PDF Oxu

Sosial

  • 17

Vətəndaş cəmiyyətinin formalaşmasında televiziyaların üzərinə böyük məsuliyyət düşür

Vətəndaş cəmiyyətinin formalaşmasında televiziyaların üzərinə böyük məsuliyyət düşür
Dünən Bakıda "Buta palace"də MDB məkanında, ilk dəfə olaraq, Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının iclası öz işinə başlayıb. Sessiyada 46 ölkədən 75-dək teleradio təşkilatları rəhbərləri, eləcə də, Avropa Yayımları Birliyi, Asiya Yayımları Birliyi, Afrika Yayımları Birliyi, Amerika Yayımları Birliyində cəmləşən məşhur ictimai yayımçılar təmsil olundu. Sessiyanın açılışında çıxış edən Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladı və yüksək səviyyəli təşkilatçılığa görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinə təşəkkürünü bildirdi.
Onu da qeyd etdi ki, İctimai Televiziya qısa müddətdə yaradılmasına baxmayaraq, regionda informasiya yayılması baxımından aparıcı televiziyaya çevrilib. Natiq çıxışında informasiya mübadiləsinin aparılmasıdan və insanlara dolğun, ətraflı məlumatlar çatdırılmasında televiziyaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi. Jan Pol Filippo Avropa Yayımları Birliyinin yarımillik fəaliyyəti, internet və media dünyası, müasir dövrdə jurnalistikanın fəaliyyəti və digər məsələlər barədə geniş və əhatəli məlumatlar verdi. Eyni zamanda, natiq mövcud problemlər və bu problemərdən çıxış yolu ətrafında müzakirələrin aparılmasının vacibliyini qeyd etdi.
Daha sonra çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov Baş Assambleyanın 64-cü Bakı Sessiyasının işinə uğurlar arzulayaraq, müzakirə ediləcək məsələlərin qəbul olunacaq qərarların gələcək əməkdaşlığa yeni imkanlar açacağını bildirib. İ.Ömərov demokratik inkişaf yolunu tutan Azərbaycanda demokratik cəmiyyət üçün xas olan söz azadlığı və fikir plüralizminin formalaşmasında İctimai Teleradionun xüsusi rolunu qeyd edib. O bildirib ki, İctimai Teleradio öz fəaliyyəti ilə vətəndaş cəmiyyətinin formalaşmasında öz köməyini göstərmişdir. Avropa Yayımları Birliyi kimi mötəbər bir teleradio qurumunun Baş Assambleyasının 64-cü Sessiyasının Azərbaycanda keçirilməsi də demokratik prosesin inkişafına kömək edəcəkdir.
İ.Ömərov onu da qeyd edib ki, qurumun Baş Assambleyası 64-cü Sessiyasının Azərbaycanda keçirilməsi əməkdaşlığın yaranmasının inkişafına, eləcə də, dünyanın bir sıra nüfuzlu televiziya və radio təşkilatları ilə ikitərəfli əlaqələri genişləndirməyə imkan verəcəkdir.

Digər xəbərlər