"Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda keçirilən forum başa çatıb
Bakıda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda ikigünlük forum iyunun 30-da başa çatıb.
Bakı Biznes Mərkəzində keçirilən və görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş forumda Azərbaycanın və Rusiyanın tanınmış alimləri iştirak ediblər. Tədbirin ikinci iş günü keçirilən bölmə iclaslarında "Sivilizasiyaların dialoqu mədəniyyət dialoqlarında", "Demokratiya, cəmiyyət və bir daha şəxsiyyətin tarixdə rolu barədə", "Müasir cəmiyyətdə demokratik dəyərlərin şəxsiyyət tərəfindən qiymətləndirilməsi", "Qloballaşma dövründə Rusiya humanitar təhsili", "Dialoq başqasının eyniliyinin anlaşılması kimi", "Mədəniyyətlərarası dialoq qloballaşma dövründə davamlı inkişafın əsasıdır", "Birlik fəlsəfəsi və müasir elm", "Qloballaşma dövründə təfəkkür mədəniyyətlərinin qarşılıqlı fəaliyyəti", "Mədəniyyətlərin vəhdəti və müxtəlifliyi: islam Nijeqorod regionu mədəniyyəti kontekstində" və s. mövzularda məruzələr dinlənilib. Alimlər qloballaşma şəraitində müxtəliflik vasitəsilə birliyin təmin edilməsi ətrafında müzakirələr aparıblar.
Tədbirdə Rusiya Federasiyasının əməkdar elm xadimi, professor Konstantin Dolqovun "Heydər Əliyev - insan və siyasətçi" mövzusunda məruzəsi böyük maraqla qarşılanıb. Rusiyalı alim ümummilli liderimiz Heydər Əliyevin keçmiş SSRİ dövründə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən, nəqliyyat sahəsinin inkişafı üçün gördüyü böyük işlərdən, mədəniyyətə qayğısından danışaraq, eləcə də, elmi tədqiqatlar apararkən, Heydər Əliyevlə şəxsi görüşlərini diqqətə çatdırıb. Tədbirdə vurğulanıb ki, Heydər Əliyev kimi vətənpərvər, xalqının xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən dahi şəxsiyyət heç zaman unudulmur, o insanların xatirəsində əbədi yaşayır.
Qeyd edim ki, forumun sonunda qətnamə qəbul edilib.