PDF Oxu

Sosial

  • 11

Təbii fəlakətin nəticələri aradan qaldırılır

Təbii fəlakətin nəticələri aradan qaldırılır
Məlum olduğu kimi, mayın 11-də Kür və Araz çaylarının daşması ilə əlaqədər yaranan təbii fəlakətlə bağlı Prezident İlham Əliyevin Sədrliyi ilə Şirvan şəhərində müşavirə keçirldi. Prezident problemin aradan qaldırılması üçün dövlət qurumlarının rəhbərlərinə müvafiq göstərişlər verdi.
Bununla yanaşı, Prezident Sabirabadda yerləşən təbii fəlakətdən zərər çəkmiş insanlar üçün yaradılmış qaçqın düşərgəsində də olmuş və onların üzləşdiyi problemlərin aradan qaldırılacağın bildirmişdir. Belə bir vaxtda cənab Prezidentin sakinlərə və fəlakət zonasına xüsusi diqqət ayırması onlar tərəfindən rəğbətlə qarşılanıb. Sakinlərlə söhbətində cənab Prezident onlar üçün hər cür şəraitin yaradılacağını və tezliklə daşqının törətdiyi fəlakətlərin aradan qaldırılması üçün mümkün tədbirlər görüləcəyini bildirib. Prezident daşqından əziyyət çəkmiş əhaliyə dəyən ziyanının ödəniləcəyini və kompensasiyaların veriləcəyini də bildirib.
Dünyanın müxtəlif yerlərində baş vermiş və baş verməkdə olan, o cümlədən, qonşu ölkələrdə belə təbii fəlakətlərin baş verməsinə baxmayaraq, Azərbaycanda bu vəziyyətin fərqli olduğu da keçirilən müşavirədə Prezident tərəfindən nəzərə çatdırıldı. "İndiki şəraitdə dünyanın müxtəlif yerlərində bu günlərdə və bu gün də davam edən təbii fəlakətlər müşahidə olunur. "Qonşuluğumuzda, başqa qitələrdə daşqınlar, sel suları, leysan yağışları insanlara böyük problemlər yaradır və ölüm hadisələri çox geniş vüsət alıbdır. Ancaq Allaha şükürlər olsun ki, Azərbaycanda bu sahədə maksimum tədbirlər görüldü, biz insanları qoruya bildik. Onları vaxtında köçürə bildik. Fəlakətə məruz qalmış yerlərdə görülən operativ tədbirlər nəticəsində biz insanların sağlamlığını da maksimum dərəcədə təmin edə bildik" deyə ölkə Prezidenti İlham Əliyev bildirmişdir.
Qeyd edək ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Prezidet Sərəncamı əsasında yaradılan hökumət komissiyasının tərkibində olan bütün dövlət qurumlarının mətbuat xidmətləri ilə əlaqə zamanı "Səs"ə bildirildi ki, daxili işlər və fövqəladə hallar nazirləri əsgərləri təbii fəlakətin aradan qaldırılması sahəsində zəruri olan bütün işləri görürlər. Səhiyyə naziri təxliyyə edilmiş sakinlər üçün yaranmış çadır şəhərciyindəki müvəqqəti məskunlaşmış insanlarla görüşür, kənd təsərrüfatı naziri yüzlərlə hektar əkin sahələri suyun altında qalmış fermerlərlə görüşü zamanı sabah, gələn həftə, o biri ay həyata keçiriləcək tədbirlərin dəymiş ziyanı tamamilə kompensasiya ediləcəyi barədə fikirlərini bildiribdir. Qeyd ediblər ki, dövlət və xalq bir olub təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına nail olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin qəzetimizə verdiyi məlumatına görə, dünən 8.00-dan bu gün 8.00-a qədər Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyəsi 418 sm, su sərfi 750 m3/s təşkil edib, səviyyə 14 sm azalıb. Yevlaxda səviyyə 395 sm, su sərfi 745 m3/s təşkil edib, səviyyə 18 sm artıb. Zərdabda səviyyə 768 sm, su sərfi 893 m3/s təşkil edib, səviyyə 2 sm azalıb. Surrada səviyyə 953 sm, su sərfi 1987 m3/s təşkil edib, səviyyə 3 sm artıb. Şirvanda səviyyə 847 sm təşkil edib, səviyyə dəyişməyib. Salyanda səviyyə 825 sm, su sərfi 1680 m3/s təşkil edib, səviyyə 6 sm azalıb. Bankədə səviyyə 493 sm təşkil edib, səviyyə 4 sm azalıb. Araz çayının Novruzlu məntəqəsində səviyyəsi 731 sm, su sərfi 796 m3/s təşkil edib, səviyyə 3 sm artıb. Qanıx çayının Əyriçay məntəqəsində səviyyəsi isə 760 sm, su sərfi 290 m3/s təşkil edib, səviyyə 7 sm azalıb.
