İFAD ölkəmizdə ümumi dəyəri 100 milyon dollar olan layihə reallaşdıracaq
Dünən kənd təsərrüfatı naziri İsmət Abasov ölkəmizdə səfərdə olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) prezidenti Kanayo Nvanze ilə görüşüb.
Nazir İsmət Abasov bildirmişdir ki, Azərbaycan ilə İFAD arasında əməkdaşlıq 1997-ci ildə ölkədə təsərrüfatın özəlləşdirilməsi zamanı qurulmuşdur və bu əməkdaşlıq hazırda uğurla davam edir. İFAD ilə birgə Azərbaycanda bir sıra layihələrin həyata keçirildiyini xatırladan İ.Abasov bu layihələrin kənd yerlərində əhalinin rifahının yüksəlməsinə təsir göstərdiyini qeyd etmişdir.
Nazir, həmçinin hazırda ölkə rəhbərliyinin səyləri nəticəsində Azərbaycanda kənd təsərrüfatının böyük inkişaf yolu keçdiyini diqqətə çatdırmışdır. K.Nvanze İFAD-ın Azərbaycanı digər ölkələrə nümunə göstərdiyini vurğulamış və ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını demişdir. Qurum bu günədək Azərbaycanda ümumi məbləği 48,1 milyon ABŞ dolları olan dörd layihə və proqrama dəstək vermişdir. Bunlardan 40 minə yaxın ailə bəhrələnmişdir. İFAD prezidenti İslam İnkişaf Bankı ilə birgə maliyyələşdiriləcək və ümumi dəyəri 100 milyon dollar olan kənd yerlərinin inkişafı ilə bağlı layihənin hazırlıq mərhələsində olduğunu da söyləmişdir.