PDF Oxu

Sosial

  • 8

Təbii fəlakətin nəticələri tezliklə aradan qaldırılacaq Hökumət komissiyasının fəaliyyəti razılıq doğurub

Təbii fəlakətin nəticələri tezliklə aradan qaldırılacaq Hökumət komissiyasının fəaliyyəti razılıq doğurub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması ilə bağlı sərəncam imzalayıb. Hökumət komissiyası əhaliyə dəyən ziyanın aradan qaldırılması, mövcud problemlərin yoluna qoyulması və üzləşilən digər çətinliklərin həll olunmasında nə kimi köməkliklər göstərə biləcək? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Zahid Oruc,
millət vəkili:

- Baş vermiş hadisə Azərbaycanın bir sıra bölgələrinə çox böyük zərər vurdu. Təbii fəlakətin qarşısını almaq naminə dövlət başçısı tərəfindən hökumət komissiyasının yaradılması ilə bağlı fərman imzalandı və həmin komissiya yaradıldı. Artıq demək olar ki, bir neçə gün ərzində həyata keçirilən tədbirlər, müəyyən bir səviyyədə gərginliyi aradan qaldırmağa və ən azı sözügedən sel fəlakətini idarə etməyə və onu müəyyən bir formada təhlükələrini minimallaşdırmağa şərait yaratdı. Qeyd etmək istəyirəm ki, əhalinin təkrar öz yaşadığı məkanlara dönməsi və təbii fəlakət nəticəsində zərər çəkmiş evlərin normal şəraitə salınması və digər dəymiş ziyanın müəyyənləşdirilməsi üçün görülən işlər kifayət qədər böyük olacaqdır. Açıq desək, bu cür gözlənilməz hadisə öz-özlüyündə bir qədər problemlər yaratmış oldu. Yəni əvvəlcədən nəzərə alınmamış hazırlıqsız bir şəraitdə belə bir təbii fəlakətin baş verməsi, həm dövləti, həm də bizi və o cümlədən də, orada yaşayan insanları kifayət qədər qayğılarla yükləmiş oldu. Fikrimcə, bir tərəfdən həmin insanların yeni evlərin təminatı ilə yanaşı, ikinci tərəfdən də, sahilbərkitmə işlərini daha yüksək səviyyədə təşkil edilməsinə imkan yaranacaqdır. Çünki bildiyiniz kimi, fövqəladə bir şəraitdə atılan addımlar yalnız o məqamın diqtəsi ilə edilir, sonrakı dövrdə daha planlı, proqramlı fəaliyyəti özündə ehtiva etməlidir. Bu isə, o deməkdir ki, dövlət tərəfindən Kür-Araz və onunla sərhəd olan bölgələrin hər birinin tamamı ilə gələcək təhlükələrdən qorunması naminə ciddi dövləti tədbirlər işlənəcəkdir. Hesab edirəm ki, Prezident İlham Əliyev baş vermiş təbii fəlakətin tezliklə aradan qaldırılması üçün vacib olan bütün addımları atacaq və hökumət bilavasitə bu prosesdə yaxından iştirak edəcəkdir.

Fəzail İbrahimli,
millət vəkili:

- Prezident İlham Əliyev tərəfindən verilmiş Sərəncam bütün çətinliklərdən irəli gələn məsələlərin həllinə yönəlmiş bir Sərəncamdır. Əgər belədirsə, bütün çətinliklər aradan qaldırılmalıdır. Dövlət tərəfindən bu çətinliklərin aradan qaldırılması üçün komissiyaya müəyyən səlahiyyətlər verilib. Demək, bu, sadəcə olaraq, bir komissiyanın yaradılması deyil, baş vermiş hadisənin aradan qaldırılması üçün dövlətin gördüyü əməli tədbirdir. Bunun üçün isə dövlət kompensasiyalar verəcək, xalqın təhlükəsizliyi təmin olunacaq və s. Fikrimcə, bu qərar çox ciddidir və vaxtında verilmişdir. Mənə elə gəlir ki, bu, uzunmüddətli strateji bir qərardır. Bir sözlə, Sərəncamda adları çəkilmiş rayonların gələcəkdə problemlərin olmamasına yönəlmiş tədbirdir.

Digər xəbərlər