PDF Oxu

Sosial

  • 10

ABŞ-ın xarici siyasətində paradoks:

ABŞ-ın xarici siyasətində paradoks:
ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici maliyyələşdirmə üzrə komitəsi 2011-ci il üçün büdcəni təsdiqləyib. SİA-nın erməni mediasına istinadən yaydığı məlumata görə, gələn il ABŞ Ermənistana 44 milyon dollar həcmində maliyyə yardımı göstərəcək. Bu, Barak Obama tərəfindən nəzərdə tutulan rəqəmdən 4 milyon dollar çoxdur. ABŞ administrasiyası Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə maliyyə yardımını ötən illə müqayisədə 2 milyon dollar artıraraq, 10 milyon dollara çatdırıb.
Komitə ayrılan hərbi yardımda paritet saxlamağı qərara alaraq Azərbaycan və Ermənistana ayrı-ayrılıqda hərbi məqsədli 3,5 milyon dollar hərbi yardım, hərbi təhsil üçün isə 450 min dollar yardım ayırıb.
Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin bildirib ki, səfirlik bununla bağlı rəsmi məlumat almayıb. Lakin cənab Kit Bin və digər Amerika nümayəndələri də yaxşı bilirlər ki, bir suala gec-tez cavab vermək lazım gələcək.
Qeyd edək ki, bu ilin yanvar ayında Obama hökuməti 2011-ci ilin üçün büdcə layihəsini Konqresə təqdim edib. Büdcə təklifində Ermənistana yardımın 40 milyon dollara yüksəldilməsi istənilir, Azərbaycan üçün isə 2010-cu ildəki kimi 22,1 milyon dollar tələb olunurdu.
Xatırladaq ki, Barak Obama 2010-cu ildə Ermənistana 30 milyon dollar iqtisadi və 3,5 milyon dollar həcmində hərbi yardım göstərilməsini təklif etmişdi. Ancaq 2009-cu ilin əvvəlində Konqresdə qəbul edilən büdcə sənədində 2010-cu ildə Ermənistana edilən iqtisadi yardımın həcmi 41 milyon dollara çatdırıldı, Dağlıq Qarabağdakı separatçı ermənilərə ayrıca olaraq 8 milyon dollar yardım verildi. Hərbi yardım isə 3 milyon dollar təşkil edirdi.
Xatırladaq ki, ABŞ Konqresinin Azərbaycanın işğal edilmiş bölgələrindəki terrorçu rejimə yardım ayırması rəsmi Bakının etirazına səbəb olub və bununla bağlı Azərbaycan XİN Vaşinqtona dəfələrlə etiraz notası göndərib. Bu ilin fevral ayında ABŞ Dövlət Departamenti rəsmən bildirib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ adında bir qurum tanımır. Lakin ABŞ-ın həyata keçirdiyi siyasət, faktiki olaraq, terrorçu rejimə dəstək xarakteri daşıyır.
Qeyd edək ki, Konqresdə ABŞ-ın bu siyasəti ilə razılaşmayan konqresmenlər də çoxdur. Onlar hesab edilər ki, ABŞ öz strateji müttəfiqinin ərazisindəki separatçı rejimə maliyyə yardımları ayırmamalıdır. Bu ilin yanvarında amerikalı konqresmen Con Şadeq Konqresin bütün üzvlərinə məktub göndərərək, Azərbaycan haqqında məlumatları onların nəzərinə çatdırıb və ölkəmizin Amerika Birləşmiş Ştatları üçün nə dərəcədə önəmli olduğunu qeyd edib. Bütün konqresmenlərə ünvanlanmış "Azərbaycanı unutma" adlı məktubda konqresmen C.Şadeq bu Cənubi Qafqaz ölkəsinin ABŞ üçün önəmini xüsusi vurğulayıb.
C.Şadeq məktubunda ABŞ dövlət katibinin müavini Viliam Bornsun son bəyanatlarından birinə istinadla Birləşmiş Ştatların Azərbaycanı Yaxın Şərqin, Avropanın və Asiyanın kəsiyində yerləşən strateji tərəfdaş kimi gördüyünü xatırladıb. Məktubda Azərbaycan üzrə İşçi Qrupun həmsədri, konqresmen Bill Şusterin ölkəmizi terrorizmə qarşı mübarizədə əvəzedilməz müttəfiq adlandırdığı da vurğulanıb.
Konqresmen C.Şadeq qeyd edib ki, regionun əsas problemlərindən biri- Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağla bağlı 1991-ci ildən başlayan silahlı münaqişə yüz minlərlə azərbaycanlının qaçqın və didərgin düşməsi, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnib.
Ümumiyyətlə, bəzi konqresmenlər qeyd edirlər ki, son 5 ildə Azərbaycan ABŞ-ın strateji tərəfdaşı kimi ona daim dəstək verib. Azərbaycan ABŞ-ın İraqdakı və Əfqanıstandakı hərbi qüvvələrinə kömək göstərir. Azərbaycanın geniş qaz resursları ona imkan verir ki, Rusiyadan enerji asılılığına son qoymaqla Qərbi Avropanın enerji tələbatının şaxələndirilməsi ilə məşğul olsun. Bir məsələ də vacibdir ki, ABŞ Türkiyə, Ermənistan və ümumiyyətlə, bütün Cənubi Qafqaz regionu ilə bağlı diplomatik münasibətlərində Azərbaycanın maraqlarını düzgün qiymətləndirməlidir.
