmalıydı. Amma olmadı! Bu ölkədəki "Azadlıq" radiosu Ermənistanın çoxsaylı problemlərini, insan hüququ pozuntularını, antidemokratik rejimi tənqid etmək əvəzinə, bütün gücünü Azərbaycan əleyhinə informasiyalar yaymağa sərf edir. Türkiyə türkləri demiş, peki, nədən böylə ediyorlar? Bunu aydınlaşdırmağa çalışaq.
Öncə hər iki ölkənin ABŞ üçün önəminə qısaca toxumaq. Azərbaycan ABŞ-ın strateji müttəfiqidir, Ermənistan isə Rusiyanın. Azərbaycan bütün məsələlərdə- iqtisadi, hərbi, siyasi sahələrdə ABŞ-ın yanındadır, Ermənistan Rusiyanın. Azərbaycan Qərb dəyərlərini, Qərb demokratiyasını üstün tutur, Avropaya inteqrasiya edir Ermənistan Rusiyaya. Azərbaycan çoxmillətli, çoxdinli tolerant ölkədir, Ermənistan isə, monoetnik ölkə, bölgədə etnik təmziləmə siyasəti həyata keçirən işğalçı və terrorçu dövlətdir.
Bu halda ABŞ-ın bölgə siyasəti ilk baxışda heç də məntiqli və ağıllı görünmür. Amma strateji hədəflərə baxarsaq, əsil məqsədləri görərsək, məsələ aydın olar. Yəni bu ölkənin (və onun qlobal media orqanlarından olan "Azadlıq" radiosunun) dərdi demokratiya, insan haqları - filan deyil, dini ayrı-seçkilik, siyasi nüfuzetmə və bölgədə xaos yaratmaqla hakim olma starategiyasıdır. "Böyük Orta Doğu Projesi" kimi!
Bu deyilənləri nəzərə aldıqda, qəti şəkildə inkaredilməz formada bunları söyləyə bilərik- ABŞ demokratik dövlət deyil, onun yeritdiyi siyasət, üstün tutduğu dəyərlər, prinsiplər demokartiyaya ziddir, insan haqlarına qarşıdır. Belə olmasaydı, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı qınayar, onlardan işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmalarını tələb edər, olmayan bir "erməni soyqırımı"nı Türkiyənin gözünə soxmazdılar.
Beləliklə, ABŞ Dövlət Departamentinin nəzarətində olan qlobal media quruluşları sırf Vaşinqtonun siyasətini yeritməklə qalmır, eyni zamanda, ölkələrə təzyiq vasitəsi kimi istifadə edilir. Azərbaycanda bu missiyanı yerinə yetirən ən böyük qurum isə "Azadlıq" radiosudur. Bu radio öz qərəzli fəaliyyətini hələ də davam etdirir. Baxmayaraq ki, indiyədək qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib. Çünki yuxarıda dediyimiz kimi, bura nə Pakistan, nə də Əfqanıstandır, bura Azərbaycandır!