Bildiyiniz kimi, prezidentlərin Sankt-Peterburq görüşündən dərhal sonra, erməni silahlı qüvvələrinin Tərtər və Füzuli istiqamətində atəşkəsi pozmaları halı qeydə alınıb. Bunu Yerevanın danışıqları uzatmaq üçün təxribat əməli hesab etmək olarmı? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Elşad Mirbəşiroğlu,
politoloq:
- İlk öncə, sizin sualınıza keçməmişdən, bir məsələyə toxunmaq istərdim. Birincisi, sanki, Rusiya dünya ictimaiyyətinə bəyan edir ki, postsovet məkanındakı münaqişələrin tənzimlənməsi prosesi məhz onun marağındadır. Yəni digər qüvvələrin bu məsələyə yaxından müdaxilə etməsini, yaxud problemin həllində iştirak etməsinə RF qısqanclıqla yanaşır. Digər tərəfi isə, Rusiyanın iştirakı ilə bu münaqişənin tənzimlənməsi prosesində də bu cür intensiv görüşlərin keçirilməsi, özlüyündə çox müsbət haldır. Nəyə görə? Birincisi, hesab edirəm ki, əgər Rusiya obyektivlik, vasitəçilik etmək qərarına gələrsə, bu, daha səmərəli olacaqdır. Çünki işğalçı dövlət olan Ermənistana bu gün ən çox təsir imkanlarına malik olan dövlət, məhz Rusiyadır. Rəsmi Yerevan Kremlin müəyyənləşdirdiyi koordinatorlar üzrə hərəkət edir. Bu məsələnin bir tərəfidir. O ki qaldı digər tərəfinə, yəni Ermənistan tərəfinin danışıqlardan dərhal sonra Tərtər istiqamətində atəşkəsi pozması və növbəti təxribatlara əl atması, əlbəttə, çox məyusluq və təəssüf doğurur ki, bir yandan bu danışıqlarda intensivlik müşahidə olunur, digər tərəfdən isə, Ermənistan tərəf neqativ hərəkətlərə yol verir. Buradan belə bir nəticə çıxarmaq olar ki, Ermənistanın sözügedən bu danışıqlara gəlməsi, danışıqlar aparması sırf imitasiya xarakteri daşıyır. Yəni işğalçı dövlət olan Ermənistan bu gün əməli addımlar atmaq arzusunda deyil. Ən azından, buna hazır deyil. Bir sözlə, Ermənistan istənilən vasitə ilə bu gün status-kvonu saxlamağa çalışır. Hər vasitə ilə danışıqlardan qaçır və qeyri-konstruktiv mövqe nümayiş etdirməyə çalışır. Amma nəzərinizə çatdırım ki, bu formatda sözügedən görüşlərin davamlı olaraq həyata keçirilməsi və təşkil olunması, müəyyən ümidlər doğurur. Xüsusilə də, Rusiya regionda Azərbaycanın siyasi və iqtisadi çəkisini dərk etməkdədir. Ona görə də, hesab edirəm ki, RF Ermənistana müəyyən təsir rıçaqlarını işə salacaqdır.
Musa Qasımlı
tarix elmləri doktoru, professor
- Sankt-Peterburqda keçirilən görüşdən dərhal sonra, təcavüzkar Ermənistanın atəşkəsi pozması, bu münaqişənin dinc yolla həlli prosesini yubatması və sözügedən müzakirələrdən boyun qaçırması, vaxtı uzatması təxribatçılıq xarakteri daşıyır. Bütün qəbul olunan beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın işğal olunmuş ərazilərin boşaldılmasının vacibliyi göstərilir və beynəlxalq hüquq baxımından Ermənistanın arxalana biləcəyi heç bir real əsas yoxdur. Əgər danışıqlar masası arxasında Ermənistan oturarsa, onun nəticələri torpaqlardan təcavüzkar qüvvələrin çıxıb getməsi ilə nəticələnəcək. Buna görə də, işğalçı dövlət olan Ermənistan danışıqlardan boyun qaçırır, tənzimləmə prosesini uzatmağa çalışır. Bir sözlə, Ermənistan tərəfi daim belə təxribatlar törətməklə məşğuldur. Burada məsələnin digər tərəfi də var. Bu da, ondan ibarətdir ki, Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi də atəşkəs elan edilsə də, hələ sülh yoxdur və "nə sülh, nə müharibə şəraitidir", bu da ATƏT-in Minsk qrupunun üzvlərini və həmsədr ölkələrini düşündürməlidir. Onlar dinc nizama salma məsələləri ilə daha yaxından məşğul olmalıdırlar.