Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirildi
Dünən Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirildi. İclası Milli Məclisin sədri Oqtay Əsədov açdı. Əvvəlcə iclasda Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə" sənədlə əlaqədar məlumat verdi. R.Cəbrayılov bildirdi ki, məcəlləyə edilən dəyişikliklər hava nəqliyyatından istifadə zamanı təhlükəsizliyə daha etibarlı dövlət təminatı verilməsi baxımından əhəmiyyətlidir.
Əlavələr hava gəmisində intizamın qorunması, hava gəmisinin bortunda olan şəxslərin sağlamlığının və əmlak təhlükəsizliyinin təmin olunması məqsədilə edilir. Millət vəkili qeyd etdi ki, qanuna yeni bir maddə də əlavə edilib, bu da hava gəmisində kompüter, foto, kinoçəkmə vasitələrindən müəyyən edilmiş qaydalara uyğun olmayan istifadə zamanı, eləcə də, gəmidə məhdudiyyət qoyulmuş yerlərdə siqaret çəkilməsinə görə cərimələrin miqdarının artırılmasını nəzərdə tutur.
Millət vəkillərinin səs çoxluğu ilə sənəd qəbul edildi.
Sonra iclasda "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə sənəd müzakirə edildi. Qeyd olundu ki, sırf gizli yolla informasiya əldə etmək məqsədi ilə təkmilləşdirilmiş və proqramlaşdırılmış texniki vasitələrin növləri və adları xüsusi anlayış kimi qanuna əlavə edilir. Qanunun 8 və 10-cu maddələrinə edilən dəyişiklikləri deputatlar razılıqla qarşıladılar. Sənəd səsə qoyularaq qəbul edildi.
Daha sonra R.Cəbrayılov "Ailə Məcəlləsi"nə edilən əlavə və dəyişiklikləri şərh etdi. Bildirdi ki, əvvəlki qanunda uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilirdi. Bu əlavələrə görə isə uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilməsi qaydalardan biri kimi nəzərdə tutulur. Eyni zamanda, bundan sonra adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi ilə bağlı deputatlardan Sabir Rüstəmxanlı, Baba Tağıyev, Nizami Xudiyev, Aynur Quliyeva, Zahid Oruc, Hikmət Atayev, Fəttah Heydərov, Fəzail Ağamalı, Xanhüseyn Kazımlı çıxış edərək, soyadlarımızın milliləşdirilməsi məsələsinin cəmiyyətdə ciddi bir problem olaraq qaldığını, bunun nizama salınmasının vacibliyini vurğuladılar. Soyadlarını milliləşdirmək üçün müraciət edən insanlara kömək məqsədi ilə sadələşdirilmiş mexanizmlər hazırlanmasının vacibliyi qeyd olundu.
Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov çıxış edərək bildirdi ki, Azərbaycan MEA-da soyadlarımızın milliləşdirilməsi ilə bağlı xüsusi konsepsiya hazırlanır. O, Ailə Məcəlləsinə edilən əlavəni bu sahədə irəliyə doğru bir addım kimi qiymətləndirdi. Qanun layihəsi səs çoxluğu ilə qəbul edildi.
İclasda "Milli arxiv fondu haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara edilən əlavə və dəyişikliklərlə əlaqədar Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verdi. Layihə ilə əlaqədar çıxış edən Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, dəyişikliklərin mahiyyəti güzəştli əmək pensiyası hüququ olan şəxslərin sırasına miqrasiya xidməti sahəsində çalışan insanların da əlavə olunmasıdır. Qeyd olundu ki, bu sənəddəki əlavələr miqrasiya xidmətində çalışan insanlara ədliyyə sahəsində çalışan insanlarla bərabər hüquqlar verilməsini nəzərdə tutur. Qanun layihəsi müzakirə edilərək qəbul edildi.
Daha sonra iclasda müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi barədə Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev məlumat verdi.
Sənədlə əlaqədar çıxış edən millət vəkili Gültəkin Hacıbəyli son illərdə Naftalana göstərilən dövlət qayğısından danışdı və qeyd etdi ki, rayon ərazisinin məhdud olması yeni obyektlərin tikilməsinə mane olur: "Goranboyun Naftalana yaxın əraziləri var ki, onlar Naftalana verildikdən sonra rayonda daha yüksək irəliləyişlər nəzərə çarpacaq."
Müzakirələrdən sonra layihə səs çoxluğu ilə qəbul edildi və qanuna əsasən, Goranboyun bəzi ərazilərinin Naftalan rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi məqsədəuyğun sayıldı.
Parlamentin bugünkü iclasında "Bədən tərbiyəsi və idman haqqında" qanuna da əlavə və dəyişikliklər edildi. Qanundakı əsas anlayışlara idman-mərc oyunları ilə bağlı xüsusi anlayışların da əlavə olunduğu vurğulandı.
İclasın sonunda Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, bugünkü iclas yaz sessiyasının sonuncu iclasıdır. Lakin parlamentin 84 üzvü növbədənkənar sessiyanın çağırılması ilə bağlı müraciət imzalayıb. Parlamentin spikeri növbədənkənar sessiyanın dəqiq vaxtı barədə məlumat veriləcəyini diqqətə çatdırdı.
İclasın sonunda Azərbaycan Respublikasının himni səsləndirildi.
Bununla da Milli Məclisin 2010-cu ilin yaz sessiyası öz işini başa çatdırdı.