Verilən məlumatda, həmçinin, bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Sabirabad rayonunda İsrail istehsalı olan modul tipli sutəmizləyici qurğu istifadəyə verilibdir. Kür çayının daşması ilə əlaqədar Sabirabad rayonunun əhalisinin içməli su təminatında yaranmış problemlərin aradan qaldırılması və əhalinin alternativ mənbədən təmiz içməli su ilə təmin edilməsi məqsədilə quraşdırılmış qurğunun sutka ərzində təmizləmə gücü 60 tondur. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Sabirabad rayonunun mərkəzində quraşdırılmış modul tipli sutəmizləyici qurğuya baxış keçiribdir. H.Bağırov sutəmizləyici qurğunun fasiləsiz olaraq fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, dünya səhiyyə təşkilatının standartlarına cavab verən içməli su çənlərə yığılaraq rayon əhalisi tərəfindən istifadə olunur və eyni zamanda, uşaq bağçalarına, məktəblərə, düşərgələrə maşınlarla daşınır. Yaxın bir-iki gündə içməli suya tələbatın daha çox olduğu müəyyən edilərsə, ETSN tərəfindən əlavə qurğular quraşdırılacaq və təmizlənən suyun həcmi sutkada 500 tona çatdırılacaqdır.
Sabirabad rayon icra hakimiyyətinin məsul işçisi İlham Əsgərovun "Səs"ə verdiyi məlumatına görə, rayon əhalisi Hökumət Komissiyasının yaradılması və komissiyanın ilk iclasının Şirvanda keçirilməsi bölgə əhalisinin narahatlığını bir daha azaltmışdır. Sabirabaddan redaksiyamıza zəng edən Həsən İbrahimov adlı rayon sakini bildirdi ki, 1991-93-cü illərdə nazirlər dövlətə bu şəkildə sədaqətlə xidmət etsəydilər və ya dövlət başçısının bu şəkildə qətiyyəti olsaydı, indi bizim üçün Minsk Qrupu da lazım olmazdı, torpaqların işğal edilməsi üçün aparılan danışıqlar da. Elə işğalçılar da daşqın kimi qəfildən, heç nəyə, heç kəsə rəhm etmədən gəlirdilər. O vaxt belə söz birliyi olsaydı, torpaqlarımız işğal edilməzdi.
Sabirabad rayon icra hakimiyyətinin məsul işçisi İlham Əsgərov bütün müvafiq qurumların öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirlər, onların fəaliyyəti əhali tərəfindən yüksək qiymətləndirilir. Daşqından zərər çəkmiş insanlar tam əmindirlər ki, ölkə Prezidentinin diqqət və qayğısı ilə təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra dəymiş ziyan hesablanacaq, insanlara köməklik göstəriləcək, onlara yeni evlər tikiləcək.