Ölkəmizin beynəlxalq sülhə və təhlükəsizliyə töhfələri daim qeyd olunur. Azərbaycan müstəqilliyini qazandıqdan sonra, demək olar ki, bütün regional və beynəlxalq miqyaslı təşkilatlara üzv olub. Azərbaycan əksər beynəlxalq konvensiyalara və digər sənədlərə qoşulub.
Azərbaycan hökuməti 20 il ərzində davam edən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün fundamental hüquqlarının kütləvi şəkildə pozulmasını və bunun insan hüquqlarının ümumi vəziyyətinə mənfi təsirini xüsusilə qeyd etməyi zəruri hesab edir. Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması nəticəsində Azərbaycan hökuməti bu ərazilərdə öz vətəndaşlarının, o cümlədən, erməni mənşəli vətəndaşlarının hüquqlarını təmin edə bilmədiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Azərbaycan onun yuridiksiyası altında olan bütün şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin davam etdiriləcəyini bir daha təsdiq edir. Eyni zamanda, insan hüquqlarının universal dəyər olduğunu nəzərə alaraq, Azərbaycan hökuməti onların heç bir istisna olmadan istər inkişaf etməkdə olan, istərsə də, inkişaf etmiş bütün dünya ölkələri tərəfindən təmin edilməsi zərurətini xatırlatmaq istəyir.
Azərbaycan ABŞ-la strateji tərəfdaşdır, rəsmi Vaşinqtonun beynəlxalq terrorizmlə mübarizəsi, sülh və beynəlxalq əməkdaşlığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin fəal iştirakçısıdır.
Azərbaycanda səfərdə olan ABŞ-ın yüksək vəzifəli rəsmi nümayəndələri, konqresmenlər və digər şəxslər son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, liberallaşma, demokratik islahatlar sahəsində əldə etdiyi uğurları xüsusi qeyd edirlər.
ABŞ bizim böyük iqtsadi tərəfdaşımızdır və ölkəmizdə həyata keçirilən bütün böyük regional layihələrdə fəal iştirak edir. Hər iki ölkə terrordan əziyyət çəkən ölkədir. Azərbaycan BMT, NATO və digər beynəlxalq qurumlar çərçivəsində, həmçinin, ikitərəfli münasibətlərdə ABŞ-ın yanındadır. Amma nədənsə Azərbaycanın daha uzunmüddətli və daha böyük miqyasda terrora və təcavüzə məruz qalmasına bu ölkədə bir qədər laqeyd münasibət göstərirlər. Əlbəttə, hansısa nöqsanı, çatışmazlığı göstərmək olar, dərindən analiz edilmədən hazırlanan sənədlər, onu hazırlayan qurumun nüfuzuna xələl gətirir.
Azərbaycan birmənalı olaraq demokratiya, iqtisadi inkişaf, insan hüquq və azadlıqlarına hörmət, hər cür ayrı-seçkiliyin ləğvi, dünya dövlətləri və beynəlxalq təşkilatlarla normal münasibətlər kimi düzgün prioritetləri özündə birləşdirən bir strategiya ilə inkişaf edir. Bu prosesdə ən çox yardım umulan ölkə də məhz ABŞ-dır.
Amma təəssüflər olsun ki, ABŞ təcavüzkar ölkə ilə, təcavüzə, terrora məruz qalan ölkəyə fərq qoya bilmir. Dövlət və qeyri-hökumət təşkilatları, müxtəlif proqramlar vasitəsilə Ermənistana Azərbaycandan çox yardımlar edir. Sanksiya və yardım məhdudiyyətlərini isə haqqı pozulan tərəfə edir. "907-ci düzəliş"i də belə ədalətsiz münasibətə aid etmək olar.
Ümumiyyətlə, ABŞ-ın bir ölkənin ərazisinin işğal etmiş terrorçu rejimə maliyyə yardımı etməsi beynəlxalq terrora açıq şəkildə yardım etməkdən başqa bir şey deyil. Vaşinqton bunu bütün dünyanın gözü önündə həyata keçirir və sonra da terrorla mübarizədə beynəlxalq birliyin vacibliyindən danışır. Paradoksdur!
Azərbaycana hələ də səfir təyin etməyən, ancaq öz mənafeləri naminə Azərbaycandan əməkdaşlıq və güzəştlər tələb edən Obama hökuməti bir suala cavab verməlidir. Sual belədir: "Cənablar, lütfən səmimi cavab verin, siz terrora qarşısınız, yoxsa bu mövzu ilə spekulyasiya etməklə dünyanın başını aldatmaqla məşğulsunuz?"
Əgər terrora qarşı mübarizə aparır və bütün dövlətlərdən bunu tələb edirsinizsə, o zaman zəhmət olmasa, Azərbaycanın bütün dünya tərəfindən rəsmən tanınmış qanuni ərazilərini, zor gücünə işğal etmiş, on minlərlə insana qarşı soyqırımı həyata keçirmiş terrorçu rejimə maliyyə yardımlarını dayandırın. Ermənistana bütün sahələrdə işğalı davam etdirmək üçün verdiyiniz aktiv dəstəyi dayandırın. Baxmayaraq ki, erməni lobbisi ABŞ-da müəyyən nüfuza malikdir, ABŞ dövləti, Amerika xalqı üçün Azərbaycan daha önəmli, daha dostyanadır. Bunu unutmaq olmaz.

Digər xəbərlər