PDF Oxu

Sosial

  • 12

Qlobal maliyyə böhranı: Azərbaycan nümunəsi

Qlobal maliyyə böhranı: Azərbaycan nümunəsi
Qlobal maliyyə böhranı şəraitində Azərbaycanda, əsasən, dövlət investisiya proqramı çərçivəsində infrastruktur layihələrinə qoyulan sərmayələr hesabına daxili investisiyanın artımı qarşılığında, 2009-cu ildə ölkə iqtisadiyyatına yönələn birbaşa xarici investisiya bir qədər azalıb. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmi 2009-cu ildə 2,2 milyard manat (2,75 milyard dollar) təşkil edərək, əvvəlki ilin müvafiq dövründəkindən 16,3% az olub.
Qeyd edək ki, Azərbaycana 2009-cu ildə yatırılan investisiya qoyuluşu üzrə xarici ölkələr və beynəlxalq təşkilatlar arasında ən böyük paya Böyük Britaniya malik olub. Britaniya rezidentlərinin Azərbaycanda əsas kapitala yönəltdiyi investisiyanın həcmi 1,27 milyard dollara yaxın və yaxud manat ekvivalentində 1 milyard manat təşkil edib.
Böyük Britaniya ilə yanaşı, Azərbaycan iqtisadiyyatının əsas xarici investorlarının ilk beşliyinə ABŞ, Yaponiya, Türkiyə və Norveç rezidentlərini daxil etmək olar. Bu dörd ölkəni təmsil edən investorların kapital qoyuluşu ümumi hesabda 941,3 mln. manata yaxındır, onların xüsusi çəkisi isə 42,3%-ə bərabərdir. Xatırladaq ki, 2009-cu ildə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən 9 milyard manat həcmində və ya 2008-ci ildəkindən 34,3% çox investisiya yönəldilib.
Antiböhran tədbirlərindən biri də hökumətin maliyyə dəstəyinə sübut kimi sığorta şirkətlərinin 3 il müddətinə mənfəətin kapitallaşmasının artırılmasına yönəldilən hissəsinin vergidən azad edilməsidir. Böhranın sığorta şirkətlərinə təsirinin minimuma endirilməsi üçün bu dövr ərzində gərəksiz xərcləri azaltmaq, müştəri sayını artırmaq və bazar üçün yeni məhsullar hazırlamaq lazımdır. Hökumət isə öz tərəfindən 2009-cu ilin sonunda həm sığorta şirkətlərini, həm də bankları mənfəət vergisindən azad edərək mühüm bir addım atmış oldu.
Maraqlıdır ki, 2009-cu ildə əlavə cəlb edilən və istifadə olunan xarici kreditlərin həcmi 58% artaraq 697 mln. dollara çatıb. Öz növbəsində, xarici borcun ödənilməsinə 286,3 mln. dollar xərclənib. Bu göstərici son bir il ərzində 67,9% artıb və onun hissəsi borclar üzrə faizlərin ödənilməsinə sərf olunub.
Qeyd edək ki, dövlət büdcəsi vəsaitləri hesabına xarici borcun ödənilməsinə 117,9 mln. dollar xərclənib. Bütün bunlarla yanaşı, Dünya Bankı (DB) 2009-cu ilin yekunlarına görə Azərbaycanda cari hesab balansının ÜDM-ə nisbətinin 41,6% səviyyəsinə çatacağını, 2010-cu ildə isə bunun 30,7% olacağını proqnozlaşdırır.
Bu göstərici üzrə Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında 1-ci yerdədir. Eyni zamanda, Azərbaycanın 2010-cu və 2011-ci illərdə də lider mövqeyini qoruyacağı gözlənilir. Ümumilikdə isə, sözügedən regionun ölkələrinin əksəriyyəti mənfi cari hesab balansına malik olduğundan, bu göstəricinin ÜDM-ə faiz nisbəti də mənfidir.
Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən istehlak kreditlərinin həcmi 2009-cu ildə 2334,9 mln. manat təşkil edib. Səhm buraxılışında dövlət müəssisələrinin payı 61%-i keçib, onun sahəvi strukturunda isə maliyyə, xüsusilə, bank sektoru üstünlük təşkil edərək, ümumi səhm buraxılışının 1/3 hissəsini təşkil edib. Dövr ərzində səhm buraxılışı üzrə əməliyyatların sayının 2008-ci ilə nisbətən 33% azalmasına baxmayaraq, onların məbləği 80% artıb.
Korporativ istiqrazların emissiyası da 2009-cu ildə 2008-ci ilə nisbətən 50% azalıb. 2008-ci ildə borc bazarının ümumi həcminin 94%-ni Milli Bankın qısamüddətli notları, 4,8%-ni dövlət qısamüddətli istiqrazları, 0,5%-ni korporativ istiqrazları ilə aparılan əməliyyatlar, 0,7%-ni veksellər təşkil edib. 2009-cu ilin ortalarından likvidliyə tələbatın artması ilə əlaqədar veksellərlə əməliyyatlar genişlənmişdir. Belə ki, hesabat dövründə 63 mln. manat məbləğində 509 veksel buraxılışı dövlət qeydiyyatına alınıb ki, bu da 2008-ci ilin müvafiq göstəricilərindən say üzrə 5 dəfə, məbləğ üzrə isə 2 dəfə çoxdur.

Digər xəbərlər