Beynəlxalq İslam Korporasiyasının iclası öz işinə başlayıb
Dünən Bakıda İslam İnkişaf Bankının illik toplantısı "İslam Konfransı Təşkilatının üzv ölkələri arasında ticarətin gücləndirilməsi üçün Yol xəritəsinin hazırlanması"na dair Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının iclası öz işinə başlayıb.
İclasda islam ölkələrinin iqtisadiyyatı üçün xüsusi proqram çərçivəsində ticari yardımlar üzrə müvafiq Yol xəritəsinin həyata keçirilməsi, bununla əlaqədar milli və regional yardım prioritetlərinin müəyyənləşməsi məsələləri müzakirə olunur.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev iclası açaraq ölkəmizin iqtisadiyyatı, biznes mühiti və investisiya imkanları barədə iştirakçılara ətraflı məlumat verib. Nazir vurğulayıb ki, Azərbaycanda sosial-iqtisadi, ictimai-siyasi sahədə vəziyyət çox müsbətdir. Ölkəmizdə azad yaşamaq, yaratmaq və işləmək üçün bütün şərait vardır. Azərbaycan ən sürətlə inkişaf edən, sabit, möhkəm, dünyada öz rolunu oynayan ölkədir.Təsadüfi deyildir ki, beynəlxalq maliyyə qurumları da Azərbaycanda aparılan islahatları görür, qiymətləndirir və mükafatlandırırlar. Azərbaycan xarici sərmayələr üçün çox məqbul bir yerdir.
İslam İnkişaf Bankının (İİB) prezidenti Əhməd Məhəmməd Əli İİB-in Müdirlər Şurasının 35-ci illik toplantısına ev sahibliyi etdiyi üçün Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkür etmiş, Bankla Azərbaycan arasında sıx əməkdaşlığın olduğunu vurğulayıb.
Ə.M.Əli İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasında Yol xəritəsinin əhəmiyyətindən danışaraq, qeyd edib ki, bu layihə dövlətlər arasında ticarətin gücləndirilməsinə, bu sahədə əlaqələrin mükəmməl qurulmasına kömək edəcək.
Onun sözlərinə görə, 2005-2010-cu illərdə İİB artıq bir çox ölkələrə böyük vəsaitlər ayırmışdır. Bu gün bankın əsas məqsədi üzv dövlətlərin ekspertlərinin diqqətini İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasında ticarətin gücləndirilməsi üçün Yol xəritəsinin hazırlanması işinə yönəltməkdir. İİB-in əsas məqsədi islam ölkələri ilə ticarətin həcmini ən azı 10 dəfə artırmaqdır.
Digər çıxış edənlər iclasda müzakirə edilən məsələlərə münasibətini bildiriblər. Vurğulanıb ki, Yol xəritəsi İİB-in üzvü olan ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirəcək və yeni nailiyyətlərin qazanılmasına səbəb olacaq.
Qonaqlar, həmçinin, Azərbaycanda mövcud əlverişli iqtisadi mühiti də xüsusi qeyd etmişlər. Vurğulanıb ki, bu mühit xarici sərmayədarlar üçün cəlbedicidir.
Bundan əlavə, iclasda inzibati və texniki məsələlər, bir sıra üzv ölkələrdə yeni inkişaf layihələrinin maliyyələşdirilməsi, banka üzv olmayan ölkələrdə müsəlman icmaları üçün qrant və yardımlar da müzakirə edilib.
İclas öz işini iyunun 22-də davam etdirəcək.