"Yeni Azərbaycan" qəzeti Milli Mətbuatın 135 illiyinə həsr olunan dəyirmi masa keçirib
Dünən "Yeni Azərbaycan" qəzetinin redaksiyasında Milli Mətbuatımızın 135 illiyinə həsr olunan dəyirma masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada millət vəkilləri Məlahət Həsənova, Fəzail Ağamalı, Sosial Rifah partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı, "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Şamil Vəliyev və Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə iştirak edib.
Dəyirmi masada ilk olaraq söz alan Məlahət Həsənova qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra milli mətbuatımız yenidən formalaşmağa başladı. Milli mətbuatımızın Azərbaycanda demokratik dəyərlərin təşəkkül tapmasında, təkmilləşməsində müstəsna xidmələri var. Təbii ki, milli mətbuatımızın formalaşması 1993-cü ildən - Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövründən başladı. Ümummilli liderimizin mətbuata dəstəyinin, qayğısının nəticəsi idi ki, ilk dəfə olaraq mətbuatın dostu elan olunmuşdu. Bunun özü böyük bir göstərici idi. Ulu öndərimiz Azərbaycanda azad sözün, azad fikrin formalaşmasında, təkmilləşməsində xüsusi xidmətləri var. Bu qayğı, bu dəstək Azərbaycanın dövlət siyasətinin bir tərkib hissəsinə çevrilmişdi. Mən fürsətdən istifadə edib indidən bütün mətbuat işçilərini bu bayram münasibətilə təbrik edirəm. Mətbuat bayramına hələ bir ayda çöx zaman qalmasına baxmayaraq artıq yüksək səviyyəli hazırlıqlar aparılır, ali mükatın təsisatı nəzərdə tutulub. Cənab Prezidentin imzaladığı sərəncamda da çox yüksək fikirlər əks olunub.
Millət vəkili Fəzail Ağamalı öz çıxışında bildirib ki, jurnalist bütün sahələrdə istənilən uğurları, nöqsanları, səhvləri olduğu kimi obyektiv şəkildə işıqlandırmalıdır ki, bütün bunlardan lazımi nəticələr çıxarılıb olan nöqsanlar, səhvlər aradan qaldırılsın. Bununla da cəmiyyət irəliyə doğru inkişaf etsin. Şübhəsiz ki, demokratik cəmiyyətdə mətbuatın yerini və rolunu ulu öndərimiz Heydər Əliyev qədər dəqiq müəyyənləşdirən və buna rəğmən ona xüsusi diqqət verən 2-ci şəxsiyyət tanımıram. Heydər Əliyev mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərməklə yanaşı, həm də hər bir kəsə, məmura örnək nümunəsi verib. Əvvəlki mətbuatın prezidentə olan münasibəti indiki mətbuatın münasibətindən xeyli dərəcədə fərqlidir. Mətbuatımıza ulu öndərimizin vermiş olduğu dəyər, diqqət və onun atmış olduğu cığır artıq geniş bir yola çevrilib.
Dəyirmi masanın davamında söz alan Vüqar Rəhimzadə vurğulayıb ki, bu mövzuya aid belə dəyimi masaların keçirilməsi təqdirəlayiqdir. Burada deyilən hər bir fikirlərin əhəmiyyəti olduqca böyükdür. Azərbaycan Milli Mətbuatı çox şərəfli, eyni zamanda, uğurlu bir inkişaf yolu keçib. Hesab edirəm ki, bu gün Azərbaycan jurnalistikası öz dinamik inkişaf dövrünü yaşayır. Azərbaycan mətbuatı uğurlu bir yolu davam etdirir. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıtması mətbuatın inkişafına daha da təkan verdi. Azərbaycanda o zaman təkcə senzura deyil, həmçinin hərbi senzura da mövcud idi. Səhifələrin ağ çıxmasının dəfələrlə şahidi olmuşuq. 1993-cü ildən etibarən digər sahələrdə olduğu kimi mətbuata da diqqət yetirildi. Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması və mətbuat üzərindən dövlət nəzarətinin götürülməsi böyük nailiyyət idi.
Daha sonra Şamil Vəliyev qeyd edib ki, hər zaman müasir mətbuat peşə standartlarını ödəyə bilmir və mətbuat daxili problər mövcuddur. Dünyanın indiki inteqrasiya dövründə şübhəsiz ki, informasiya mühitinin şəffaflaşması çox ciddi məsələdir. Ulu öndərin əsas məqsədlərindən biri də o idi ki, şəffaf informasiya mühiti olsun. 4-cü hakimiyyətin sosial instituta çevrilməsi və onun vasitəsi ilə də hakimiyyətin digər növləri arasında əlaqənin formalaşması Azərbaycan cəmiyyətin yeni istiqamət axtarmasına kömək etdi.