“907-ci düzəliş ABŞ-Azərbaycan əlaqələrinə mənfi təsir göstərir"
"ABŞ-a qayıdarkən prezident Barak Obamaya Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını ifadə edəcəm".
Bu fikri dünən Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Qeyts Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə görüşündə deyib. Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimindən sonra keçirilən geniş tərkibli görüşdə əsası 1997-ci ildə prezident Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-ABŞ hərbi əməkdaşlığının qısa tarixçəsinə diqqət yetirən müdafiə naziri Səfər Əbiyev ölkəmizin Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Nazir bildirib ki, ABŞ-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlər üzrə inkişaf prioritetləri dünən Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilən ABŞ müdafiə naziri R.Qeytslə də ətraflı müzakirə mövzusu olub.
Beynəlxalq terrorizmə və digər təhlükəsizlik proseslərinə verilən birgə töhfələrdən danışan S.Əbiyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Cənubi Qafqazda vəziyyətin mürəkkəb və gərgin olaraq qaldığını bildirib. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın rolunu yüksək qiymətləndirib və bu ölkədən daha fəal addımlar atmağı hörmətli qonağın diqqətinə çatdırıb. Görüş zamanı S.Əbiyev 907-ci düzəlişin ABŞ-Azərbaycan əlaqələrinə mənfi təsir göstərdiyini xüsusilə qeyd edib. R.Qeyts müdafiə nazirliyində yüksək qonaqpərvərliklə qarşılandığına görə azərbaycanlı həmkarına öz təşəkkürünü bildirib və qeyd edib ki, prezident Barak Obamanın cənab İlham Əliyevə məktubu, dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən səfəri və özünün hazırda Bakıda olması ABŞ-la Azərbaycanın starateji tərəfdaş ölkə olduğuna bariz nümunədir. Cənab Qeyst vurğulayıb ki, ölkəsinə qayıdarkən ABŞ prezidenti Obamaya Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını ifadə edəcək. Bir sıra mühüm məsələlərə toxunan amerikalı nazir 907-ci düzəlişin birdəfəlik ləğv edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini də Səfər Əbiyevin diqqətinə çatdırıb. Sonda Səfər Əbiyev qeyd edib ki, ABŞ-la Azərbaycan arasında həqiqi partnyorluğa xas olan münasibətlər qurulacaq və ABŞ müdafiə nazirinin Azərbaycana gəlişi tərəfdaşlığın inkişafına öz yeni töhfəsini verəcək. Görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev iştirak edib.