"Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimat mərasimi keçirildi
Dünən İctimai Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovun "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov açaraq, Azərbaycan elminin inkişafında xidmətləri olan Vaqif Abbasovun fəaliyyətindən, tədqiqat işlərindən söz açıb, onun bu günə qədər elmin müxtəlif sahələrini əhatə edən yaradıcılıq şaxələrini diqqətə çəkdi. Qeyd etdi ki, müəllif bu kitabı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf etmişdir. Vaqif Abbasov SSRİ-nin 22 müəlliflik şəhadətnaməsinin Rusiya Federasiyasında tətbiq olunmuş 4, Azərbaycan Respublikasında 16 potentin, 7 monoqrafiyanın, ümumtəhsil məktəbləri üçün 16 dərsliyin, universitetlər üçün isə 9 dərsliyin müəllifi olmaqla yanaşı, "Liderlik fəlsəfəsi", "Ömür yoluma suallarla səyahət", "Duyğular dünyası", "Ömür ağacı" və başqa kitabları nəşr olunmuşdur. A.Həşimov bildirdi ki, təqdim olunan kitaba ön söz yazan siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Qənirə Paşayeva kitabın müəllifinin axtarışlarını, tədqiqatlarını çox məzmunlu şəkildə əhatə etmiş, professorun işıq üzü görən kitabı haqqında dəyərli fikirlər söyləmişdir.
Tədbirdə çıxış edən Qənirə Paşayeva "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabını dəfələrlə oxuduqdan sonra ön söz yazdığını vurğulayaraq, bildirdi ki, belə kitabların ərsəyə gəlməsi heç də asan olmur. Seçilmiş insanların həyatını araşdırmaq, onlar haqqında yeni bir tədqiqat işini ortaya qoymaq, fərqli söz demək, fərqli baxış ifadə etmək, təbii ki, müəllifdən böyük istedad tələb edir. Belə istedada malik olan Vaqif Abbasov cəmiyyətin tələbatını ödəyə biləcək kitabın müəllifi olaraq, türk dünyasının, eləcə də, bəşəriyyətin nadir simaları olan insanların fəaliyyət dairəsinə məxsusi prizmadan yanaşaraq, oxucular üçün əhəmiyyətli olan kitabı yaratmışdır.
Qənirə xanım onu da qeyd etdi ki, bu cür yazılmış kitablar Azərbaycan ədəbiyyatında nadir bir hadisədir. Türk dünyasının fatehləri, filosofları ilə yanaşı, dünya fikir tarixinin simaları da bu kitabda yer almış, onların keçdiyi yol bir dərs olaraq, oxucuların ixtiyarına verilir. Bütün parametrləri, keçdiyi yol ilə dünya tarixində ulu öndər Heydər Əliyevin lider olduğunu qeyd edən millət vəkili bu kitabın biblioqrafik şəkildə deyil, geniş araşdırmalar əsasında yarandığını söylədi. Kitabda Azərbaycan elminə, fəlsəfəsinə, dünya tarixinə töhfələrini vermiş Nəsirəddin Tusi, Şeyx Şamil, Yusif Məmmədəliyev, Lütfi Zadə, Teodor Ruzvelt kimi insanların fəaliyyətini əks etdirən bu kitabın yetişən nəsil üçün vəsait olduğunu bildirərək, onun əhəmiyyətini də vurğuladı.
Tədbirdə çıxış edən professor Arif Paşayev, Tarix Muzeyinini direktoru Nailə Rzaquliyeva və başqaları "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının əhəmiyyətindən, onun yaradıcılıq potensialından söz açıb, belə əsərlərin ərsəyə gəlməsinə uzun bir zamanın ehtiyac olduğunu bildirib, müəllifi bu münasibətlə təbrik etdilər.