İqtisadi İnkişaf Nazirliyində təbii fəlakətlə əlaqədar Komissiya yaradıldı
Komissiya təbii fəlakət bölgələrinin iqtisadiyyatının bərpası və yenidən qurulması üçün müvafiq təkliflər hazırlayacaq.
Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasını təmin etmək məqsədilə nazir Şahin Mustafayevin rəhbərliyi ilə İqtisadi İnkişaf Nazirliyində Komissiya yaradılıb. Bu barədə Milli.Az xəbər portalına Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Komissiyanın tərkibində Nazirliyin əlaqədar qurumlarının nümayəndələrindən ibarət işçi qruplar fəaliyyət göstərir. İşçi qruplar təsərrüfat subyektlərinin, sahibkarların problemlərinin öyrənilməsi üçün mütəmadi olaraq təbii fəlakət zonasında olacaq, müvafiq məlumatları müntəzəm olaraq Komissiyaya təqdim edəcəklər.Komissiya həmçinin, təbii fəlakət bölgələrinin iqtisadiyyatının bərpası və yenidən qurulması, təsərrüfat subyektlərinin, sahibkarların problemlərinin həlli üçün müvafiq təkliflər hazırlayacaqdır.