Hirkan Milli Parkına press-tur təşkil olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə "2010 Ekologiya ili-Yaşıl dünya naminə" devizi altında Lənkərandakı Hirkan Milli Parkına press-tur təşkil edilib. ETSN-nin İctimaiyyətlə əlaqələr departamentenin direktoru İradə İbrahimova tədbiri açaraq bildirib ki, nazirliyin "Ekologiya ili" çərçivəsində hazırladığı Kompleks Tədbirlər Planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir.
Lənkərandakı Hirkan Milli Parkında ölkənin nüfuzlu kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə "2010 Ekologiya ili-Yaşıl dünya naminə" devizi altında təşkil olunan press-tur da bu qəbildəndir.
1936-cı ilin dekabrından qoruq, ölkə başçısının 2004-cü il 9 fevral sərəncamı ilə Milli Park statusu alan Hirkan Milli Parkı barədə məlumat verən İ.İbrahimova burada əsas məqsədin ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Təbiətin qoynunda təşkil olunan press-tur zamanı Hirkan Milli Parkının elmi işlər üzrə direktor müavini, biologiya elmlər namizədi Hacıağa Səfərov park haqqında ətraflı məlumat verərək bildirib ki, hazırda parkın ümumi ərazisi 40358 hektardır. Parkın qoruq hissəsi, yasaqlıq və turizm üçün istifadə olunan ərazilər də daxil olmaqla 3 hissəyə bölünür. Hacıağa Səfərov onu da əlavə edib ki, parkın ərazisində şabalıdyarpaq palıd, dəmirağac, Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat və sair endemik ağac növləri var. Hirkan Milli Parkının ornitofaunasına daxil olan Hirkan arıquşusu, məzar qartalı, qara leylək, turac, Talış qırqovulu və digər quşlar parka xüsusi gözəllik verir. Parkda bəbir, xallı maral, vaşaq, qaban, porsuq, tirandaz və başqa heyvan növlər mühafizə olunur. Tədbir zamanı jurnalistlər üçün Hirkan Milli Parkının flora və faunası ilə yaxından tanış olmaq məqsədilə gəzinti təşkil olunub, nazirliyin mütəxəssisləri tərəfindən onları maraqlandıran suallar cavablandırılıb. Sonda media işçiləri arasında Hirkan Milli Parkı ilə bağlı sorğu keçirilib.