İsrailin Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə qarşı beynəlxalq sularda həyata keçirdiyi hərbi əməliyyat aparması nəticəsində insanların qətlə yetirilməsi beynəlxalq ictimaiyyətin hiddətinə və ciddi narazılığına səbəb olub. BMT Təhlükəsizlik Şurası İsrailin hərbi aksiyasını pisləyib, məsələnin araşdırılmasını və cinayəti törətmiş şəxslərin cəzalandırılmasını, əsir və girovların azad edilməsini tələb edib.
Vüqar Rəhimzadə, "İki Sahil" qəzetinin baş redaktoru:
- Türkiyənin Qəzzaya humanitar yardım aparan gəmi heyətinin İsrail hərbçiləri tərəfindən hücuma məruz qalması faktını qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, bu bəşəriyyətə və insanlığa sığmayan bir zorakılıqdır. Bu qanlı hadisəni dünya ictimaiyyəti də yolverilməz hesab edir. Artıq beynəlxalq qurumların məsələyə dair konkret qərarlar qəbul etməsi zərurəti yaranmışdır. Bəyanatlar müstəvisindən qərarlar səviyyəsinə keçməyin zamanı çatmışdır. Bu hücuma göstəriş verən İsrail səlahiyyətliləri beynəlxalq hüquq normaları çərçivəsində öz layiqli cəzasını almalıdırlar.Əks halda dövlət səviyyəsində terrorun davam etməsi presendenti yaranar, bu da beynəlxalq hüquq və normaların iflasına gətirib çıxara bilər.
Azərbaycan Respublikası İsrail hərbçilərinin insan tələfatına səbəb olan aksiyasını qətiyyətlə pisləyib və narahatlığını ifadə edib. Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisənin qısa müddətdə araşdırılmasının və günahkarların cəzalandırılmasının zəruriliyini bəyan edib. Azərbaycan Qəzza bölgəsində yaşayan əhaliyə humanitar yardımın göstərilməsinin tərəfdarıdır.
Təəssüf ki, digər türkdilli dövlətlər Azərbaycan kimi qətiyyətli mövqe nümayiş etdirmir, passiv seyriçi olaraq məsələləri kənardan müşahidə etməyə üstünlük verirlər. Bu mövqe türkdilli dövlətlərin dövlət və hökumət başçılarının zirvə toplantılarında, o cümlədən, 2009-cu ildə keçirilmiş Naxçıvan sammitində qəbul olunmuş qərarların ruhuna uyğun deyil. Digər təəssüf doğuran fakt isə bu məsələdə ərəb dövlətlərinin həmrəylik, vahid mövqe nümayiş etdirməmələridir.
Siyasi partiya liderləri politoloqlar və ziyalılarla apardığımız söhbət zamanı onlar İsrailin bu hərəkətini pisləyib, hər zaman Azərbaycanın Türkiyənin yanında olduğunu vurğuladılar.
Mirmahmud Fəttayev, "Klassik Xalq Cəbhəsi Partiyası"nın sədri:
- Türkiyəyə məxsus yardım gəmilərinin İsrail hərbçiləri tərəfindən atəşə tutulması hadisəsi cavabsız qalmamalıdır. Bu hadisə unudulmamalı və kəskin tərzdə qınanmalıdır. Bu gün sivil məqsədlə yola çıxan Türkiyə gəmilərinə qarşı hücum təşkil edən istənilən dövləti yerində oturtmaq lazımdır. Bu hadisə tez bir zamanda doğru-dürüst qiymətini almalıdır. Hesab edirəm ki, BMT-nin Təhlükəsizlik Şurasında bu məsələyə düzgün münasibət verilməlidir. Bu yaxınlarda Türkiyənin təkidi ilə keçirilməsi nəzərdə tutulan NATO-nun iclasında da hadisəyə hüquqi qiymət verilməlidir. İsrail dövləti bütün qanunları pozub, beynəlxalq hüquq normalarına və insanlığa qarşı kobud addımlar atıb. Hesab edirəm ki, bu hadisəni törədənlər mütləq öz layiqli cəzasını almalıdır. Türkiyə tərəfi məsələyə öz münasibətini bildirib. Hadisə İsrail dövlətinin həddini aşması kimi qiymətləndirilməlidir. Ümidvaram ki, bu, belə də olacaq.
Aydın Hüseynov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü:
- Türk dünyasının dahi öndəri Atatürk demişdi ki, Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdir. Eyni zamanda, bu ifadə Azərbaycan xalqı üçün də böyük əhəmiyyət daşıyır. Əlbəttə, insan tələfatı ilə nəticələnən bu hadisə kəskin surətdə pislənilir. Digər tərəfdən, bu cür insanlıqdan kənar hadisənin humanitar yardım məqsədli gəmiyə qarşı törədilməsi xüsusi qəddarlıqdır. Azərbaycan tərəfi azğınlaşmanın, beynəlxalq normalara əməl etməyən dövlətin nələr törədə biləcəyini çox yaxşı bilir. Azərbaycanın da başına ermənilər tərəfindən zaman-zaman bu cür hadisələr gəlib. İşğalçı Ermənistan Azərbaycan xalqına qarşı bu cür terror aktları həyata keçirilib. 1 milyondan çox insanı ev-eşiyindən didərgin salıb, 20 faizdən çox torpaqlarımızı işğal edib. Ona görə də, Azərbaycan dost və qardaş Türkiyə dövlətinə hər cür köməklik göstərməyə və onu müdafiə etməyə hazırdır. Hesab edirəm ki, İsrail hərbçiləri etdiyi əməllərinə görə cavab verməlidirlər.