BSU-da Kşiştof Krayevski ilə görüş keçirilib
18 iyun 2010-cu ildə Bakı Slavyan Universitetinin "Səfir saatı" klubunda növbəti görüş keçirildi. Klubun budəfəki qonağı Polşa Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyətli səfiri Kşiştof Krayevski idi.
Azərbaycan Respublikasında beş illik diplomatik fəaliyyətini başa vuran K.Krayevskinin bu illər ərzində Azərbaycanla Polşa arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında böyük xidmətləri olmuşdur. K.Krayevskinin Bakı Slavyan Universitetində polyak dili və mədəniyyəti mərkəzinin səmərəli fəaliyyətində əvəzsiz rolu olmuşdur.
Səfir doğma məkanına çevrilmiş universitetə bu dəfə ailə üzvləri ilə birlikdə təşrif buyurmuşdu. Tədbiri giriş sözü ilə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev açaraq, Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskinin bu illər ərzində peşəkar diplomat kimi yüksək səviyyədə fəaliyyət göstərdiyini diqqətə çatdırdı: "Bu gün biz həm sevinir, həm də, haradasa kədərlənirik. Sevinirik ona görə ki, bizim universitetin ən yaxın dostu ilə, onun ailəsi ilə bir daha görüşürük. Kədərlənirik ona görə ki, siz Azərbaycan Respublikasında beş illik diplomatik fəaliyyətinizi uğurla başa vuraraq, öz ölkənizə qayıdırsınız. Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında bütün sahlərdə əlaqələrin inkişafında sizin əməyiniz danılmazdır. Bizim universitet sizin simanızda özünə sadiq dost qazanıb. Mən əminəm ki, biz BSU-da sizinlə gələcəkdə də görüşəcəyik. Sizə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm".
Səmimi və xoş münasibətə görə BSU kollektivinə təşəkkür edən K.Krayevski diplomatik fəaliyyəti dövründə görülən işlər haqqında danışdı: "Mən, ilk növbədə, beş illik dostluğumuza görə sizə təşəkkürümü bildirirəm və hər birinizə Polşaya olan sevginizə görə minnətdaram. Bu gün Polşa ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox yüksək səviyyədədir və bu, bizi çox sevindirir, Azərbaycan bizim çox ciddi və böyük strateji müttəfiqimizdir. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da yüksələn xətt üzrə davam edəcək. Mərhum prezident Lex Kaçinskinin Azərbaycana beş dəfə səfər etməsi ölkələrimiz arasında əlaqalərin ən parlaq göstəricisidir. Bakı Slavyan Universitetini isə mən həmişə xatırlayacağam. Çünki bu universitet mənə hər səfərimdə xoş xatirələr bəxş edib. BSU-da polyak dili və mədəniyyəti mərkəzinin açılması da bizim dostluq və əməkdaşlığımızın ən bariz nümunəsidir. Həmişə yadınızda saxlayın ki, sizin Polşada səmimi dostlarınız var və biz sizi Polşada görməyimizə çox şad olarıq."
Tədbirin sonunda BSU-nun tələbə və müəllim heyəti Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskiyə təşəkkür etdilər və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladılar. Sonda K.Krayevski universitetin xatirə kitabına öz ürək sözlərini yazdı.