Kür və Araz çaylarının məcrasından çıxaraq daşması, uzunmüddətli və intensiv yağan yağışlar aran bölgəsində, o cümlədən, kəndlərin yaşayış məntəqələrində təhlükə mənbəyinə çevrilsə də, artıq bu gün yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Maliyyə naziri Samir Şərifovun verdiyi açıqlamasına görə, təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq məqsədilə dövlət büdcəsindən əlavə vəsaitlər ayrılacaq: "Daşqınlar və sellərin nəticələrinin aradan qaldırılmasının maliyyələşdirilməsi Azərbaycan Prezidentinin fərmanına əsasən həyata keçiriləcək".
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə son illər Araz və Kür çayında sululuğun artmasının yaradacağı fəsadların qarşısını almaq üçün Arazın yeni qolunun açılmasına ehtiyac yarandığını söyləyib: "Araz çayından yeni qolun açılması qabaqlayıcı tədbirlərdən biridir. Gələcəkdə burda güclü şlyuzların qoyulması nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyi, "Meliorasiya və Su Təsərrüfatı" ASC və digər müvafiq təşkilatlar gələcəkdə axan suya nə qədər tələbat olduğunu müəyyənləşdirəcəklər və qola uyğun da su buraxılacaq. Bununla da sular idarə olunacaq".
K.Heydərov bildirib ki, mütəxəssislərin rəyinə görə, Araz və Kürdə suyun səviyyəsində azalma müşahidə olunur: "Mingəçevir Su Anbarına daxil olan və çıxan su da stabildir".
Nazir hazırda bənd bərkitmə işlərinin davam etdiyini də açıqlayıb: "Yağışlar zamanı suda artım olan hallarda yumşalan bəndlərdə də bərkitmə işləri davam etdirilir. Kürün deltasında da lil təmizləmə prosesi gedir. Həm Xəzər Dəniz Gəmiçiliyinin, həm də ARDNŞ-nin gəmiləri orada işləyir. Rusiyada suyun dibini dərinləşdirməklə məşğul olan, bu sahədə ixtisaslaşmış "Kasptransform" şirkətinin bizim işlərə kömək etməsi mümkündür. Sistem olaraq suların idarə olunması qarşımızda bir məqsəd kimi durur. Hər bir təşkilat bununla bağlı öz proqramını təqdim edəndən sonra nəticələrə əsasən ümumi milli proqram qəbul edəcəyik".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Səs"ə verdiyi açıqlamasına görə, Kür çayının daşması nəticəsində, əhalinin içməli su ilə təminatında yaranmış problemlərin aradan qaldırılması məqsədilə Sabirabad şəhərinin müxtəlif yerlərində iki ədəd modul tipli sutəmizləyici qurğu quraşdırılıb: "Artıq Sabirabad rayonunda əhali içməli su ilə təmin olunub. hər birinin gündəlik təmizləmə gücü 60 ton olan sutəmizləyici qurğular hazırda əhalinin içməli suya olan tələbatını tam ödəyir. İçməli suya yenidən tələbat yaranacağı təqdirdə, ETSN əlavə qurğular quraşdırılmaqla şəhərdə içməli suyun gündəlik həcmini 500 tona çatdırmağı nəzərdə tutur".
Baş nazirin müavini Abid Şərifov yaxın iki ay ərzində Azərbaycanda sellərin törətdiyi fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılan komissiya problemlərin həllinə dair təkliflər planını hazırlayacağını söyləyib. Onun sözlərinə görə, qısa bir müddət ərzində sellərin törətdiyi fəlakətin aradan qaldırılması ilə bağlı böyük həcmdə iş görülüb ki, bunlardan biri Araz çayının yeni qolunun açılmasıdır ki, çay artıq köhnə məcrasına qayıdıb: "Hazırda 10 günə görülən işlər başqa zaman aylarla vaxt aparardı. Dövlət başçısının tapşırığına əsasən, yaradılan komissiya 2 ay ərzində problemlərin həll edilməsinə dair təkliflər planı hazırlayacaq".
A.Şərifov onu da qeyd edib ki, yeni hövzənin uzunluğu 140 km qədərdir və su Xəzər dənizinə çatanadək müəyyən işlər görüləcək. Belə ki, Biləsuvar ərazisində yeni dəmir yolu körpüsü tikilməlidir, irriqasiya kanallarına yenidən baxılmalı, hazırlanmalı və inşa olunmalıdır: "Güman edirəm ki, xətadan qurtula bildik".
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin prezidenti Əhməd Əhmədzadənin sözlərinə görə, mayın 31-nə kimi İran İslam Respublikası ilə Xudafərin su anbarında suyun yığılması razılaşdırılıb. Mayın 31-də bu razılaşma müddəti bitdiyinə görə, su yenidən Araz çayına buraxılıb. Dünən Arazın yeni qolunun açılması nəzərdə tutulduğundan anbardan yenidən su buraxılıb və Arazda suyun sürəti artıb. Artıq Xudafərin su anbarından buraxılan su Arazın yeni qolu ilə ötürülür. Bu gün Araz çayından Kürə saniyədə 465-480 kubmetr su axır. Arazın yeni qolu ilə isə saniyədə 240-250 kubmetr su ötürülür. Arazdan ayrılan yeni yarılan qolun eni 60 metrdən çox olacaq.
Sabirabad rayon icra hakimiyyətinin məsul işçisi İlham Əsgərovun "Səs"ə verdiyi məlumatına görə, Araz çayı sahilboyu yaşayış məntəqələrində çox təhlükəli vəziyyət yaratmışdır: "Doğrudur, rayonun Dəllər, Nərimankənd, Novruzlu, Hacıqasımlı, Kamallı, Bəylər, Qaralar, Qıraqlı və daha bir neçə kəndlərini sel suları basması təhlükəsi yaranmışdır. Təbii fəlakətlərin törədə biləcəyi fəsadları aradan qaldırmaq üçün rayonda fövqəladə vəziyyət elan edildi. Bütün idarə, müəssisə və təşkilatlar, yerli əhali səfərbər olunaraq təhlükə ocaqlarında fəlakətlə mübarizəyə cəlb olundu. Vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, yerli əhalinin təşəbbüskarlığı və fəallığı, rəhbərliklə ictimaiyyətin monolit birliyi daha böyük fəsadların baş verməsinin qarşısı alındı və alınmaqdadır".