Sabirabad rayon Fövqəladə Hallar Komisiyasından "Səs"ə verilən məlumata görə, bu günədək rayonun daşqına məruz qalmış, yaxud daşqın təhlükəsi ilə üzləşmiş 21 kəndindən 14 minə yaxın əhali köçürülmüşdür. Əhalinin bir hissəsi Şirvan şəhəri və Sabirabad rayonundakı çadır şəhərciklərində, bir qismi qonşu rayonlarda, həmçinin, qohumlarının evlərində yerləşdirilmişdir. Təbii fəlakət baş verən gündən bəri fəlakət zonasındakı kəndlərin su basmamış evlərinə 6 mindən artıq əhali köçürülmüşdür. Əhalinin təminatı məsələlərinin həyata keçirilməsi diqqət mərkəzindədir. Lakin Sabirabad rayonunda vəziyyət yenə də gərgin olaraq qalmaqdadır. Kür çayı son yüz ilin ən çox gur sululuq dövrünü yaşayır. Çaydan hər saniyədə indi 2 min 500 kubmetrdən yuxarı su ötürülür. Bu, çayda ən yüksək daşqınların qeydə alındığı 2003-cü ilin səviyyəsindən 500 kubmetr çoxdur.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin sözlərinə görə isə, daşqın zonasında işləyən qərargahın əsas vəzifəsi məcrasından çıxmış daşqın suyunun idarə olunmasını təşkil etməkdir. Daşqın indi yaşayış yerlərindən nisbətən uzaq məcraya yönəldilir. Bakı-Astara dəmiryol xəttinin Osmanlı stansiyası yaxınlığından 4 iri tunel açılmış, daşqın suyu 20 min hektara yaxın boş sahələrə axıdılır. Məqsəd çayda suyun səviyyəsinin aşağı düşməsinə nail olmaqdır.
Qeyd edək ki, mayın 20-də Salyan və Neftçala rayonlarında Kür çayında suyun səviyyəsi 8-10 santimetrə qədər aşağı düşmüşdür. Buna səbəb Azadkənd kəndi istiqamətində daşqın suyunun boş sahələrə axıdılması olmuşdur.
Hacıqabul rayonu Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanovdan aldığımız məlumata görə, 23 may 2010-cu il tarixində saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlamışdır. Operativ olaraq hadisə yerinə cəlb edilmiş FHN-nin canlı qüvvə və texnikası dağılmış bəndin bərpası və bərkidilməsi işlərinə başlamışdır. Çevik müdaxilə nəticəsində sel sularının əhatəsində təhlükədə qalmış 4 kənd sakini FHN-nin iki vertolyotu vasitəsi ilə xilas edilmişdir. Eyni zamanda, FHN-nin Mülki Müdafiə qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının köməkliyi ilə kənd əhalisinin qadınlar, uşaqlar, qocalar olan hissəsi təxliyyə edilmişdir. İlkin olaraq, təqribən, 70-ə qədər ev qismən daşqın sularının əhatəsində qalmışdır. Hazırda bəndin bərpa və bərkitmə işləri davam etdirilir.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri, icra hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov məlumat verdi ki, bəndbərkitmə işlərinə 95 özüboşaldan maşın, 10 buldozer, 8 iri və 4 kiçik həcmli ekskavator, 1200 nəfər işçi, 1700 nəfərə yaxın kənd əhalisi cəlb olunmuşdur. Həyətlərdən suyun çəkilməsi üçün 25 su nasosundan istifadə olunur. Hazırda ərazidə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin 1 ekskavatoru, 3 buldozeri və 7 özüboşaldan maşını işləyir. Bundan əlavə, "Azərenerji" ASC bəndbərkitmə işlərinə 13 özüboşaldan maşın, 2 kiçik həcmli ekskavator və 10 min kisə ilə köməklik göstərmişdir. Fövqəladə Hallar Nazirliyinin 67 özüboşaldan maşını, 1 böyük və 3 kiçikhəcmli ekskavatoru təbii fəlakətin nəticələrinin aradan qaldırılması və daha böyük itkilərin olmaması üçün ərazidə fasiləsiz olaraq fəaliyyət göstərir. Rayon icra hakimiyyəti də bəndbərkitmə işlərinə 8 özüboşaldan maşın, 5 buldozer, 6 irihəcmli ekskavator cəlb etmişdir. Abdulabad, Kolanı, Talış, Meyniman, Axtaçı-Şirvan, Ağacanlı və Ələtli kəndlərində müvafiq təşkilatların əməkdaşlarının və yerli sakinlərin birgə səyi nəticəsində bəndlərə 35 mindən yuxarı kisə vurulmuşdur. Artıq Hacıqabul rayonunda ciddi narahatlıq üçün əsas olmadığını bildirən S.Aslanov qeyd etdi ki, vəziyyətə dövlət səviyyəsində nəzarət olunur və bütün lazımi tədbirlər görülür.
