"Azərbaycan qazı olmadan "Cənub dəhlizi" layihəsi mövcud ola bilməz"
Dünən Prezident yanında Strateji Araşdırmalar Mərkəzində "Cənubi Qafqaz və Xəzər regionunda ABŞ-ın enerji siyasəti" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morningstar məruzəçı qismində çıxış edib.
Məruzəsində ABŞ-ın Avrasiya enerji strategiyasında əsas komponentin mövcud olduğunu bildirən Riçard Morningstar təmsil etdiyi dövlətin Xəzər regionunda olan təbii qazı Avropaya gətirəcək yeni dəhlizi, yəni Cənub Dəhlizinin açılmasına güclü dəstək verdiyini qeyd edib. O, hesab edir ki, Cənub Dəhlizi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kommersiya cəhətdən sərfəli olmaqla, Avropa ilə qarşılıqlı maraqlar üzərində uzunmüddətli tərəfdaşlıq qurmağa imkanlar yaradacaq: "Təbii ki, Azərbaycan Cənub Dəhlizinin ayrılmaz bir hissəsidir. Xüsusilə də Şahdəniz layihəsinin ikinci fazasından hasil olunacaq Azərbaycan qazı olmadan, Cənub Dəhlizi layihəsi mövcud ola bilməz. Əlbəttə ki, Şahdəniz II qazı Avropaya öz yolunu tapmalıdır və Azərbaycan və Türkiyə arasında qazın kommersiya şərtləri barədə razılığa gəlinmədən Cənub Dəhlizi vasitəsilə qazın ixracı mümkünsüz sayılır. Bununla bağlı, biz Şahdəniz qazının alınması və tranziti ilə bağlı Türkiyə və Azərbaycan arasında keçirilən son danışıqlarda əldə olunan irəliləyişləri alqışlayırıq. Biz ümid edirik ki, hər iki tərəf bu yaxınlarda birgə razılığa gələcək. Bu isə bizi əmin edir ki, Cənub Dəhlizi konsepsiyası realığa çevriləcəkdir".
Türkmənistanın Cənub Dəhlizində iştirakını müsbət yanaşdığını söyləyən amerikalı diplomat İraqın da öz növbəsində Cənub Dəhlizinə qaz ixrac etmək niyyətini bildirib. Lakin İranla bağlı mövqe dəyişməz olaraq qalır: "Amma biz hesab edirik ki, bu proses həmin ölkənin hərtərəfii enerji strategiyasının bir hissəsi olmalı və mərkəzi hökümət tərəfindən dəstəklənməlidir. Bizim İran ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz İranın nüvə proqramı ilə bağlı beynəlxalq səviyyədə cəhdlərin davam etdirilməsi fonunda İran rəhbərliyinin mövcud yanaşmasını nəzərə alaraq, bu ölkəni Cənub Dəhlizində görmürük".
ABŞ-ın Rusiya ilə əməkdaşlıq etmək və enerji məsələləri üzrə konstruktiv dialoq qurmaq niyyətində olduğunu deyən Riçard Morningstar qeyd edib ki, Rusiyanın başlıca enerji istehsalçısı olmaqla, regionda başlıca mövqeyə malikdir və malik olmaqda davam edəcəkdir: "Biz Rusiya ilə sıx əməkdaşlıq etməli və razılığa gələ biləcəyimiz sahələr üzrə birgə işləməliyik. Rusiya ilə əməkdaşlığı artırmaq məqsədilə, Ağ Ev kəçən il enerji məsələləri daxil olmaqla, müxtəlif məsələləri özündə ehtiva edən yeni ABŞ-Rusiya İkitərəfli Prezidentlərarası Komissiyasını təsis edib. Keçən həftə biz İkitərəfii Prezidentlərarası Komissiyası nəznində Enerji Təhlükəsizliyi üzrə Altqrupunun ilk iclasını keçirtdik".
O, Qazağıstan neftinin diversifikasiyası nəticəsində Xəzər Boru Kəməri Konsorsiumun genişləndirilməsi ilə bağlı əldə olunan irəliləyişin mühümlüyünü vurğulayıb: "Qazağıstan- Azərbaycan- Xəzər Dənizi Nəqliyyat Sistemi vasitəsilə Xəzər neftinin dünya bazarlarına ixracı məqsədilə Qazaxıstan Hökuməti və investorlar ilə birgə çalışmağını səbirsizliklə gözləyirik. Bu sistemə Qazaxıstanda yeni qaz kəməri, Xəzərboyu neft tanker daşıma sistemi, habelə Azərbaycan və Gürcüstandanda yeni boruların tikilməsi və ya mövcud boruların genişləndirilməsi daxildir. Qazaxıstanın artacaq neft istehsalı fonunda Azərbaycan öz neft və qaz ehtiyatları ilə xüsusilə də transit ölkə oalraq mühüm rol oynamaqda davam edəcək".