PDF Oxu

Sosial

  • 10

Təbii fəlakətin baş verdiyi ərazilərdə tibbi və sanitar qaydalar tam nəzarətdə saxlanılır

Təbii fəlakətin baş verdiyi ərazilərdə tibbi və sanitar qaydalar tam nəzarətdə saxlanılır
Son dövrlər aramsız yağan yağışlar, Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar respublikanın ayrı-ayrı şəhər və rayonlarında yaranmış mürəkkəb vəziyyətlə bağlı olaraq Səhiyyə Nazirliyində xüsusi müşavirə keçirilmişdir.
Təbii fəlakət səbəbindən insanların sağlamlığına vurulan ziyanı minimuma endirmək məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyevin tapşırığına əsasən təxirəsalınmaz Tədbirlər Planı hazırlanmışdır.
Plana əsasən, yerlərdə tələb olunan tibb mütəxəssisləri təbii fəlakətlə üzləşən bütün zonalara cəlb olunmuş, təcili və təxirəsalınmaz yardım maşınlarının və həkimlərin növbətçiliyi gücləndirilmişdir. Bu işə eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də qoşulmuşlar. Təhlükə yarandığı ilk gündən Respublika Klinik Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun hərəsində 2 həkim briqadası yaradılaraq, öncə Sabirabad, Şirvan, Zərdab rayonlarına göndərilmişdir. Terapevt, mama-ginekoloq, kardioloq, nevropatoloq və pediatrlardan ibarət həkim briqadaları təşkil olunmuşdur. Hazırda Sabirabadda yaradılmış çadır şəhərciyində 1 həkim məntəqəsi, 3 səyyar briqada çalışır. Sabirabadın Boranlı kəndindəki şəhərcikdə isə 1 həkim məntəqəsi yaradılmışdır. Şirvan şəhərindəki çadır şəhərciyində 2 həkim məntəqəsi, 2 səyyar briqada, Hacıqabulda 1 səyyar briqada fəaliyyət göstərir. Zərdab rayonundakı çadır şəhərciyində 1 həkim məntəqəsi, 4 səyyar briqada, Saatlıda 3, Salyanda 4, İmişlidə 1, Kürdəmirdə isə 5 səyyar briqada yaradılmışdır.
Həkim məntəqələri və briqadalar kifayət qədər dərman preparatları, tibbi ləvazimatlar və köməkçi materiallarla, ilan zəhərlənməsi əleyhinə zərdablarla da təmin edilmişdir. Ehtiyacı olan xəstələrə qlükometrlər paylanmışdır. Daşqınlar və sel nəticəsində ümumilikdə 14 kənd, 20 minə qədər insan, təxminən 4300-dən artıq ailə zərər çəkmişdir. Onların hər biri çadır şəhərciklərində, peşə məktəblərində, orta məktəblərdə və s. məskunlaşmışlar. Çadır şəhərciklərində olan insanlara lazımi tibbi yardımla yanaşı, Səhiyyə Nazirliyi tərəfindən kişi, qadın, uşaq geyimləri, yataq dəstləri və s. verilmişdir. Həkimlərə müraciətlər ürək ağrısı, qan təzyiqi və şəkər problemi ilə əlaqədar çoxluq təşkil edir.
Sel və daşqından zərər çəkənlərin məskunlaşdığı yerlərdə infeksion xəstəliklərin yaranmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri də gün ərzində bir necə dəfə aparılır. Fövqəladə vəziyyətlə əlaqədar təcili tibbi yardım maşınları, eləcədə təhlükə zonasına yaxın rayonların tibb işçiləri də səfərbər olunmuşdur.
Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar tam nəzarətdə saxlanılır və bu qayda təhlükə aradan qalxanadək davam edəcəkdir.

Digər xəbərlər