Məhəmməd Əl-Saati: "Azərbaycanda şahidi olduğum inkişaf prosesləri məni heyran etdi"
Azərbaycanda şahidi olduğum inkişaf prosesləri və azərbaycanlı qardaş və bacılarımdan gördüyüm yüksək səviyyəli qonaqpərvərlik məni heyran etdi. Bakıya gəldiyimiz ilk gündən hamımız özümüzü evimizdəki kimi hiss edirik. Bu sözləri Bakıda keçirilmiş İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısında iştirak edən İİB-in əməliyyatlar siyasəti və xidmətlər bölməsinin direktoru Məhəmməd əl-Saati AzərTAc-a müsahibəsində demişdir.
Məhəmməd əl-Saati 35-ci illik toplantının Bakıda keçirilməsindən məmnunluğunu qeyd etmiş, bunu Azərbaycana verilən əhəmiyyətin bariz nümunəsi adlandırmışdır. Azərbaycanın son illər dünyada artan nüfuzunu məmnunluqla qeyd edən qonaq buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Məhəmməd əl-Saati qlobal maliyyə böhranının Azərbaycana təsirsiz ötüşməsini Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasətin nəticəsi hesab etmişdir. Azərbaycanın İİB-in ən sürətlə inkişaf edən üzv ölkələrindən biri olduğunu qeyd edən qonaq demişdir ki, qurum bu ölkədəki layihələrini çox böyük məmnuniyyətlə həyata keçirir.