PDF Oxu

Sosial

  • 14

“Parlament seçkilərinin də favoriti Yeni Azərbaycan Partiyası olacaq"

“Parlament seçkilərinin də favoriti Yeni Azərbaycan Partiyası olacaq"
"Hesab edirəm ki, parlament seçkiləri ərəfəsi Azərbaycandakı ictimai-siyasi durum çox normaldır. Bunu müsbət dəyərləndirirəm və hesab edirəm ki, istənilən siyasi partiya, istənilən fərd seçki qanunvericiliyinin yaratdığı və ölkədəki mövcud şəraitdən istifadə edərək normal şəkildə seçki marafonuna qoşula və qalib gələ bilər".
Bu barədə "Səs" qəzetinə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı qarşıdan gələn parlament seçkiləri öncəsi Azərbaycanda ictimai-siyasi durumu dəyərləndirərəkən bildirib. Partiya sədri hesab edir ki, ölkəmizdə insanların seçkiyə getməsi, seçim etməsi, öz seçki hüquqlarını gerçəkləşdirə bilməsi üçün şərait var: "Ölkənin bütün siyasi qütblərində canlanma hiss olunur. Şübhə yoxdur ki, bütün seçkilərdə olduğu kimi, parlament seçkilərinin də favoriti Yeni Azərbaycan Partiyası (YAP) olacaq. YAP daha böyük bir qüvvə ilə seçkilərə qatılacaq. Mənim fikrimcə, YAP bir daha uğur qazanacaqdır. Hal-hazırkı siyasi durum iqtidarın uğur qazanmasına hesablanır. Biz də, öz növbəmizdə, YAP namizədlərinin qələbəsi üçün bütün imkanlarımızı sərf edəcəyik".
Radikal müxalifət düşərgəsində təmsil olunan qüvvələrin siyasi birliyinin prespektivi ilə sualı cavablandıran millət vəkili bildirib ki, Müsavatın vahid blokda seçkiyə getməsi ilə bağlı razılaşmanın əldə olunması "Azadlıq" blokunu çökdürdü və bir daha özünü göstərən Əli Kərimov bütün situasiyalarda öz müttəfiqlərini çıxılmaz vəziyyətə qoyaraq onlara xəyanət edibdir. F.Ağamalı radikal müxalifətin yenə də bu xəttə sadiq olduğunu qeyd edərək, AXCP (i) ilə Müsavat arasında seçkiyə vahid namizədlərlə getməsi təkliflərinin ortaya atılmasını təsadüfi hesab etmir: "Gündəmə gələn yeni birlik ideyası onlara yaxın olan partiyaları kənarda qoydu. Hətta "KXCP"-də çıxılmaz duruma düşdü. AXCP (i) ilə Müsavatın vahid namizədlə seçkilərə qoşulması onların ayrı-ayrılıqda bütün dairələr üzrə namizəd vermək imkanlarının olmaması ilə də izah edilir. İstər Müsavat partiyası, istərsə də, AXCP (i) 125 dairə üzrə namizədliklərini vermək şansına malik deyillər. Ona görə də, bəzi müxalifətçilər qüvvələrini birləşdirərək, namizədliyini vermək istəyirlər. Bütövlükdə, radikal müxalifətin son dərəcə zəif vəziyyətdə olduğu göz önündədir və Azərbaycanda keçirilən seçkilərə təsir etmək imkanına malik deyillər. Bir sözlə, radikal müxalifət qələbə çalmayacaq".
AVP-nin parlament seçkilərində iştirakı ilə bağlı vəziyyətinə də toxunan partiya sədri hazırlıq işlərinin, demək olar ki, yekunlaşdığını bildirib. 62 rayon təşkilatının hər birinə namizədlərin verilməsi ilə bağlı tapşırıqların yerinə yetirildiyini bildirən millət vəkili seçkilərə start verilməmişdən əvvəl, partiyanın Ali Məclisinin çağırılacağını və namizədlərin hansı dairələrdən müəyyənləşməsi məsələsininin müzakirə ediləcəyini diqqətə çatdırıb. Partiya sədri əlavə edib ki, Ali Məclisin qəbul etdiyi qərara uyğun olaraq, Ana Vətən Partiyası seçki prosesinə qatılacaq: "Bütün imkanlarımızla seçki prosesində iştirak edəcəyik. Müttəfiqimiz olan YAP-la avqustun ikici yarısından sonra məsləhətləşmələrimizi aparacağıq".

Digər xəbərlər