Nəqliyyat nazirliyi təbii fəlakət zonasında tədbirlərini davam etdirir
Azərbaycan müstəqillik qazandıqdan sonra, digər sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də yeni-yeni uğurlara imza atmışdır. Nəqliyyat sahəsində əsaslı struktur islahatlar əldə olunan uğurlu nailiyyətlər kateqoriyasına aid olunur. Nəticədə, artan fərdi çeviklik müşahidə olunur. Nəqliyyat sistemi vətəndaşların hərəkət etmə hüquqlarının həyata keçirilməsi ilə yanaşı, müdafiə potensialının yüksəldilməsinə də kömək edir.
Hazırda ölkədə baş verən təbii fəlakət nəticəsində bir çox yollar yararsız hala düşmüşdür. Nəticə etibarı ilə qəza zonasına hərəkətdə məhdudiyyət yaranmışdı. Nəqliyyat nazirliyi problemin aradan qaldırılması üçün bir çox işlər görmüşdür. Avtomobil yolları bərpa olunur, dəmir yolu ilə zəruri yüklər daşınır. Ən son məlumata görə, İmişli Yol İstismar İdarəsi Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda çala təmiri işləri görür. Saatlı rayonunda Musalı, Nərimankənd, Dəllər və Novruzlu kəndlərindən keçən Musalı-Novruzlu avtomobil yolunda (14 km) təmir işləri aparılıb. Sabirabad rayonunda Ulacalı, Mürsəlli və Şıxlar kəndlərinə gedən giriş yolları M-6 (10 km) - Sabirabad avtomobil yolunun 0-2-ci km-ində suyun altında qalan hissəsi ağır və yüngül nəqliyyat vasitələrinin hərəkəti üçün tam açılıb. Sabirabad və Şirvan rayonları arasında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda təmir - bərpa işləri sürətlə davam etdirilir. Hacıqabul rayonunda Talış su kəmərini qorumaq üçün Muğan-Talış yolunun (27 km) 6-11-ci km-də yolun kənarına bənd vurulur. Yük maşınlarının hərəkət istiqamətləri dəyişdirilərək, Abdulabad-Meyniman yolu ilə tənzimlənir. Salyan-Şirvan yolunda çala təmir işləri görülür. Zərdab rayonu ərazisində Kür çayının sol sahilində 45 km uzunluğunda bənd vurma işləri yekunlaşıb. Dəmir yolu xətti vasitəsilə dəmir-beton və s. məmulatların daşınması davam etdirilir. Mayın 26-da Vətəgə stansiyasında 58 platforma dəmir-beton, Osmanlı stansiyasında 11 platforma dəmir-beton məmulatı boşaldılıb. Mayın 27-də isə boşalmaya 50 platforma planlaşdırılır. Dəmir yolunun bütün stansiyalarında zəruri tədbirlər davam etdirilir.
Hətta bu barədə Nəqliyyat Nazirliyində komissiya da yaradılıb. Nəqliyyat naziri Ziya Məmmədov "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 may 2010-cu il tarixli Sərəncamının icrası ilə bağlı komissiya yaradılmasına dair Əmr imzalayıb. Əmrdə bildirilir ki, baş vermiş təbii fəlakət nəticəsində nəqliyyat-yol kompleksi sahələrinə, o cümlədən, avtomobil və dəmir yollarına ciddi ziyan dəymiş, yaranmış müəyyən çətinliklərlə bağlı həmin ərazilər üzrə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Fəlakət zonasında sıradan çıxmış yol-nəqliyyat infrastrukturu obyektlərinin bərpası və yenidən qurulması, dəymiş maddi ziyanın həcminin qiymətləndirilməsi və ödənilməsi, habelə, gələcəkdə bu cür halların qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə, nəqliyyat naziri Ziya Məmmədovun sədrliyi, ilə komissiya yaradılıb.