PDF Oxu

Sosial

  • 16

İslam İnkişaf Bankının 35-ci illik toplantısı başa çatıb

İslam İnkişaf Bankının 35-ci illik toplantısı başa çatıb
İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının iyunun 23-24-də Bakıda keçirilən 35-ci illik toplantısı başa çatıb. SİA-nın xəbərinə görə, toplantıda çıxış edən İİB-nin Direktorlar Şurasının sədri Əhməd Məhəmməd Əli müzakirələr zamanı investisiyalar, əlavə yatırımlar üçün 10 milyard dollar ayrıldığını bildirib. Onun sözlərinə görə, İİB daha çox investisiya qoyaraq bankın gələcək perspektivləri üçün geniş imkanlar yaradacaq. O qeyd edib ki, banka üzv və üzv olmayan ölkələr üçün optimal qiymət formalaşdırılması üçün tədbirlər görülür: "Bu görülən tədbirlər problemləri vaxtında həll edəcək. Bu baxımdan əməliyyatların həcmidə artırılacaq".
Yatırımlar zamanı maliyyə riskinin idarə edilməsi üçün yeni bir modelin hazırlandığını bildirən İİB sədri, iqtisadi böhranın azaldılması baxımından mühüm tədbirlərin görüldüyünü bildirib. Sədr həmçinin yaxın gələcəkdə üzv olmaq istəyən dövlətlərə xüsusi önəm veriləcəyinidə söyləyib: "Biz innovativ şəriət əsasında sistem qurub, standartları müəyyən etməliyik".
Üzv ölkələr arasında ticarət dövriyyəsinin 2020-ci ilə qədər 15 faiz artacağına ümidvar olduğunu bildirən bankın sədri görülən tədbirlərin öz bəhrəsini verəcəyini bildirib: "Əgər maliyyə çətinliklərini aradan qaldırmaq istəyiriksə bazara çıxarılan malların çeşidlərini artırmalıyıq".
Daha sonra çıxış edən İİB Baş katibi Məhəmməd Enifar tədbir çərçivəsində iştirak edən bütün dövlət nümayəndələrinə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.
Bağlanış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev isə Bakı toplantısında İİB-nin üzv ölkələri arasında əlaqələrin genişləndirilməsi və inkişafına dair müxtəlif təşəbbüslərin irəli sürülməsinin çox müsbət hal olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin toplantıda iştirakı mərasimin Azərbaycan üçün nə qədər mühüm olduğunun göstəricisidir.
Nazir qeyd edib ki, toplantıda 55 ölkədən 38 nazir, 3 komitə rəhbəri, 12 təşkilat rəhbəri, 950-dən çox nümayəndə iştirak edir.
Daha sonra nazir Bankın Müdirlər Şurasının sədrlik estafetini Yəmən Respublikası Baş nazirinin müavini, Planlaşdırma naziri Əbdül-Kərim əl-Rhabiyə təqdim edib.
Bakıda keçirilən 35-ci illik toplantının yüksək səviyyədə qeyd olunduğunu bildirən əl-Rhabi Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib. O, qeyd edib ki, xarici sərmayələr olmadan iqtisadi böhranın öhdəsindən gəlmək mümkün deyil.
Daha sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev İslam İnkişaf Bankının Müdirlər Şurasının iyunun 23-24-də Bakıda keçirilən 35-ci illik toplantısının başa çatdığını bildirib.
Toplantıdan sonra mərasimdə iştirak edən dövlətlər arasında 30 sənəd imzalanıb. İlk öncə Azərbaycanla İslam İnkişaf Bankı arasında ümumi məbləği 150 milyon avro olan "Məişət tullantıları zavodunda lizinq əməliyyatlarının maliyyələşdirilməsi" sənədi olub. Sənədi Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Şahin Mustafayev, İİB tərəfindən isə qurumun prezidenti Əhməd Məhəmməd Əli imzalayıblar.
Sazişə əsasən, İİB Azərbaycan hökumətinə məişət tullantılarının yandırılması layihəsi çərçivəsində 150 mln. avro məbləğində vəsait ayıracaq. Kredit Azərbaycan hökumətinə 18 il müddətinə (ilk 3 ili güzəştli olmaqla) ayrılacaq və vəsait əsasən Məişət Tullantıları Zavodu üçün avadanlığın alınmasına sərf olunacaq. İkinci sənəd isə Azərbaycan Beynəlxalq Bankı ilə İslam İnkişaf Bankı arasında "Ticarətin maliyyələşməsi üçün kredit" sənədi olub.

Digər xəbərlər