Dövlət Sosial Müdafiə Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin məlumatına görə, Kür və Araz çaylarının daşmasından zərərçəkmiş rayonlar üzrə - Sabirabad, Şirvan, Zərdab, İmişli, Neftçala, Saatlı, Salyan, Kürdəmir, Hacıqabul əmək pensiyalarının maliyyələşdirilməsini tam başa çatdırıb. E.Babayev onu da bildirdi ki, DSMF tərəfindən baş vermiş təbii fəlakət nəticəsində yaşayış yerini itirmiş ailələrə pensiyaların çatdırılması xüsusi nəzarətə götürülüb. Belə ki, DSMF-in qeyd olunan rayonlar üzrə şöbələri bu istiqamətdə müvafiq işləri həyata keçirmək və prosesi sürətləndirmək üçün tədbirlərin icrasına başlayıblar. Öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülmüş insanlara əmək pensiyalarının təcili çatdırılması üçün posterminallar və digər vasitələrdən istifadə olunur. Eləcə də, pensiyaçılarla daimi təmasda olmaq, onlara mənəvi-psixoloji yardım etmək, müraciətlərini operativ həll etmək məqsədilə yerlərdə xüsusi işçi qruplar təşkil olunub.
Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynovun "Səs"ə verdiyi açıqlamasında bildirilir ki, fəlakət zonalarındakı bütün məcburi köçkünlərə yardım göstərilir: "Təbii fəlakət zonalarındakı bütün məcburi köçkünlərə lazımi köməklik göstərilib. Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov hadisə yerində olub. Qeyd edim ki, daşqınlardan əziyyət çəkən rayonlardan olan məcburi köçkünlər vaxtında köçürülüb və təhlükəsiz rayonlarda yerləşdiriliblər. Azərbaycanın Saatlı və Sabirabad rayonlarından 300-ə yaxın məcburi köçkün başqa yerə köçürülüb, onların hamısı yaxınlıqdakı rayonlarda yaşayan qohumlarının və yaxınlarının yanlarına köçürülüblər".
Təhsil nazirliyini ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, subasma zonasında buraxılış imtahanları təxirə salınıb. Sabirabad, Hacıqabul, Şirvan rayonlarında, habelə, İmişli və Salyanın bir neçə kəndindəki məktəblər yay tətilinə vaxtından iki həftə əvvəl çıxacaq. Nazir subasma zonasındakı məktəblərdə buraxılış imtahanlarının keçirilib-keçirilməyəcəyi ilə də bağlı açıqlama verib. İyunun 11-də həmin bölgədə imtahan keçirmək planlaşdırılıb. Amma hələlik, bu qərar dəyişə də bilər. Yeni qərarımızı yaxın vaxtlarda elan edəcəyik. Verilən məlumata görə, subasma zonasında ziyan çəkmiş məktəblərin və uşaq bağçaların sayı nın hələ müəyyənləşmədiyini deyib. Onun sözlərinə görə, fəlakət bölgəsində vəziyyət qeyri-sabit olduğundan, subasmadan ziyan çəkən təhsil müəssisələrinin sayı hər gün dəyişir.
Səhiyyə nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycanın təbii fəlakətdən ziyan çəkmiş rayonlarının əhalisinə psixoloji yardım göstərilməsi üçün həmin bölgəyə həkim briqadaları göndərilib. Verilən məlumatda, həmçinin, bildirilir ki, bölgəyə göndəriləcək psixoloqlar əhalinin psixoloji vəziyyətini öyrənəcək və onlara müvafiq yardımlar göstərəcəklər. Fəlakət zonasından köçürülmüş sakinlər arasında tibbi xidmət üçün müraciət edənlərə müvafiq yardımlar göstərilir. İndiyədək köçürülən ailələrdə 17 uşaq doğulub və onların hamısı sağlamdır. Bu günə kimi, təbii fəlakət bölgəsində yoluxucu xəstəlik aşkarlanmadığını, ərazidə epidemiya təhlükəsinin olmayıb.
Ümumiyyətlə, görülən tədbirlər, bir daha onu göstərir ki, bütün bu hadisələri qabaqcadan proqnozlaşdırmaq mümkün deyildi. Buna baxmayaraq, dövlət vahid komanda ilə yaranmış təhlükənin və problemin aradan qaldırılmasına nail olur

Digər xəbərlər